Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:40

Ceyhun Bayramov necə bir xarici işlər naziri olacaq?


Elmar Məmmədyarov işdən çıxarıldı, Ceyhun Bayramov Xarici işlər naziri oldu
Gözlə

No media source currently available

0:00 0:10:06 0:00

Elmar Məmmədyarov işdən çıxarıldı, Ceyhun Bayramov Xarici işlər naziri oldu

Təhsil naziri Ceyhun Bayramov iyulun 16-da xarici işlər naziri oldu.

Bu təyinatdan hələ saatlar öncə sosial mediada onun Xarici İşlər Nazirliyinin başına gətiriləcəyi, hətta prezidentin onu qəbul etməsi haqda yazılırdı. Hərçənd onun bu vəzifəyə gətirilməsi birmənalı qarşılanmayıb, məsələn, “Turan” xəbər agentliyinin redaktoru, siyasi şərhçi Şahin Hacıyev Ceyhun Bayramovun nazir olmasını “şübhəli təyinat” kimi dəyərləndirir.

Kimdir Ceyhun Bayramov və niyə onun xarici işlər naziri olması bu qədər təəccübə səbəb olur? AzadlıqRadiosu suala cavab tapmağa çalışıb.

Təhsil Nazirliyinin səhifəsində onun haqqında bəzi məlumatlar yerləşdirilib. 47 yaşlı nazir Azərbaycan Dövlət İqtisad İnstitutunun məzunudur. Eyni zamanda, hüquqşünasdır.

1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.

2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib.

2013-cü ildə təhsil nazirinin müavini, 5 il sonra - 2018-ci ilin aprelində nazir təyin olunub.

Nazir və onun “OMNİ” şirkəti

Ceyhun Bayramovun nazir kimi fəaliyyətindən çox onun nazir müavini olanadək direktoru olduğu “OMNİ” hüquq şirkəti haqqında danışılır.

İqtisadçı Toğrul Maşallınının sözlərinə görə, bu şirkət 2019-cu ildə Azərbaycanın işğal olunmuş ərazilərində əlvan metalların qanunsuz hasilatının beynəlxalq müstəvidə hüquqi qiymət alması üçün “Azərqold” ASC-yə 195,5 min manata hüquqi məsləhəti xidməti göstərib.

Meydan TV-nin redaktoru Həbib Müntəzir nazirin vaxtilə yaratdığı hüquq şirkətinə diqqət çəkir:

“Yeni nazir Bayramovun Omni hüquq şirkəti var. Dövlət qurumlarının bir çoxunun, o cümlədən Təhsil Nazirliyinin hüquqi işləri ilə məşğuldur. Məşhur Panama sənədləri, çirkli pulları yuma skandalında faktlarla təsdiqini tapıb”.

Hələlik bu ittihamlarla bağlı nazir KİV-ə hər hansı açıqlama verməyib.

Ceyhun Bayramovun qardaşı Azər Bayramov da yüksək vəzifə sahibi - maliyyə nazirinin müavinidir. Nazir qardaşının adı milyardları mənimsəməkdə ittiham olunan Beynəlxalq Bank-ın keçmiş rəhbəri ilə bağlı qalmaqalda hallanıb. Ancaq ittihamlara rəğmən o məhkəməyə çağrılmayıb.

“O özünü daha iradəsiz göstərdi, fəaliyyəti görünmədi”

Mütəxəssislərdən Ceyhun Bayramovun təhsil naziri kimi fəaliyyətini müsbət xarakterizə edən də var, “nazirliyi geri çəkdiyini” iddia edən də.

Təhsil eksperti Kamran Əsədov onun həm təşkilati, həm də qanunvericilik bazasının formalaşması baxımından böyük işlər gördüyünü söyləyir, ikiillik fəaliyyətini yüksək dəyərləndirir. Xüsusən də müəllimlərin əmək haqlarının artırılmasına nail olduğunu qeyd edir.

Başqa təhsil eksperti Nabatəli Qulamoğlu isə ayrı fikirdədir. Düzdür, o Ceyhun Bayramovun insan kimi ünsiyyətcil, rəhmdilli olduğunu vurğulayır, amma nazir kimi qüsurlarını da qeyd edir:

“Mikayıl Cabbarov təhsilə yenilik gətirmişdi, onun qoyduğu ənənənin davam etdirilməsini istəyirdim. Təəssüf ki, Ceyhun Bayramov nazir gələndən sonra elə vəziyyət yaratdılar ki, elə bil, qollarını bağlayıb güləş meydançasına çıxardılar. Amma ona qədər Mikayıl Cabbarov müəllimlərin diaqnostik qiymətləndirilməsini aparmışdı, müəllimləri nisbətən yeniləmişdi. Düzdür, hakimiyyət bunu başa çatdırmağa imkan vermədi, hakimiyyətə savadsız müəllimlər lazımdır, xüsusən də seçkilərdə. Cabbarov məktəb direktorlarını yeniləmək istəsə də, icra başçıları ilə çox ciddi toqquşmalar baş verdi, verdiyi əmrləri Prezident Administrasiyasından dəyişdirdilər. Cabbarov məğlub oldu və başqa sahəyə aparıldı”.

Nabatəli Qulamoğlu deyir ki, bu şəraitdə “Ceyhun Bayramovun nazir gəlməsi nazirliyin heç olmasa yerində sayacağı” ümidini yaratsa da, əksinə qurum daha da gerilədi:

“O özünü daha iradəsiz göstərdi, fəaliyyəti görünmədi. Halbuki intellektual qabiliyyəti ondan əvvəlki nazirin işini davam etdirməyə imkan verirdi, islahata gücü çatmazdı, amma kosmetik işlər görməyə, xeyir verən addımlar atmağa imkanı çatardı”.

“Bu, strateji vəzifədir, öz fikri, öz mövqeyi, təklifləri olmalıdır”

Xarici işlər naziri kimi gözləntilərə gəlincə, iqtisadçı-hüquqşünasın beynəlxalq münasibətlərdən xəbərsiz olduğunu söyləyənlər, buna görə xarici işlər naziri kimi gələcək fəaliyyətinə ümidsiz yanaşanlar da az deyil.

“Bir gün diplomat işləməyən adamın xarici işlər naziri olması, yumşaq desək, sual doğurur. Qeyri-adi təyinatdır. Məntiqi görünmür”, - siyasi şərhçi Şahin Hacıyev söyləyir. “Təhsildə bəlkə də nəyisə bilir, bacarır, ancaq mən təsəvvür etmirəm ki, o, Xarici İşlər Nazirliyində nəsə etsin. Nazirliyin əsas işi Qarabağ danışıqlarını aparmaqdır. Heç məlumatı olmayan, mətbəxi bilməyən adamın nazir olması nə qədər realdır deyə bilmərəm”, – o, sözlərinə əlavə edir.

Bundan öncə də Azərbaycan təcrübəsində nazir vəzifəsinə gətirilənlərdən diplomat olmayan, bu sahədən uzaq şəxslər olub. Məsələn, fizik Tofiq Qasımov, ədəbiyyatşünas, tərcüməçi Vilayət Quliyev kimi. Amma Şahin Hacıyev Azərbaycan cəmiyyətinin onları parlamentdəki çıxışlarından, siyasi fəaliyyətlərindən tanıdığını qeyd edir. O, yeni xarici işlər nazirinin siyasi təcrübəsinin olmadığını önə çəkir:

“Partiya sədri olsaydı, bir təkliflə çıxış etsəydi, deyə bilərdin, bacarıqlıdır-bacarıqsızdır. Heç nə demək olmur. Uğursuz qərardır, həm də məntiqsiz. Onun öz mövqeyi, təşəbbüsü olmayacaq. Yuxarıdan birinci şəxs nə tapşıracaq, onu yerinə yetirəcək. Bu, strateji vəzifədir, öz fikri, öz mövqeyi, təklifləri olmalıdır, nədəsə razılaşmalı, nədəsə razılaşmamalıdır. Bir nəfər bütün istiqamətləri idarə edə bilməz. Ora icraçı oturdurlarsa, yəni dəqiqəbaşı hər şeyi dəqiqləşdirəcək, yuxarıdan soruşacaq, sonra da icra edəcək, bu, nazir işi deyil. Nazir konseptual düşünməyi bacarmalıdır, diplomatiyanı bilməlidir, beynəlxalq təşkilatlarda əlaqələri olmalıdır. Təcrübə çox vacibdir burda. Bunlar olmayanda o təyinat yetərincə şübhəli görünür”.

Ailəyə yaxınlıq faktoru?

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli bu təyinatın onun üçün sürpriz olmadığını, Azərbaycan hakimiyyətinin zaman-zaman bu cür qərarlar qəbul etdiyini deyir və bu zaman “hakim ailəyə yaxınlıq əsas götürülür” deyə izah edir.

O, Ceyhun Bayramovun diplomatiyaya yad olduğunu söyləyir və “daha yaxşı olardı bu sahədə səriştəli kadr təyin edilsin” deyə əlavə edir. Amma digər tərəfdən xarici işlər nazirinin daha çox siyasi vəzifə olduğunu qeyd edir:

“Mən o fikirdə deyiləm ki, xarici işlər nazirinin mütləq diplomatiya sahəsində ciddi təcrübəsi olmalıdır. Bu, siyasi vəzifədir, müavinləri olacaq, diplomatlar olacaq. Onlar da nazirə idarəçilikdə yardım edəcəklər. Ancaq sıfır təcrübənin olması da yaxşı hal deyil. Xarici siyasəti bilən, səriştəsi olan biri, heç olmasa deputat olsaydı daha yaxşı olardı”.

Anar Məmmədli bunu da deyir ki, Azərbaycanın xarici siyasətinin formalaşmasında XİN xüsusi rola malik deyil, “xarici siyasət daha çox Prezident Administrasiyasında müəyyən olunur, bu qurum daha çox texniki işlərin icraçısıdır”. O, sözügedən nazirliyin son illərdə bir çox qurumlar kimi müstəqilliyini itirdiyini, “hər şeyin bir mərkəzdə cəmlənməsinin XİN-də böhran yaratdığını” düşünür. Anar Məmmədlinin ehtimalına görə, Ceyhun Bayramov ailəyə yaxın olduğuna görə ona daha geniş səlahiyyətlər veriləcək.

“Nazirlikdə müstəqillik ab-havası, kursun müyyənləşdirilməsində imkan yaradılarsa yaxşı olardı. Ancaq bunları etmək üçün də Bayramovu səriştəli kadr hesab etmirəm”, - A.Məmmədli fikrini belə yekunlaşdırır.

“Protokolu bir-iki aya öyrənmək mümkündür”

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovsa ilk növbədə yeni naziri təbrik edir və uğur arzulayır. O hesab edir ki, “bu təyinatla Azərbaycan diplomatiyasının qara səhifəsi bitir, yeni bir səhifə başlayır”. Keçmiş nazir inanmaq istəyir ki, nazirliyin mənfi imici və nöqsanlar aradan qalxacaq.

Prezidentin kadr seçiminə gəlincə, Tofiq Zülfüqarov yeni nazirin “çox təcrübəli menecer” olduğunu düşünür:

“Bu dəbdə olan sözdür, yəni kadrlarla işləmək bacarığı var”.

O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlardan nazirin bixəbər olması haqda irad və narahatlıqlarla bağlı deyir:

“Bildiyim qədər bu cür məsələlər əvvəlcə geniş müzakirə olunur, sonra qərar qəbul edilir. Bu baxımdan cənab prezident bu məsələnin incəliklərini bilən insandır. Burda çox böyük problem görmürəm. Yaxın dövrdə təzə nazir biliklər və təcrübə qazana bilər”.

Keçmiş nazir bu peşəyə dair müəyyən stereotiplər formalaşdığını, onların həqiqətdən uzaq olduğunu da qeyd edir. O hər peşədə ağıl, iradə, vətənpərvərlik, biliklər tələb olunduğunu deyir, diplomatik işin incəliklərini, xüsusən də protokol qaydalarını bir-iki aya öyrənməyin mümkünlüyünü vurğulayır.

İyulun 15-də prezident keçmiş xarici işlər naziri Elmar Məmmədyarovu hökumətin iclasında sərt tənqid edib, onun ölkədə böhran yaşandığı günlərdə işdə tapılmadığını bildirib. Buna qədərsə Dövlət Təhlükəsizlik Xidməti nazirlikdə əməliyyat keçirib və bir neçə yüksək vəzifəli şəxsi dövlət əmlakını mənimsədiyinə, rüşvətə görə həbs edib.

İyulun 16-da nazir vəzifədən azad edilib.

XS
SM
MD
LG