Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:28

'Görək Əmrullayevə işləməyə nə dərəcədə imkan veriləcək?'


E.Əmrullayev
E.Əmrullayev

Prezident İlham Əliyev yeni təhsil naziri təyin edib. Bu, 38-yaşlı Emin Əmrullayevdir. Dövlət başçısı onu qəbul edərkən bu təyinatı "gənclərə göstərilən etimadın növbəti təzahürü" kimi dəyərləndirib.

Keçmiş təhsil naziri Firudin Cəlilovsa AzadlıqRadiosuna deyir ki, "38 yaş gənc deyil, elə əsl vaxtıdır".

O, yeni naziri tanımadığını, buna görə də onun fəaliyyəti ilə bağlı şərh verə bilməyəcəyini söyləyir və "bir az işləsin görək, bir söz demək olar", - deyə əlavə edir.

"Yeni təhsil naziri imici formalaşdıracaq"

Təhsil eksperti Kamran Əsədov bu təyinatla Azərbaycanda yeni bir təhsil naziri imicinin formalaşacağını bildirir və E.Əmrullayevin vəzifə hərisi olmadığını qeyd edir, onu "səmimi, işgüzar, yenilikçi biri" kimi təqdim edir:

K.Əsədov
K.Əsədov

"Təhsil sahəsində 6 illik fəaliyyəti dövründə kifayət qədər fərqli yanaşmalar ortaya qoyub. Bu gün Azərbaycan şagirdlərinin beynəlxalq olimpiadalarda əldə etdiyi medallar birbaşa onun bu sahədəki fəaliyyətinin nəticəsidir. Təhsildə keyfiyyətin artırılması, liseylərə qəbul kimi məsələlərdə müsbət işlərini görmüşük. 6 ildə Təhsil Nazirliyinin aparatında korrupsiya faktı sıfıra enmişdi. Düzdür, bölgələrdəki məktəblərdə bu tipli xoşagəlməz hadisələr olsa da, nazirlik buna qarşı açıq mübarizə aparırdı".

K.Əsədovun yeni nazirdən gözləntisi az deyil: müəllimlərin sosial rifahı yaxşılaşdırılmalı, onlara bəzi güzəştlər edilməli, vətəndaşların müraciətləri tez və qaneedici cavablandırılmalıdır. Eyni zamanda, o, yeni naziri əvvəlki həmkarları kimi yalnız məktəb açılışlarında görmək istəmədiyini, təhsil müəssisələrinə qəfil gedərək problemləri yerində araşdırmasının vacibliyini də vurğulayır.

"Ceyhun Bayramova işləməyə imkan verilmədi"

Başqa bir təhsil eksperti Nabatəli Qulamoğlu E.Əmrullayevi yaxından tanımasa da, onun işində pozitiv məqamlar gördüyünü qeyd edir: "Ümumi fikrim budur ki, yeni təyinat təhsildə Mikayıl Cabbarov tərəfindən başlanan xəttin davamıdır. Mikayıl Cabbarovu kimin necə tənqid etməsindən asılı olmayaraq (onu mən də tənqid etmişəm), təhsilə yeniliklər gətirmişdi. Həmin yeniliklərin davamı gözlənilə bilər. Əmrullayev görüşlərdə mənə yaxşı təhsil bağışlayıb, ünsiyyətcildir, onu ədalətli görmüşəm".

N.Qulamoğlu
N.Qulamoğlu

N.Qulamoğlunun fikrincə, Azərbaycanda nazir problemi yoxdur, "təhsilin ictimai-siyasi komponenti, sistem problemi var". Ona görə də yeni nazirdən gözləntilərini dilə gətirməzdən öncə sual edir: "Görək Əmrullayevə işləməyə nə dərəcədə imkan veriləcək? Məsələn, Ceyhun Bayramova işləməyə qəti imkan verilmədi. Onun fəaliyyətini görmədim. Ümid sonda ölür. Ümid edək ki, Emin Əmrullayevə imkan versələr, təhsildə yaxşı işlər görə biləcək".

"Müəllim yenə də seçkidə saxtakarlıq aləti olacaqsa..."

E.Əmrullayevlə bağlı sosial mediada böyük ümidlərlə danışanlarla yanaşı, skeptik yanaşanlar da var. Sonuncular bir neçə il öncə Mikayıl Cabbarov nazir təyin olunanda da təhsildə dəyişikliklər olacağına ümid bəslənsə də, çox az şeyin dəyişdiyini vurğulayırlar. Siyasi fəal Bəxtiyar Hacıyev də nikbin düşünənlərdəndir, bu təyinata "uğurlu seçim" kimi baxır, gənclər sektorundan çıxdığını, təhsil sahəsində yaxşı təcrübəsi, analitik bacarığı olduğunu yazır.

Yazar Elnur Astanbəylinin yeni nazirdən nə bir fərd, nə də iki məktəbli valideyni olaraq böyük gözləntisi yoxdur. O, buna bənzər ümidlərin M.Cabbarov nazir təyin olunanda da səsləndirildiyini xatırladır: "Amma mən bir vətəndaş, bir valideyn olaraq deyə bilərəm ki, nə təhsilin səviyyəsində, nə məktəblərin idarəçiliyində ciddi dəyişiklik oldu, nə məktəblərdə rüşvətin kökü kəsildi, nə də müəllimlərin seçkilərdə alət kimi istifadə edilməsinin qarşısı alındı. Azərbaycan təhsilinin köklü problemlərinin həllinə şahid olmadıq.

E.Astanbəyli
E.Astanbəyli

Bəzi kosmetik dəyişiklikləri nəzərə almasaq, Azərbaycan təhsil sistemi sovet təhsil sisteminin davamı kimi qaldı. Bu baxımdan, yeni nazirin Qərb təhsilli olması, müasir fikirli olması təbii ki, önəmlidir, ancaq mövcud sistemdə, idarəçilikdə bunun nə qədər effektiv olacağını əvvəlki təcrübələrdən bilirik. Ümumi idarəçilik fəlsəfəsi yanlış olduğuna görə bu sistemdə ciddi nəticəyə inamım yoxdur".

Yazar hesab edir ki, "müəllim yenə də seçkidə saxtakarlıq aləti olacaqsa, karusellərdə qutulara topa-topa bülleten dolduracaqsa, o zaman bir daha hansısa kadrın təfəkkürünün müasir olmasının vəzifəsini də eyni prinsiplə idarə etməsinə kömək olmayacağı təsdiqlənəcək".

E.Astanbəyli ümidsizliyini bir neçə dəfə dilə gətirsə də, təhsil sahəsində yanılmağı çox istədiyini də etiraf edir.

Prezident də yeni naziri qəbul edərkən deyib ki, təhsildə islahatlar dərinləşməlidir, "təhsilin keyfiyyəti artmalıdır və artır".

"Təbii ki, dünyada gedən müsbət tendensiyalara daim fikir verilməlidir. İnkişaf etmiş ölkələrdə aparılan islahatlar dərindən təhlil edilməlidir və onların bizə uyğun olan hissəsi Azərbaycanda tətbiq olunmalıdır", - İ.Əliyev bildirib.

Emin Əmrullayev – ehtiyatda olan kadr

Emin Əmrullayev 1982-ci ildə anadan olub. Bakıda Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə təhsil alıb. O, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının məzundur.

2004-cü ildə Budapeştdə Avropa Hüquqları Mərkəzində çalışan E.Əmrullayev 2005-2007-ci illərdə Katolik Yardım Xidmətində proqramçı, 2005-2009-cu illərdə isə Qafqaz Universitetində müəllim olaraq çalışıb.

E.Əmrullayev 2012-ci ildə ABŞ-ın Kolumbiya Universitetində "Dövlət idarəçiliyi" ixtisası üzrə magistr təhsili alıb.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil almış şəxs kimi ehtiyat kadrlar siyahısına daxil edilib.

2013-cü ildə Təhsil Nazirliyi Təhsilin statistikası və keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri təyin edilib.

E.Əmrullayev daha sonra Təhsil Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktoru vəzifələrində çalışıb.

XS
SM
MD
LG