Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:12

Qarabağ filmi: 2016-cı ildə yaymağa çəkinmişdilər... – Qərb mediası


Dağlıq Qarabağda hərbi təlimlər, arxiv fotosu
Dağlıq Qarabağda hərbi təlimlər, arxiv fotosu

Azərbaycan-Ermənistan birgə komandasının istehsalı olan, çoxdan gözlənən sənədli film ictimaiyyətə qismən təqdim olunub. Bu haqda “Eurasianet.org” portalında Joshua Kuchera yazır. Müəllif mövzunun həssaslığı səbəbindən filmin tam versiyasının açıqlanmadığını qeyd edir.

“Çevrənin hissələri: Qarabağ münaqişəsinin tarixi” adlı filmin çəkilişinə 2011-ci ildə başlanıb. Çəkilişə Britaniyadakı “Conciliation Resources” sülhyaratma təşkilatı yardım edib, qalan işləri Azərbaycandan, Ermənistandan və Azərbaycanın hazırda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsindən jurnalistlər, fəallar həyata keçirib.

Film hər biri bir saat olmaqla 3 hissədən ibarətdir. Çəkilişlər 2016-cı ildə tamamlanıb. Amma müəllif yazır ki, o zaman münaqişəylə bağlı səmimi müzakirə getməyəcəyini nəzərə alan prodüserlər onu yaymağı "ağıllı addım" hesab etməyiblər.

Dörd günlük müharibədən sonra...

Həmin ilin aprelində Azərbaycanla Ermənistan arasında müharibə dörd günlüyə qızışmışdı. Rəsmi məlumatlarda 3 gün davam edən döyüşlərdə hər iki tərəfdə onlarla itki olduğu bildirilirdi. Azərbaycanın Müdafiə Nazirliyi döyüşlərdə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsinin işğaldan azad edildiyini bildirirdi.

“Hətta dörd günlük müharibədən öncə belə biz filmin tam formada yayılmasının tərəfdaşlarımızdan bəzilərinə mümkün təsirindən narahat idik”, – “Conciliation Resources” təşkilatının Qafqaz üzrə proqram direktoru Laurence Broers deyib.

“Filmdəki azərbaycanlı müsahiblərdən bəziləri həbs olunmuş, mühakimə olunmuşdular, onlara qarşı sülhyaratma işilə əlaqədar ittihamlar vardı. Dörd günlük müharibə başlananda biz bu məsələlər üzərində düşünürdük. Onda anladıq ki, film tədricən yayılmalıdır, çox səs-küy doğurmamalıdır”, – Broers “Eurasianet”ə deyib.

Film artıq Qafqazda, başqa yerlərdə dəvət olunmuş qonaqlara göstərilib, amma ictimaiyyətə açıqlanmamışdı.

Sonradan prodüserlər daha qısa versiya hazırlayıblar. 76 dəqiqəlik film mayın 12-də Vimeo striminq platformasında yayılıb.

Müəllif yazır ki, bu "çox yaxşı sənədli film" münaqişənin 1980-ci illərin sonlarında necə başlanmasından tutmuş, 2018-ci ildə Ermənistandakı “Məxməri inqilab”ın təsirinə qədər bütöv bir dövrü əhatələyir.

“Filmdə Sumqayıtda ermənilərə qarşı poqromlar və Xocalı şəhərində dinc azərbaycanlıların qırğını kimi çox həssas epizodlara da baş vurulur, bundan çəkinmirlər”, – məqalədə deyilir.

“Ən yaxşı sənədli film”

“Biz müzakirə edir, savaşır, bəzən qışqırırıq, amma sonra kompromis əldə edir, kollektiv qərar çıxarırıq”, – film çəkilişlərinə qatılmış İlham Səfərov deyib.

“Bu, münaqişənin mənşəyi haqda ən yaxşı sənədli filmdir”, – Beynəlxalq Böhran Qrupunun Tbilisidəki təhlilçisi Olesya Vartanyan söyləyib. O ümid edir ki, film geniş miqyasda baxılacaq, gənclər də onu izləyəcəklər. “Filmin onların fikrini kökündən dəyişəcəyindən əmin deyiləm, amma buna ümid etmək istəyirəm”, – o vurğulayıb.

“Bunu çox gözləmişik!”, – Karnegi Avropa fondunun təhlilçisi, münaqişəylə bağlı “Qara bağ” kitabının müəllifi Tom de Waal tvitində yazıb.

“İnnovativ layihə, Qarabağ münaqişəsinə dair birgə Ermənistan-Azərbaycan sənədli filmi axır ki yayıldı. Mütləq baxılası filmidir, onun ərsəyə gəlməsi də özlüyündə bir əhvalatdır”, – təhlilçi qeyd edir.

Müəllif yazır ki, indi regiondan filmə necə reaksiya veriləcəyi maraqlıdır. Broers deyib ki, “icmal filminə reaksiyanı dəyərləndirəndən sonra” filmin hər 3 seriyasını yayacaqlarına ümid edirlər.

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü il mayın 12-də gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG