Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:46

Latın Amerikası virusun yeni episentrinə çevrilir


Braziliya prezidentinin tərəfdarı sosial məsafə qaydasına etiraz edir
Braziliya prezidentinin tərəfdarı sosial məsafə qaydasına etiraz edir

Yeni koronavirus Amerikada yayılmaqdadır, Braziliya və Meksika son 24 saat ərzində rekord ölü sayı açıqlayıblar. Region liderləri isə iqtisadiyyatları açmağa çalışırlar.

Birləşmiş Ştatlarda yeni yoluxma və ölü sayında da artım müşahidə olunur. Ölkədə karantin qaydaları yumşaldılır, polis zorakılığı və irqçiliyə qarşı kütləvi etirazlar keçirilir və bütün bunların artımda rolu olduğu düşünülür.

İyunun 4-də Braziliya koronavirusdan ölümlərə görə dünyada üçüncü yerə çıxıb. 210 milyon əhalisi olan ölkədə son 24 saat ərzində 1473 ölüm qeydə alınıb və ümumi rəqəm 34 min 21-ə çatıb.

Meksikada ümumi ölü sayı 12 min 500-ü keçir, ancaq real rəqəmlərin daha yüksək olduğu güman edilir.

Ölüm “hər kəsin taleyinə yazılıb”

Braziliya Prezidenti Jair Bolsonaro pandemiyanın əhəmiyyətini azaltmağa çalışır, ştatlara iqtisadiyyatı yenidən açmaq üçün təsir göstərir, vətəndaşlara deyir ki, ölüm “hər kəsin taleyinə yazılıb”.

Latın Amerikasında milyonlarla insan qeyri-rəsmi sektorda çalışır deyə, bu durum onları virusun iqtisadi fəsadlarına daha çox məruz qoyur.

Yeddi milyon əhalisi olan Rio de Janeyronun meri iyunun 4-dən 10 mindən küçə ticarətçisinə işini bərpa etməyə icazə verib.

“O gün bir uşaq mənə dedi: ailəmin aclıqdansa, koronavirusdan ölməsini üstün tuturam”, – mer Marcelo Crivella jurnalistlərə deyib.

Meksika Prezidenti Andres Manuel Lopez Obrador da əhalini aşırı reaksiya verməməyə çağırıb, “psixoz”la bağlı xəbərdarlıq edib, hökumətin pandemiyaya reaksiyasını dəstəkləyib. Onun sözlərinə görə, ölkədə adambaşına ölüm Birləşmiş Ştatlar, Fransa və İtaliyadan daha azdır. Hakimiyyət iqtisadiyyatın bir sıra sektorlarının tədricən yenidən açılmasına icazə verib.

ABŞ-da vəziyyət

Birləşmiş Ştatlarda isə Nyu York pandemiyanın episentri olaraq qalmaqdadır. Ancaq son günlər ölü sayı 50-yə düşüb, pik həddə 800 idi.

Qubernator Andrew Cuomo iyunun 4-də deyib ki, Nyu York şəhərində kütləvi nümayişlərin yeni yoluxmaları kəskin artıracağından narahatdır.

ABŞ-ın bir sıra ştatlarında nümayişçilər qaradərili George Floyd-un ağdərili polisin əlində ölməsinə etiraz edirlər.

“Etiraza qatılmısınızsa, xahiş edirəm, testdən keçin. Etirazçıların bu məsələdə vətəndaş borcları var. Məsuliyyətli olun, testdən keçin”, – Cuomo söyləyib.

İyunun 4-də Birləşmiş Ştatlarda ümumi ölü sayı 108 min 120 olub. 1,87 milyon nəfərin virusa yoluxduğu təsdiqlənib, 485 min nəfər sağalıb.

Londonda keçirilın virtual qlobal vaksin sammitində isə 8,8 milyard dollarlıq vəsait yığılıb. Bu vəsaitin potensial COVID-19 vaksinlərinə və pandemiyanın dayandırdığı digər immunlaşdırma proqramlarına xərclənməsi gözlənir.

XS
SM
MD
LG