Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:05

484 milyard dollarlıq yardım paketi… Çexiya qadağaları qaldırır


Cənubi Karolinada çimərlik, 21 aprel, 2020-ci il
Cənubi Karolinada çimərlik, 21 aprel, 2020-ci il

Aprelin 23-də ABŞ-ın Nümayəndələr Palatası 484 milyard dollarlıq koronavirus yardım paketini qəbul edib. İndi paketi Prezident Donald Trump-ın imzalaması qalır.

Bundan qabaq layihəni Senat təsdiqləmişdi. Prezident paketi tezliklə imzalayacağını vəd edib.

Məqsəd kiçik bizneslərdə çalışanların maaşlarının, kirayə haqlarının və digər xərclərin ödənməsidir.

Layihədə əlavə olaraq 320 milyard dollarlıq bağışlanan borc isə evdə qalmağa məcbur işçilərin maaşlarının ödənməsi üçündür. Koronavirus pandemiyasından indiyədək 48 minədək amerikalı vəfat edib. Dünyanın ən böyük iqtisadiyyatı dayanıb.

Paketdə 75 milyard dollar xəstəxanalar, 25 milyard dollar virus testləri, 60 milyard dollar kredit və subsidiyalar üçün nəzərdə tutulub.

Bu artıq ABŞ-da səhiyyə böhranının fəsadlarını aradan qaldırmaq, iqtisadiyyatı dirçəltməyi hədəfləyən dördüncü addımdır. 2 trilyon dollarlıq layihə martın sonunda qəbul olunub.

Hökumətin aprelin 23-də bildirməsinə görə, daha 4,4 milyon nəfər işsizlik müavinəti üçün müraciət edib. Bununla da son beş həftədə itirilən iş yerlərinin sayı 26 milyona çatıb.

Bu müddət ərzində hər altı amerikalıdan biri işini itirib. Ölkə iqtisadiyyatı 1930-cu illərin Böyük Depressiyasından bəri ən pis böhrana yuvarlanıb.

Səyahətə qadağa qalxır, ancaq...

Çexiya hökuməti isə koronavirus qadağalarını yüngülləşdirməyə başlayıb. Artıq epidemiyanın nəzarətə alınmasının əlamətləri görünür və ölkə iqtisadiyyatına təzyiqi azaltmaq lazımdır.

Səhiyyə naziri Adam Vojtech aprelin 23-də deyib ki, bu gündən hökumət vacib sayılmayan hərəkət və səyahətə qadağanı qaldırır.

Amma xaricə səfərdən qayıdanlar yeni qadağalarla üzləşəcəklər, ya test neqativ çıxmalıdır, ya da iki həftəlik özünütəcrid nəzərdə tutulur.

“Xaricə tətilə getmək mümkündür. Amma qayıdanda COVID testi mənfi çıxmalıdır, ya da iki həftəlik karantin olacaq”, – Vojtech deyib.

Hər gün AB sərhədlərini keçərək işə gedənlər isə hər 14 gündən bir COVID-19 testindən keçməlidirlər.

Daxili İşlər Nazirliyinin bildirməsinə görə, Avropa Birliyindən universitet tələbələri və biznes səyahətçiləri də müəyyən şərtlərlə ölkəyə buraxılacaq.

Hökumət martın ortasından qüvvədə olan koronavirus qadağalarnın qaldırılmasını sürətləndirmyi planlaşdırdığını açıqlayıb. Amma ictimai yerlərdə maska taxmaq məcburi olacaq.

Aprelin 24-dən 10 nəfərdən çox adam bir yeyə yığışa bilər, indiyədək 2 nəfər idi. Aprelin 27-dən universitetlərin yenidən açılması gözlənir.

Mayın 11-də restoran və barlar müştərilərə bayırda xidmət göstərə biləcəklər. Bina daxilində xidmətin mayın 25-dən açılacağı gözlənir, əvvəl elan olunandan iki həftə qabaq.

Aprelin 27-dən sahəsi 2 min 500 kvadrat metrədək olan mağazaların, fitnes mərkəzləri, zoopark və kitabxanaların da yenidən açılması gözlənir. Böyük ticarət mərkəzi və gözəllik salonları isə mayın 11-dən açılmalıdır.

İndiyədək ölkədə 7 min 138 yoluxma qeydə alınıb, onlardan 4 min 776 hal aktiv sayılır. 210 nəfər vəfat edib.

Səhiyyə Nazirliyinin təhlili virusun yayılma sürətinin 0,7 olmasını üzə çıxarandan sonra hökumət karantini yüngülləşdirməyə qərar verib. Bu, hər yeni yoluxmanın 0,7 nəfərə keçməsi deməkdir. Bir nəfərdən az yoluxma virusun yayılmasının azaldığını göstərir.

Hökumət onu da deyir ki, infeksiya səviyyəsi artsa, qadağalar bərpa oluna bilər.

XS
SM
MD
LG