Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:26

Koronavirusla bağlı dezinformasiya sosial mediaya necə təsir göstərir


İllüstrativ foto
İllüstrativ foto

Çin və Rusiyanın dövlət media qurumlarının Fransa, İspaniya və Almaniyada koronavirusla bağlı yaydığı dezinformasiya sosial mediaya daha çox təsir göstərir, nəinki həmin ölkələrin böyük media orqanlarının qlobal pandemiyanı işıqlandırması. Bunu Oksford İnternet İnstitutunun (Oİİ) araşdırması üzə çıxarıb.

Faktı saxta informasiyayla “qarışdırırlar”

İyunun 29-da açıqlanmış araşdırmaya görə, Rusiyanın RT beynəlxalq xəbər şəbəkəsinin Twitter və Facebook şəbəkələrində fransızca paylaşdığı hər bir məqalə Fransanın “Le Monde” qəzetindən beş dəfə çox izləyici cəlb edib.

Çin Beynəlxalq Radiosunun (ÇBR) paylaşdığı hər bir məqalə isə İspaniyanın aparıcı “El PAis” qəzetindən dörd dəfə çox oxunub.

“Dövlətin dəstəklədiyi bu media orqanlarının çoxu koronavirusla bağlı etibarlı, fakta söykənən məlumatı yanıldıcı, yaxud saxta informasiya ilə qarışdırır ki, bu da Covid-19 pandemiyasını anlamağa çalışan izləyicilərdə daha böyük qeyri-müəyyənlik yaradır”, – Oİİ-nin araşdırmalar üzrə assistenti Katarina Rebello deyib.

Araşdırmanın həmmüəllifi, Oİİ-nin direktoru Philip Howard-ın sözlərinə görə, Rusiya və Çinlə yanaşı İran və Türkiyədən dövlətin dəstəklədiyi media da “dünyadakı fransız, alman və ispan dilli sosial media istifadəçilərini koronavirus xəbərləri ilə hədəfə alır”.

Dil və ölkəyə görə dəyişən dezinformasiya

Oİİ tədqiqatçıları dezinformasiyanın dil və mənbə ölkəyə görə dəyişdiyini aşkarlayıb.

Məsələn, Rusiyanın media orqanları fransız və almanca koronavirusdan yazarkən “mütəmadi olaraq Avropada demokratik qurumlarının zəifliyini və vətəndaş itaətsizliyini önə çəkiblər”.

Rusiya və İranda mediası Birləşmiş Ştatlarda və Latın Amerikasında ispandilli sosial media istifadəçiləri üçün “qütbləşdirici kontent” hazırlayıblar.

Çin və Türkiyə media orqanları ispandilli kontentdə öz ölkələrinin “pandemiya ilə mübarizədə qlobal liderliyi ”ndən dəm vurublar.

Oİİ araşdırma zamanı Rusiyanın RT televiziyası və Sputnik xəbər agentliyi, Çinin Qlobal Televiziya Şəbəkəsi, Çin Beynəlxalq Radiosu, Xinhua Xəbər Agentliyinin materiallarından, eləcə də İran və Türkiyə media orqanlarının hazırladığı kontentdən istifadə edib.

Oİİ-nin bundan əvvəlki araşdırması üzə çıxarmışdı ki, Rusiya, Çin, İran və Türkiyədən bəzi dövlət media orqanlarının siyasiləşdirilmiş xəbərləri BBC kimi xəbər təşkilatından 10 dəfə artıq təsirə malik ola bilər.

XS
SM
MD
LG