Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:51

Moskvada karantin yumşaldılır, Braziliyada...


Moskva, arxiv fotosu
Moskva, arxiv fotosu

İyunun 1-dən Moskvada ticarət mərkəzləri, parklar və kiçik şirkətlər, eləcə də camaşırxanalar yenidən açılır. Rusiya paytaxtı iki aydı karantin altındaydı.

Dünyada isə koronavirusa yoluxanların sayı 6,1 milyon nəfəri keçir. Braziliyada xəstəlik sürətlə yayılmaqdadır.

Rusiya Prezidenti Vladimir Putin ölkədə epidemiyanın pik həddi keçdiyini bildirib. Rusiyada koronavirusdan 4 min 700-dək insan dünyasını dəyişib, 405 mindən artıq yoluxan var.

Moskvalılardan yumşalmaya etiraz edənlər də var

Yeni qaydalara görə, moskvalılar mağazaya, itləri ilə gəzintiyə, vacib işlər üçün səfərə icazəsi çıxa bilərlər, ancaq mütləq maska taxmalıdırlar.

Restoranlar, kafelər, kinoteatrlar bağlı qalır, iyunun 14-dək kütləvi toplantılara icazə verilməyəcək.

Martdan bəzi karantin şəraitində yaşayan moskvalılar evdən çıxa bilmək imkanını alqışlasalar da, çoxları sosial mediada yeni qaydaları məsxərəyə qoyub. Mayın 31-də ölkədə 9 mindən çox yeni yoluxma açıqlanıb.

Braziliyada 515 minədək yoluxma halı qeydə alınıb. Bu ölkə 1,8 milyona yaxın yoluxma halının qeydə alındığı Birləşmiş Ştatlardan sonra ikinci yerdədir.

211 milyon əhalisi olan bu Cənubi Amerika ölkəsində nisbətən az sayda test aparılır, yəni real rəqəmin daha yüksək olduğu güman edilir. Ölü sayı isə 30 minə yaxınlaşır.

Johns Hopkins Universitetinin hesablamasına görə, ölü sayına görə Birləşmiş Ştatlar, Britaniya və İtaliya öndə gedir.

Braziliyanın bir çox şəhərlərində xəstəxanalar dolub, hakimiyyət futbol stadionlarda xəstəxanalar açır.

ABŞ Braziliyaya yardım göndərir

Mayın 31-də Braziliyanın bir sıra şəhərlərində Prezident Jair Bolsonaro tərəfdarları ilə hökumətə qarşı çıxanlar arasında toqquşmalar baş verib. İfrat sağçı Bolsonaro koronavirus qadağalarına qarşıdır. O tərəfdarları ilə birlikdə paytaxtda yürüşə çıxıb. Kütlə “Mif! Mif! Mif!” qışqıraraq prezidentin pandemiyaya etinasız yanaşmasını dəstəkləyib.

Birləşmiş Ştatlar Braziliyaya min süni nəfəs aparatı, 2 milyon dozalıq hidroksixloroxin göndərib. Prezident Donald Trump və Bolsonaro malyariyaya qarşı bu dərmanın koronavirusa qarşı effektli olduğunu, simptomları azaltdığını deyirlər.

Vaşinqton elan edib ki, dərmanın profilaktik və müalicə məqsədilə istifadəsinin təhlükəsizliyi və səmərəsini dəyərləndirmək üçün Braziliya ilə birgə tədqiqat aparacaq.

Birləşmiş Ştatlar isə mayın 31-də 600-dən az ölüm halı açıqlayıb. Bir çox ölkələrdə qadağalar yüngülləşdirilib. Hava nəqliyyatı və turizm sənayesi daxil olmaqla bir çox biznes sektorlarına ciddi ziyan dəyib, onların normal iş səviyyəsinə qayıtmasına hələ çox var.

Ancaq ABŞ-da sön günlər vüsət almış etirazlar pandemiyanın təsirini ikinci plana keçirib. Minneapolis şəhərində silahsız qaradərilinin ağdərili polisin əlində ölməsi etirazlara səbəb olub. Minlərlə etirazçı küçələrə çıxıb, onların çoxu maska taxsa da, sosial məsafəni gözləməyə xüsusi cəhd göstərməyiblər.

XS
SM
MD
LG