Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:38

İ.Əliyev: 'Biz 'Beşinci kolon'la bu işi bitirməliyik'


İ.Əliyev
İ.Əliyev

"Mənə verilən məlumata görə, dünən (iyulun 14-də) bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar. Qanunu pozanların arasında onlar da var, onlar indi müəyyən olunublar".

Bunu iyulun 15-də prezident İlham Əliyev özünün sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışında söyləyib.

"Odla oynamasınlar"

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı onları xəbərdar edib ki, odla oynamasınlar:

"Bu məsələ milli məsələdir. Heç nəyə baxmayacağıq, kim nə dedi, hansı şura, hansı Avropa Şurası, hansı təşkilat. Bizim son günlərdə sərgilədiyimiz mövqe - beynəlxalq təşkilatlarda bizim əleyhimizə çirkin kampaniya aparanlara qarşı tutduğumuz mövqe artıq nəticə verir. Anti-Azərbaycan qüvvələri harada mümkünsə, onları bloklayacağıq. Onların namizədlərinin meydan oxumasına, Azərbaycana çirkab yaxmasına imkan verməyəcəyik. Heç kim bizə göstəriş verə bilməz. Dünənki hadisə hamımız üçün bir siqnal olmalıdır".

"Hüquq-mühafizə orqanları onların sosial şəbəkələrdə çıxışlarını təhlil etsinlər"

Prezidentin vurğulamasına görə, o deyib ki, hüquq-mühafizə orqanları müxaliflərin bu günlər ərzində sosial şəbəkələrdə çıxışlarını təhlil etsinlər: "Əgər orada cinayət tərkibi varsa, onların hamısı cinayət məsuliyyətinə cəlb edilməlidir. Döyüşlər getdiyi vaxtda onlar ordumuza şər atırlar, yalanlar uydururlar. Deyirlər ki, biz o yeri vermişik, biz oraya getməməliydik, biz buraya getməməliydik. Sən kimsən? Sən bizim ordumuza göstəriş, məsləhət verirsən. Ay başı boş, ay satqın. Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır".

"Biz "Beşinci kolon"la bu işi bitirməliyik"

İ.Əliyev əlavə edib ki, "biz "Beşinci kolon"la bu işi bitirməliyik".

"…Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər".

Prezident bu yaxınlarda Milli Şuranın toplantısında səsləndirildiyi bildirilən (Video görüntülər yayılıb. Milli Şura yayılan görüntüləri kibercinayətkarlıq adlandırıb) bəzi fikirlərə də münasibət bildirib:

"Birincisi, hansı pulla sən orada oturursan,…"

"O Amerikada oturan deyir ki, hələ gözləyin sürüşə-sürüşə gələcək sıfıra. Heç olmasa, ağlın olsun, neftin qiyməti sıfır ola bilər? Hələ deyir, tələsməyin sevinməyə, hələ gələcəkdə sevinəcəyik ki, neft 14 dollardan da düşsün, ondan sonra nə olacaq. Sual verin, iki ildir Amerikada oturub. Birincisi, hansı pulla sən orada oturursan, kim səni orada saxlayır, kim sənə pul verir, kim sənə təlimat verir…".

AXCP prezidentə cavab verib

Prezident İ.Əliyevin Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirlərə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) cavab bəyanatı yayılıb.

AXCP bəyan edib ki, ölkə başçısının həmin çıxışı dövlət adına utancdı, növbəti repressiya dalğasının başlanacağının anonsudur və milli ruhun oyanışından narahatlığın ifadəsidir:

"Cəbhə bölgəsində döyüşlər başlandığı gündən AXCP, Milli Şura orduya dəstək verdi. AXCP sədri Əli Kərimli açıq şəkildə bəyan etdi ki, hakimiyyətə tənqidlərimizi daha yaxşı günlərə saxlayırıq və bu günlərdə dövlətin-ordunun yanındayıq, hökumətin gözü arxada qalmasın, bütün resursları erməni təcavüzkarları ilə savaşa səfərbər etsin. Əli Kərimlinin bu bəyanatı böyük ictimai rəğbətlə qarşılandı və təsadüfi deyil ki, sosial şəbəkələrdə çox geniş şəkildə yayıldı. Əslində, əsas müxalifət qüvvəsinin bu mövqeyini hakimiyyət də təqdir etməliydi. Ancaq ölkə başçısı İlham Əliyev tamam əks mövqe sərgilədi və açıq şəkildə müxalifəti düşmən elan etdi".

"Məqsəd real müxalifəti sıradan çıxarmaqdır"

AXCP hesab edir ki, faktiki olaraq İ.Əliyev növbəti repressiyalara göstəriş verib: "Bütün qurumları AXCP-yə qarşı amansız mübarizəyə səslədi. Deməli, məqsəd erməniləri yox, real müxalifəti sıradan çıxarmaqdı. Ölkəyə rəhbərlik edən şəxs belə bir vaxtda ölkə və dünya ictimaiyyətinə həmrəylik mesajı vermək əvəzinə, qisasçılıq mesajı verdi. Ölkə başçısına yaraşmayan leksikon sərgilədi, rəqiblərini təhqir etdi, heç bir dəlil-sübut olmadığı halda təxribatda suçladı, cinayətkar adlandırdı".

AXCP-yə görə, Milli Məclis binasına bir qrupun daxil olması və polis avtomobilinin aşırılması hakimiyyət orqanlarının ən azı xəbərdar olduğu hazırlanmış təxribat idi və əsas məqsəd müxalifəti bu təxribata bulaşdıraraq repressiyalara əsas yaratmaq idi.

Son günlər olanlar

İyulun 14-də Bakı şəhərində orduya dəstək yürüş və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxardaraq əraziyə toplaşanları uzaqlaşdırıb. Bu zaman, polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərin yaydığı məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər başlayıb. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Son günlər Azərbaycan tərəfi biri general olmaqla, 11 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Habelə, bir dinc sakinin də atəşkəsin pozulması nəticəsində öldürüldüyü açıqlanıb

Ermənistan tərəfi də dörd hərbçisinin ölməsi haqda məlumat yayıb. O da, öz növbəsində baş verənlərə görə, Azərbaycanı ittiham edir.

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

Atəşkəs razılaşması olsa da, tez-tez hər iki ölkənin qoşunlarının təmas xətlərində silahların işə düşdüyü bildirilir.

XS
SM
MD
LG