Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:48

Khashoggi-nin qətlində şübhəlilər qiyabi mühakimə olunacaq


İstanbuldakı konsulluq qarşısında Jamal Khashoggi-nin portreti
İstanbuldakı konsulluq qarşısında Jamal Khashoggi-nin portreti

İyulun 3-də Türkiyə məhkəməsində səudiyyəli jurnalist Jamal Khashoggi-nin qətlilə əlaqədar Səudiyyə Ərəbistanının 20 rəsmisinin mühakiməsi başlanır.

Səudiyyə hökumətinin tanınmış tənqidçisi, “Washington Post” qəzetinin yazarı olan Khashoggi 2018-ci ilin oktyabrında Səudiyyənin İstanbuldakı konsulluğunda qətlə yetirilib.

Jurnalist krallığın de-fakto rəhbəri Vəliəhd Şahzadə Mohammed bin Salman-ı getdikcə daha çox tənqid edirdi.

Səudiyyə rəsmilərinin sözlərinə görə, o, “gizli əməliyyat” nəticəsində öldürülüb, dövlətin ondan xəbəri olmayıb.

İttihamnamə

İstanbul prokurorlarının ittihamnaməsində Səudiyyə Ərəbistanının ümumi kəşfiyyatının keçmiş rəis müavini Ahmed al-Asiri və kral məhkəməsinin keçmiş müşaviri Saud al-Qahtani “əvvəlcədən düşünülmüş qətli bədniyyətlə qızışdırmaqda” ittiham olunur.

İttihamnamədə digər 18 təqsirləndirilənin Khashoggi-ni boğaraq öldürdüyü bildirilir. Təqsirləndirilənlər qiyabi mühakimə olunacaqlar.

Khashoggi konsulluğa toyqabağı sənədlərini düzəltmək üçün gedib. Türkiyə rəsmiləri onun bədəninin üzvlərə parçalanaraq binadan çıxarıldığını bildirir. Jurnalistin cəsədi aşkarlanmayıb.

“Ümid edirəm, Türkiyədəki bu cinayət işi Jamal-ın cəsədinin harda olmasına işıq salacaq, qatillərə qarşı dəlil ortaya qoyulacaq”, – onun nişanlısı Hatice Cengiz deyib.

ABŞ kəşfiyyat rəsmilərinin mövqeyində, Khashoggi-nin qətlini vəliəhd şahzadə sifariş edib. Səudiyyə rəsmiləri isə bu iddianı rədd edir.

2019-cu ilin aprelində ABŞ Dövlət Departamenti 16 nəfərin jurnalistin ölümündə rolu olduğunu bildirir, onların və ailələrinin Birləşmiş Ştatlara girişi yasaqlanıb. Qahtani də onlardan biridir.

Dekabrda isə Səudiyyə məhkəməsi Khashoggi-nin öldürülməsi ilə əlaqədar beş nəfəri ölümə, üç nəfəri həbsə məhkum edib. Proses qapalı keçirilib. Jurnalistin ailəsi sonradan qatilləri bağışladığını bildirdi ki, bu da onların rəsmi əfvinə yol açmış oldu.

XS
SM
MD
LG