Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:01

'Psixoloji problem postpandemiya dövründə üzə çıxacaq'


E.Rüstəmov
E.Rüstəmov

"Mənə təcili panik atakımı dəf edəcək psixoloq gərəkdir. COVID-19 barədə düşündükcə, panikaya girirəm". Sosial mediada qapalı qruplardan birində karyera, ailə-uşaq sahibi bir xanım yazır bunu və oradakılardan yardım istəyir. Təbii ki, ona dəstək çıxan, məsləhət verənlər də az deyil. Yazılanlardan aydın olur ki, pandemiya dövründə bu cür təlaşa qapılanlar da az deyil.

Psixoloq Elnur Rüstəmov AzadlıqRadiosuna müsahibəsində bu haqda danışır:

- Sizdən öncə görüşdüyüm şəxs də eyni şikayətlə gəlmişdi. Bəsit bir nümunə – qızdırmam varsa, buna görə yediyim taamların dadını duymaya bilərəm. İnsan bilirsə ki, onda təşviş-həyəcan pozuntusu var, yəni, yaxınlarını itirmək təhlükəsi var, onlarla oturanda kövrəlir, narahat olursa, "mən öldüm, bu tifillər kimə qaldı" düşünürsə, bu onun problemindən dolayıdır. Siz sual verirsiniz ki, bu adamlara necə kömək edək? Bu cür yardım diletant yanaşması olacaq. Hər bir insan individualdır, təşviş-həyəcan birdən-birə yaranmır. O qabaq da olub və pandemiya zamanı artıb, dərinləşib. Ona görə problem nədən qaynaqlanır, araşdırılmalıdır, burda genetik faktor, sosial, psixoloji faktor da ola bilər. Bunu mütəxəssis araşdırandan sonra yol xəritəsini hazırlayır. Burdan həmin xanıma nəsə demək lazımdırsa, bilsin ki, bu yaşadığı təşviş-həyəcan pozuntusudur və yaxud buna bənzər narahatlıqdır. Yəni, siz normal adamsınız, sadəcə, bu narahatlığa görə gərginsiz. Düşüncəmizlə reallıq arasında uyğunsuzluq var. Bəzən düşüncəmizdə nələrisə dramatikləşdiririk, ancaq real həyatda görürük ki, hər şey normaldır, burda faciə yoxdur.

- Amma dünyada bu gün baş verənləri diqqətlə izləyəndə bəzən təlaşa, təşvişə düşməmək çətindir, qorxmamaq, narahat olmamaq əldə deyil...

- Mən sizinlə tamamilə razıyam. Mən psixoloqam, o demək deyil ki, təşviş-həyəcandan, psixoloji problemlərdən sığortalanmışam. Söhbət ondan gedir ki, bəlkə də biz psixi sağlamlığımızın qeydinə fiziki sağlamlığımızın qeydinə qaldığımızdan daha çox qalmalıyıq. Psixi sağlamlıq fiziki sağlamlığın davamlı olmasına rəvac verir. Bu gün xəstəliklərin böyük bir qisminin kökündə stress faktoru dayanır. Stressi həyatımızdan ata bilmərik ki. Biz stressin idarə edilməsi haqda düşünməliyik. Biz stressimizi nə qədər idarə edə biləriksə, bir o qədər özümüzü sığortalayırıq. Bu, artıq fərdi yanaşma tələb edir. Məndə də, sizdə də mobil telefon var. Ondan necə istifadə etmək mənə, sizə qalır. Burda nə qadağa, nə də qəbahət var. Psixoloji maarifləndirmə işi aparılsa, dayanıqlılıq formalaşar, psixoloji immunitet formalaşar.

- Elnur bəy, pandemiya dövründə xəstəliyi ciddiyə almayanlarla yanaşı, yoluxmaqdan, yaxınlarını itirməkdən qorxan, depressiyaya, stressə düşən insanlar da var. Balans necə yaradılmalıdır?

- Burda risk qrupunda olan insanlar var ki, onlar pandemiyadan öncə də təşviş, həyəcan pozuntusu, panik-atak və digər nevroz qrupuna daxil problemlərdən əziyyət çəkirdilər. O insanlar bu həssas qrupa daxildirlər. Pandemiya dövründə onlardakı narahatlıq daha da arta bilər. Tutaq ki, təmizlik obsessiyası olanların pandemiya dövründə narahatlıqları daha da arta bilər. Biz insanlarla iş prosesində bu cür halların müşahidə edildiyinə şahid oluruq. Bu situasiyada əsas tövsiyə nədən ibarətdir. Bu, təşviş, həyəcandırsa, birincisi, onun kökünə diqqət etmək lazımdır. Daha çox pozitiv nöqtələrə toxunmalıyıq, daha çox həyəcanın idarə edilməsi istiqamətində addımlar atmalıyıq. Bu dönəmdə müxtəlif dezinformasiyalar, bir-birini təkzib edən xəbərlər, yoluxmalar həmin insanlarda əlavə stress yarada bilər. Ona görə də prosesi düzəlmə istiqamətinə yönəltsələr, qismən də olsa, bunu yenə bilərlər.


Eyni zamanda, bu insanların onlayn psixoloji dəstək almaları mümkündür. Həm Təhsil Nazirliyinin, həm Fövqəladə Hallar Nazirliyinin, həm də TƏBİB-in nəzdində psixoloji dəstək verən qaynar xətlər var. Risk qrupunda olan belə insanlar bizi narahat edir. Nəzərə alın ki, onlar evdə olduqları müddətdə də, evdəki atmosferə, ailədə insanlarla münasibətə də təsir göstərirlər. Bu da prosesin genişlənməsinə səbəb olur.

- Deməli, bu cür risk qrupuna daxil olan insanlar ətraf üçün təhlükəlidirlər?

- Təhlükəli tərəfi nədir: Psixoloji narahatlıq varsa, burda ölüm olmur, ancaq insanın həyat keyfiyyəti aşağı düşür. Bu cür insanların başqalarıyla münasibətində problemlər yaşanır. Deyək ki, biri təmizlik obsessiyasından əziyyət çəkir, burdan da pandemiya çıxdı. Kimsə evə qayıdanda çöl ayaqqabısı ilə evə girə bilməz, qapıdan girən kimi əlini yumalıdır və s. Mən başa düşürəm, bu, çox yaxşı şeydir, gigiyenanı qorumaq lazımdır. Ancaq ifrat olanda ailədaxili münasibətlər pozulur, axı. Deyək ki, adam marketə düşüb, ya da işə gedib və ona zəng çatmır. Həyəcan pozuntusu olan insan bunu faciəyə çevirir. Söhbət bu cür psixoloji problemlərdən dolayı yaranan fərdlərarası münasibətlərin pozulmasından gedir. Yəni, psixoloji problemlərə görə insanın vəfat etməsi çox az rastlanır, sıfır dərəcəsindədir. Sadəcə, həmin insanın həyat keyfiyyəti aşağı düşür, ətrafla münasibət pozulur, ən sonda evə, sonra otağa qapanır, bu da depressiyaya çevrilir, pessimist düşüncələr yaranır. Biz ondan dolayı yaranan digər kənar problemlərə görə narahatıq. Sabah bu, orqanik problemlər də yarada bilər. Buna "psixosomatik xəstəlik" deyilir. Yəni, həmin stress və gərginlikdən xəstəlik yarana bilər.

- Psixosomatik xəstəlik nə deməkdir, bir az izah edərdinizmi?

- "Psixo" bəllidir, "somo" bədəndir, yəni, psixoloji narahatlıqdan dolayı xəstəlik yaranır, məsələn, ürək-damar sistemində xəstəlik yarana bilər, mədə-bağırsaqda və s. Buna psixosomatik narahatlıq deyilir. Mən çox istərdim, indiki dönəmdə sırf psixoloji, sosial-psixoloji maariflənmə istiqamətində geniş təbliğat, açıq seans aparılsın. Tutaq ki, mütəxəssis təşviş-həyəcan haqda danışsın. İnsan da baxacaq ki, bundakı təşviş-həyəcandır, "bu məndə yaranan adi bir şeydir" düşünəcək. Bununla onlara müəyyən kömək edə bilərik.

- Müşahidələriniz nə deyir? Pandemiya dövründə bu cür panik-atak keçirən, təşvişə, həyəcana düşənlər çoxdurmu?

- Açığı, "çoxdur" demək, hələlik, tezdir. Adətən, belə situasiyalarda psixoloji problemlər yatmış vəziyyətdə olur. Problem postpandemiya dövründə üzə çıxacaq. Fikir verin, iki həftəlik karantindir. Həmin müddətdə intiharlar azalır, ailədaxili zorakılıq aşağı düşür. Biz konkret olaraq koronavirusla mübarizəyə köklənmişik. Ona görə belə hallarda başqa məsələlər arxa plana keçir. Bu gün psixoloji problem var, ancaq artan sürətlə getmir. Bu, postpandemiya dövründə ortaya çıxacaq. İki aylıq karantin götürüldü və ailədaxili zorakılıqlar artdı, intihara cəhdlər oldu. Amma o iki ayda bu şeyləri müşahidə etmədik.

- Bəlkə vardı, toplum xəbərsizdi, yəni, karantin dövründə bu məlumatlar yayılmırdı?

- Statistika aparılırdı. Pandemiya müharibədir. Müharibə şəraitində belə hallar azalır. Biz postpandemiya dövründəki narahatlıqlara görə qabaqlayıcı tədbir görməliyik. Bu gün psixoloji problemlər var, ancaq pik nöqtəyə postpandemiya zamanı çatacaq. Buna görə də psixoloji maariflənmə işi heç zaman dayandırılmamalıdır. Psixi maarifləndirmə və psixoprofilaktika nə qədər geniş aparılsa, bir o qədər həm psixoloji diaqnostikaya, həm də psixoloji konsultasiyaya ehtiyac az olur. Çünki bunlar nəticədir. Ona görə maarifləndirmə və profilaktika işləri aparılmalıdır.

XS
SM
MD
LG