Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:05

Pandemiya Ukrayna kurortlarının işinə yarayıb – Qərb mediası


Gurzuf kurort kəndi, 4 iyul, 2020-ci il
Gurzuf kurort kəndi, 4 iyul, 2020-ci il

Avropa Birliyindəki məkanlar hazırda ukraynalı turistlər üçün elə də əlçatan deyil deyə ölkənin Qara dəniz və Azov dənizi kurortları yayın əvvəlində turist bumu yaşayıb. Ukraynalılar evlərinə daha yaxın yerdə tətil keçirməyə çalışırlar. Atlantik Şurasının portalında Peter Dickinson bu haqda yazır.

Ukrayna karantin qadağalarını yumşaldandan bir neçə həftə sonra daxili turizmdə artım qeydə alınıb. Bəziləri bu amilin yeni yoluxma dalğasına səbəb olacağını desə də, digərləri ölkənin turizm sektoruna gərəkən dəstəyi verəcəyini düşünür.

177 faizlik artım

“Vodafon Ukrayna” mobil kommunikasiyalar operatorunun məlumatına görə, iyunun sonunda ölkənin cənubundakı Odessa, Mikolaiv və Xerson regionlarında ziyarətçi sayında 30 faiz artım yaşanıb. İnternet trafiki və 4G istifadəsinin təhlili isə Azov dənizi sahillərindəki kurortlarda turist sayının daha çox artdığını üzə çıxarıb. Burası Rusiyayla münaqişə gedən cəbhə xəttinin yaxınlığındadır. Mariupol şəhərinin 20 km-də yerləşən Bilosarayska Kosa kəndində ötən illə müqayisədə turist sayında 177 faizlik artım qeydə alınıb.

İyun ayı ərzində Qara dəniz sahilindəki Odessa şəhəri ölkənin yay paytaxtı adını doğruldub, turist axını koronavirus pandemiyasından qabaqkı dövrə qayıdıb.

Müəllif qeyd edir ki, ölkənin cənub kurortlarına turist axınının koronavirusa yoluxmaları artıracağı sarıdan narahatlıq yaradıb. Konstitusiya Günü bayramında Odessaya gedənlər elementar pandemik qaydalara belə əməl olunmadığını qeyd ediblər.

Səhiyyə naziri Maksym Stepanov iyunun 30-da deyib ki, Odessa və digər kurortlarda karantin qaydalarının pozulması yeni yoluxma dalğasını qaçılmaz edər.

İtkini bərpa etməyə çalışırlar

Ancaq istənilən halda, turist sayının artması Ukrayna daxili turizm sənayesi üçün yaxşı xəbər sayılır. Aprel-may aylarında Odessada otellər, restoranlar, kafe və klubla əsasən bağlı qalıb. “İndi Odessa otelçilik sənayesi itirilmiş zamanı kompensasiya etməyə, 2020-ci ilin yay tətili mövsümündə ukraynalılar üçün xaricə səyahətin məhdudlaşdırılmasından faydalanmağa ümid edir”, – məqalədə deyilir.

Avropa Birliyi iyunun sonunda birliyə girişinə icazə verilən 15 ölkənin siyahısını açıqlayıb, ancaq Ukrayna siyahıda yer almayıb.

Son həftələr bir sıra qeyri AB ölkələri Ukrayna səyahətçiləri üçün sərhədləri açıb. Türkiyə, Misir, Monteneqro, Albaniya bu sıradadır. İyulun əvvəlində Türkiyəyə çarter reysləri bərpa olunub və Türkiyə turizm rəsmiləri bir ay ərzində Ukraynadan 100 minədək turist gözləyir. 2019-cu ilin iyulunda 145 min Ukraynaları Türkiyədə tətil keçirmişdi. Ümumilikdə isə ötən il 1,5 milyondan çox ukraynalı tətilə Türkiyəyə gedib. Ukrayna Türkiyə turizm sənayesi üçün yeddinci mənbə ölkədir.

Dünyada koronavirusa 12 milyondan çox insan yoluxub, 550 mindən çox xəstə vəfat edib. Ukraynada isə yoluxma sayı 52 mindən artıq, ölənlər 1344 nəfərdir.

XS
SM
MD
LG