Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:55

Atabank və Amrah Bank ləğv edilib


Azərbaycan Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı

Azərbaycanda iki bank ləğv edilir. Bu gün, aprelin 28-də Azərbaycan Mərkəzi Bankı (AMB) inzibatçı təyin etdiyi 4 bankla bağlı açıqlama yayıb.

MB-ın İdarə Heyəti hələ dünən, aprelin 27-də Atabank ASC, AGBank ASC, NBCBank ASC və Amrah Bank ASC-yə müvəqqəti inzibatçılar təyin etmişdi. Onların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

Mərkəzi Bankın İdarə Heyətinin bu gün, aprelin 28-də verdiyi qərara əsasən isə həmin banklardan ikisinin - Atabank ASC-nin və Amrah Bank ASC-nin lisenziyaları ləğv edilib.

“Qeyd olunan bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlamışd, xüsusən Atabank ASC uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmirdi” - MB qeyd edib.

MB vurğulayıb ki, 2019-cu il noyabrın 28-də Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildikdən və qanunvericiliklə müəyyən edilmiş aidiyyəti səlahiyyətlər təhvil alındıqdan sonra hər iki bankda yoxlama aparılıb:

“Məlum olmuşdur ki, onlar ciddi maliyyə itkilərinə yol verib, öz kapitallarını tam itirib və müflis vəziyyətinə düşüblər. Bankların səhmdarları ilə müzakirələrdə onlar yoxlamaların nəticələri barədə məlumatlandırılıb və onlara bankları əlavə kapitallaşdırmaq təklif olunub”.

MB-ın bildirməsinə görə, lakin onlar bu imkandan istifadə etməyiblər.

“Qeyd olunan iki problemli bankın sektorun aktivlərində xüsusi çəkisi 2,1 faiz, kredit portfelində isə 3 faiz təşkil edir”.

MB: “Hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub”.

Əmanətlər qaytarılacaq

MB qərarını məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdardan az olması, habelə cari fəaliyyətin etibarlı və prudensial qaydada həyata keçirilməməsi ilə izah edib:

“... və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. Bildiririk ki, Atabank ASC və Amrah Bank ASC Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən tam ödəniləcək”.

MB qeyd edib ki, Fondun vəsaiti çatmasa mövcud qanunvericiliyə uyğun olaraq kredit ayrılacaq:

“Bu kredit Fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcək. Əmanətlərin ödənilməsi mövcud prosedurlara uyğun şəffaf şəkildə təşkil olunacaq və əmanətçilər dövri olaraq məlumatlandırılacaq.”

Açıqlamada deyilir ki, Atabank ASC-nin və Amrah Bank ASC-nin digər öhdəliklərini ləğvedici qanunvericiliyə uygun qaydada tənzimləyəcək:

“Müvəqqəti inzibatçı təyin edilmiş digər iki bank - AGBank ASC-də və NBCBank ASC-də qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilir. Mərkəzi Bank bildirir ki, bank sisteminin sağlamlaşdırılması, problemli bankların sistemdən uzaqlaşdırılması nəticəsində əhalinin öz əmanətlərindən istifadə hüquqlarının bərpa edilməsi atılan digər addımlarla birgə bank sektoruna inamın daha da artırılmasına şərait yaradacaq”.

Amma Mərkəzi Bank bu banklara nə qədər əmanət olduğunu açıqlamayıb. Müstəqil mənbələrdən verilən məlumata görə isə, həmin 4 bankda 812,5 milyon manat əmanət qalıb.

AMB-dan yayılan bu açıqlamaya, hələlik, sözü gedən banklardan münasibət almaq mümkün olmayıb.

Lisenziyası ləğv edilən hər iki bank 1993-cü ildə yaradılıb.

Xatırlatma

2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib (Dünyada neftin qiyməti kəskin ucuzlaşandan sonra). Bunun nəticəsində manat dollar qarşısında iki dəfə dəyər itirib. Nəticədə 10-dan çox bank bağlanıb. Bu onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib. Həmin banklarda qorunan əmanətlərin qaytarıldığı açıqlanıb.

Bu ilin əvvəlindən də dünyada neft təxminən 3 dəfə ucuzlaşıb. Azərbaycanın ixracının təqribən 90 faizi neft və qazın payına düşür.

Hazırda Azərbaycanda 28 bank mövcuddur.

XS
SM
MD
LG