Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:27

COVID-19-un kişilər və qadınlar üçün fərqi


Kişilər və qadınlar arasında bu virusa yoluxanların ölüm sayları kəskin fərqlənir.
Kişilər və qadınlar arasında bu virusa yoluxanların ölüm sayları kəskin fərqlənir.

COVID 19-a yoluxanlar arasında avtobus sürücüləri də var, baş nazirlər də. Bu xəstəlik insanlar arasında fərq qoymur. Son nəticədə virus, olsa-olsa, zülalla əhatələnmiş RNT molekulundan ibarətdir və genetik materialdan başqa bir şey deyil.

Ancaq buna baxmayaraq, o, fərqli zümrələrdən olan insanlara fərqli təsir göstərir. COVID-19-un kişilərə və qadınlara təsiri fərqlidir və bu, təkcə bizim xəstəliyi ağır, yaxud yüngül keçirməyimizlə bağlı deyil. Söhbət həm də uzunmüddətli perspektivdə insanların sağlamlığı və iqtisadi imkanlarından gedir.

İmmunitet və davranış fərqləri

BBC yazır ki, kişilər və qadınlar arasında bu virusa yoluxanların ölüm sayları kəskin fərqlənir. Məsələn, ABŞ-da koronavirusdan ölən kişilərin sayı qadınlardan iki dəfə çoxdur. Qərbi Avropada isə bu xəstəlikdən ölənlərin 69%-i kişilərdir. Çin və bir çox başqa ölkələrdə də oxşar göstəricilər qeydə alınıb.

London Universitet Kollecinin alimləri bunun səbəblərini tapmağa çalışırlar.

Bir nəzəriyyəyə görə, qadınların immuniteti bu virusa daha güclü reaksiya verir. Oksford Universitetinin immunologiya professoru Philip Goulder deyir ki, ümumiyyətlə, dişi canlıların immun sisteminin vaksinlərə və infeksiyaya reaksiyası, bir qayda olaraq, daha aqressivdir. Alimlər bunu qismən qadınlarda iki X xromosomun olması ilə əlaqələndirirlər. Kişilərdə isə, bildiyimiz kimi, bir X, bir Y xromosomu var.

Ancaq bu, qadınlarla kişilərin həyat tərzləri arasındakı fərqlə də bağlı ola bilər. "Cinslər arasında əhəmiyyətli davranış fərqləri var. Məsələn, siqaret çəkmək ürək xəstəlikləri, xroniki ağciyər xəstəliklərinin …[yayılma] səviyyəsinə təsir edir. Bunların koronavirus kimi infeksiyaların nəticələrinə nəhəng təsiri var", – Goulder deyir.

Alimin sözlərinə görə, bəzi ölkələrdə siqaret çəkənlərin sayı arasındakı fərq xüsusilə çox nəzərə çarpır. Məsələn, Çində kişilərin 50%-i, qadınlarınsa cəmi 5%-i siqaret çəkir.

İşlərini itirənlər daha çox qadınlardır?

Almaniyanın Manheym Universitetində çalışan iqtisadçı Michèle Tertilt həmkarları ilə birgə mövcud pandemiyanın ABŞ-da kişi və qadın işçilərə təsirini araşdırır. Təcrid rejimi artıq çox sayda iş yerinin itirilməsinə səbəb olub. Bəzi ölkələrin iqtisadiyyatı böhranla üz-üzədir.

Ancaq Tertilt deyir ki, bu böhran tipik böhranlardan fərqlidir. İndiki halda işsizlik zümrələr arasında bərabər paylanmır. Artıq martda ABŞ-da 1.4 milyon insan işsiz qalıb. Bu, 1975-ci ildən bəri müşahidə olunan ən yüksək göstəricidir. Ancaq onun sözlərinə görə, əgər kişilər arasında işsizlik səviyyəsi 0.7% artıbsa, qadınlar arasında bu artım 0.9% olub.

Məsələ burasındadır ki, adi böhranlarda işsizlikdən daha çox kişilər əziyyət çəkirlər. Bu, onların daha çox tikinti və istehsalat kimi sahələrdə çalışması ilə bağlıdır. Qadınlarsa onlardan fərqli olaraq daha çox səhiyyə və təhsil kimi sahələrdə çalışırlar.

Bu dəfə isə insanların işlərini itirməsinə fərqli amillər təsir edir. Bu amillərdən biri insanların "əsas" sahələrdə çalışması ilə əlaqəlidir. Tertilt-in komandası səhiyyə, nəqliyyat, polis, kənd təsərrüfatı, balıqçılıq, meşə təsərrüfatı kimi sahələrdə çalışanları "əsas işçilər" kimi təsnif edir. Bu təsnifata görə, işləyən qadınların 17%-i, kişilərinsə 24%-i kritik iş yerlərində çalışır.

İkinci amil insanların öz işlərini məsafədən görə bilib-bilməməsidir. Tertilt və həmkarları iş yerlərini bu meyara görə də təsnif ediblər. Məsələn, biznes təhlilçisi məsafədən işləyə bilər. Barmeninsə belə bir imkanı yoxdur. Tertilt-in komandası müəyyən edib ki, kişilərin 28%-i məsafədən görülə bilən işlərdə çalışdığı halda, qadınlar arasında bu göstərici 22%-dir.

Bu nəticə alimin özünə də təəccüblü gəlib. Çünki qadınların daha çox hökumət və ofis işlərində - məsafədən görülə bilən işlərdə çalışması gözləniləndir.

Tənha qadınlar

Britaniyanın Fiskal Elmlər İnstitutunun apardığı araşdırma da buna bənzər nəticələr ortaya qoyub. Məlum olub ki, Britaniyada qadınların böhrandan əziyyət çəkən sahələrdə işləmə ehtimalı kişilərdən 30% artıqdır. Bura daha çox satış və otelçilik kimi sahələr daxildir.

BBC daha sonra yazır ki, tənha valideynlər bu vəziyyətdən daha çox əziyyət çəkirlər. Tertilt-in araşdırmasında deyilir ki, ABŞ-da yaşayan 20 milyon tənha valideynin 3/4-ü qadındır. "Bir düşünün – onlar işləyə bilməyəcəklər. Hətta tibb bacısı, yaxud həkim olsalar belə, hətta kritik sahədə çalışsalar belə. Onların uşaqları evdədir və onlar uşaqlarını tək qoyub gedə bilməzlər", - Tertilt deyir.

Tənha valideynlərin işi məsafədən görülə bilsə belə, onların azyaşlı uşaqlarını nəzarətsiz qoyub işləməsi çətin, yaxud qeyri-mümkün ola bilər. Yaranmış qeyri-adi vəziyyətdə onlar dayə tuta, qonşuya, yaxud nənə-babalara kömək üçün müraciət edə də bilməzlər. Belə vəziyyətdə onların iş yerlərini itirməsi ehtimalı çox yüksəkdir. Üstəlik, Britaniya, Almaniya və ABŞ kimi ölkələrdə onlar özləri işdən çıxsalar, işsizlik müavinəti də ala bilməzlər.

Tertilt hesab edir ki, bütün bunlar nəzərə alınmalı, məktəblər açılana qədər bəzi tələblər ləğv edilməlidir.

XS
SM
MD
LG