Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:09

'Tehran' serialı İsrail-İran münasibətlərinə necə təsir göstərə bilər


Tehranda Israilə qarşı etiraz aksiyası
Tehranda Israilə qarşı etiraz aksiyası

İsrailli yazıçı və prodüser Moshe Zonder gəncliyindən bəri həmişə hasardan boylanaraq o biri tərəfdə olanları görməyə can atıb. Tel-Əvivdə yerli həftəlik qəzetin müxbiri işlədiyi dövrdə əlinə düşən hər fürsətdə Qəzzaya getməyi vərdişə çevirmişdi. 1990-cı illərin əvvəllərində Qəzza zolağı hələ İsrail jurnalistlərinin üzünə bağlanmamışdı və Zonder yerli informasiya mənbələri ilə yaxşı əlaqələr qura bilmişdi. Bu gün Zonder İsrailin ən uğurlu ssenaristlərindən biridir.

"O, əsl centlmen idi"

Belə səfərlərdən birində o, 1982-ci ildə Livan müharibəsi zamanı İsrail Silahlı Qüvvələrinin "Nahal" briqadasının səkkiz əsgərini oğurlamış dəstə başçısından müsahibə almalı olub. Zonder həmin oğurlanan əsgərlərin bəzilərini uşaqlıqdan tanıyırmış. Bir dəfə də o, "Həmas" lideri Ahmed Yassin-dən müsahibə almalı olub.

"Mən "Həmas"ın baş qərargahına görüş vaxtından yarım saat tez gəlib çatmışdım və öldürməyə bir qədər vaxtım var idi. Şeyx Yassin-in büro rəisi mənimlə oturdu, mənə qəhvə hazırladı və özünün ailəsi və dostları ilə birgə şəkillərini göstərdi. O, əsl centlmen idi. "Siz yəhudilərin ən yaxşı vaxtı müsəlmanların hakimiyyəti altında olub", – o dedi. O, İspaniyada (müsəlman Andalusiyasında – tərc.) yəhudilərin qızıl dövrünü nəzərdə tuturdu. Onun sözündə həqiqət var, ancaq mən ona dedim ki, həmin yaxşı zamanlar təqib və qovulma ilə sona çatdı. Mən Holokostu görmüş anamı düşündüm və əlavə etdim ki, biz yəhudilər bundan sonra heç vaxt hansısa xarici ordunun bizi qorumasına imkan verməyəcəyik. Aramızda sağlam dialoq yarandı. Biz doğrudan da söhbət edirdik", - Zonder İsrailin "Haaretz" qəzetinə müsahibəsində deyir.

Büro rəisi hazırda "Həmas"ın siyası qanadına rəhbərlik edən Ismail Haniyeh imiş.

Zonder sonradan "Həmas"ın digər üzvləri ilə də tanış olub. Onlardan bəziləri qətlə yetirilib. Şeyx Yassin-in özü İsrailin hava hücumu nəticəsində öldürülüb.

"Əvvəlcə heç kim "Fauda"nı istəmirdi"

Fələstin rəhbərləri və "Həmas"ın yüksəksəviyyəli liderləri ilə görüşlər 2015-ci ildə populyar İsrail televiziya serialının ilk mövsümünə çevrilir. Zonder "Fauda" serialının ssenarisini Avi Issacharoff və Lior Raz-la birlikdə yazıb.

"Beşcə dəqiqəyə anladıq ki, bir-birimizi başa düşürük. Onlara dedim ki, təşkilatın hərbi qanadının başçısı, yəhudi qanına əli bulaşmış "Pantera" ləqəbli Abu Ahmad, sadəcə, qətl hədəfi ola bilməz. O, həm də arvadı üçün dəli-divanə olan ailə başçısı kimi göstərilməlidir. Onun sevdiyi anası, İsrail yəhudisi olsaq belə, bizim də anlaya biləcəyimiz motivi var. Belə bir personajı canlandırmağımız fantastika kimi görünürdü. Əvvəlcə heç kim "Fauda"nı istəmirdi. Ancaq axırda "Yes" peyk TV kanalı razılaşdı".

Ötən ayın sonu Zonder-in "Tehran" adlı casus serialı TV ekranlarına çıxıb. O, Maor Cohen, Dana Eden və Omri Shenhar-la birlikdə bu filmi İsrailin Kan İctimai Yayım Korporasiyası üçün çəkib.

Zonder, Eden və Shenhar son beş ili İranı öyrənməklə keçiriblər. Onlar filmin rejissoru Daniel Syrkin-lə birgə Tehranın mümkün qədər dəqiq mənzərəsini canlandırmaq üçün iranşünas alimlərdən, "Mossad"ın kəşfiyyat və kibertəhlükəsizlik mütəxəssislərindən və İranı tərk etmiş onlarla insandan müsahibələr götürüblər.

İranın mənfi imicini dağıtmaq

Bu dərin araşdırmanın nəticəsi kimi ərsəyə gəlmiş casus trillerində hadisələr kibermissiyaya göndərilmiş agent Tamar Rabinyan-ın (Niv Sultan) ətrafında cərəyan edir. O, İsrailin İranın nüvə müəssisələrinə hücum edə bilməsi üçün İran hava hücumundan müdafiə sistemlərini neytrallaşdırmalıdır. Janrın qaydalarının tələbinə görə, missiya maneə ilə üzləşir və Tamar düşmən ölkədə vəziyyətdən çıxmağa məcbur olur. Üstəlik, Tamar 6 yaşında İranı tərk etdiyi üçün öz kimliyi ilə də üzləşməli olur.

Zonder-in sözlərinə görə, İran yeganə məqsədi İsraili dağıtmaq olan ölkə kimi görülməməlidir və "Tehran" serialının əsas məqsədlərindən biri də İranın mənfi imicini dağıtmaqdır.

"İranda ABŞ-ı "Böyük şeytan" bizi isə "Kiçik şeytan" adlandırırlar. Bunun mənimlə bağlılığı yoxdur, ancaq bunun haradan gəldiyini anlaya bilirəm. 1951-ci ildə Mohammad Mosaddegh baş nazir seçildi və Qərbin İran neftini istismarına son qoymaq qərarına gəldi. O, İngilis-İran Neft Şirkətini milliləşdirdi. İslahatlara başlayıb həmvətənlərinə kömək etməyə çalışdı. İki il sonra Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) onun kənarlaşdırılmasına və gənc şahla [Mohammad Reza Pahlavi] ilə əvəz edilməsinə kömək etdi. Şah tiran, …eyni zamanda İsrailin yaxşı dostu idi. Bizim adamlarımız şahın qəddarlığı ilə seçilən gizli polisi - SAVAK-a təlim keçib", - Zonder deyir.

"Apple TV" serialı alıb

"Tehran"ın efirə çıxmasından əvvəl "Apple TV" bütün serialı satın alıb. Qəzetin daxili mənbələrdən aldığı məlumata görə, filmin hər seriyası üçün 1.5 milyon dollar ödənilib. Bundan başqa, "Apple TV" filmin yaradıcılarından serialın daha iki mövsümünü çəkmək haqda öhdəlik alıb.

"Fauda" filmi ilə bağlı müzakirələrdən birində 16-yaşlı üç gənc Zonder-ə yaxınlaşaraq serialı çox bəyəndiklərini və bundan sonra daha nümayişlərdə "ərəblərə ölüm" deyə qışqırmayacaqlarını deyiblər. "O an anladım ki, biz nəyəsə nail olmuşuq", - Zonder deyir.

Onun sözlərinə görə, "Fauda"nın ekranlara çıxmasından sonra maraqlı bir şey baş verib – İsraildə ərəb dili xeyli populyarlaşıb. Yəhudilər ərəb dilini qorxu və hücumla assosiasiya etsələr də, filmdə o gözəl səslənib. Zonder "Tehran" serialının da israillilər və iranlılar arasında müəyyən körpü yaradacağına ümid edir.

XS
SM
MD
LG