Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:23

Uyğurların hüquqları üzrə qanun layihəsi qəbul edildi


Uyğurlar
Uyğurlar

ABŞ Nümayəndələr Palatası mayın 27-də Prezident Donald Trump-ı uyğur müsəlman azlığa qarşı repressiyaya görə Çinə sanksiya qoymağa çağıran qanun layihəsini qəbul edib.

Hər iki partiyanın dəstəklədiyi qanun layihəsi ayın əvvəlində Senatda yekdilliklə qəbul olunub. Qanunda uyğur müsəlmanlara qarşı insan haqları pozuntularında əli olan hökumət rəsmilərinə sanksiya nəzərdə tutulur.

“Pekinin uyğur xalqına qarşı barbar hərəkətləri dünyanın kollektiv vicdanına bir təhqirdir”, – Palatanın Spikeri Nancy Pelosi çıxışında deyib.

Digər sanksiyalardan da danışılır

413-1 səs çoxluğuyla qəbul olunan layihə Ağ evə göndərilib, prezident onu ya imzalayacaq, ya da veto qoyacaq. Trump həftənin əvvəlində deyib ki, qanunvericiliyi imzalamağı “çox güclü” şəkildə nəzərdən keçirəcək. Administrasiya həmçinin Çinin Honq Konqda milli təhlükəsizlik qanunu tətbiq etmək planlarına qarşı bir sıra tədbirləri nəzərdən keçirir.

Birləşmiş Ştatlar və insan haqları qrupları Çini bir milyonadək türkdilli uyğuru və Sintzyan (Sincan) vilayətindəki digər azlıqları ekstremizmlə mübarizə adı altında konsentrasiya düşərgələrinə yığmaqda ittiham edirlər.

Pekin isə ittihamları rədd edir, iddia edir ki, uyğurlar könüllü şəkildə yenidən təhsil düşərgələrinə cəlb olunurlar. Çin xəbərdarlıq etmişdi ki, ABŞ-ın uyğurlarla bağlı hər hansı tədbirinə cavab verəcək, bu, daxili məsələdir.

Uyğur İnsan Haqları Siyasəti Aktında Çinin konkret məmurlarına, Sintzyan regionunun Kommunist Partiyası katibi Chen Quanguo-ya qarşı sanksiyalar nəzərdə tutulur.

ABŞ hökumətindən tələb olunur ki, Sintzyanda insan haqları pozuntuları, kütləvi saxlama və izləmə üçün istifadə olunan texnologiyadan istifadə barədə Konqresə hesabat verilsin.

Trump və Konqresin bəzi üzvləri isə Çinin yeni koronavirusun yayılmasında məsuliyyət daşıdığını deyərək Pekinə qarşı tədbir görməyə çağırırlar. Bu virus dünya iqtisadiyyatlarını çökdürüb, 100 mindən artıq amerikalının həyatına son qoyub.

XS
SM
MD
LG