Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:09

Moskvada yoluxma rəsmi rəqəmlərdən 'üç dəfə çox' ola bilər


Moskvanın meri Sergei Sobyanin
Moskvanın meri Sergei Sobyanin

Rusiyada koronavirusa gündəlik yoluxma halları rekord həddə yüksəlib. Moskva meri Sergei Sobyanin xəbərdarlıq edir ki, təkcə paytaxtda yoluxmalar rəsmi rəqəmdən üç dəfə çox ola bilər.

Mayın 7-nə olan rəsmi məlumata görə, son 24 saat ərzində 11 min 231 yeni yoluxma qeydə alınıb. Bu, indiyədək açıqlanan rekord rəqəmdir. Beləliklə, ümumi yoluxmalar 177 mini keçib, yəni vaxtilə Almaniya və Fransadan da artıq.

Moskva hazırda Rusiyanın episentri sayılır, ölkə üzrə pozitiv çıxan testlərin və ölü sayının yarıdan çoxu onun payına düşür. Sobyanin deyir ki, təhlillər moskvalıların 2-2,5 faizinin koronavirusa yoluxduğunu göstərir. Bu isə şəhərdə 300 minədək yoluxma halının ola biləcəyi deməkdir. Hazırkı rəqəm 93 minə yaxındır.

“Nikbinliyi heç vaxt itirməməliyik. Bu situasiyadan nə vaxt çıxmağımız özümüzdən, intizamımızdan asılıdır. Gələcəklə bağlı proqnoz vermək istəmirəm, amma şəxsi fikrim belədir ki, bu tezliklə qadağalarsız həyata qayıda bilməyəcəyik”, – Sobyanin Rossiya 24 telekanalından deyib. Onun sözlərinə görə, mayın 12-dən Moskvada ictimai nəqliyyatda üz maskaları və əlcəklər məcburi olacaq.

Rəqəmlər

Sobyanin onu da deyib ki, təsdiqlənmiş yoluxmaların sayının artmasının səbəbi testlərin sayının kəskin artmasıdır və vəziyyət nisbətən sabitləşib.

Rusiya ölkə boyunca 4,8 milyondan çox test həyata keçirildiyini bildirir.

Ölkədə ölü sayı isə 1625-ə yüksəlib, ötən gecə 88 nəfərin xəstəlikdən vəfat etdiyi açıqlanıb.

Müqayisə üçün, təxminən eyni sayda təsdiqlənmiş yoluxma halı açıqlanmış Fransada 26 minədək xəstə vəfat etmişdi.

Tənqidçilər Rusiya rəsmilərinin ölü sayını ört-basdır etdiyini deyirlər, hakimiyyət isə ittihamları rədd edir.

Hakim orqanların bildirməsinə görə, pandemiya Rusiyaya dünyanın qalan hissələrindən daha gec çatıb deyə onlar pandemiyaya daha yaxşı hazırlaşa biliblər. Hazırda Rusiya dünyada yoluxmaların sayına görə beşinci yerdədir.

Moskvada artıq altıncı həftədir qadağalar tətbiq olunub, sakinlər evdən yalnız ərzaq və dərman üçün çıxa bilərlər. Onlar ictimai, yaxud özəl nəqliyyatla harasa getməyə rəqəmsal icazə almalıdırlar.

Sobyanin mayın 12-dən sonra paytaxtda bəzi qadağaları qaldırmaq, bəzi sənaye sahələrinə icazə vermək planı hazırlayıb. Prezident Vladimir Putin bu planı dəstəkləyib.

XS
SM
MD
LG