Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:58

Təhsil xərcləri azalır, prezidentin ehtiyat fondunun xərcləri isə artır…


Manat və dollar, arxiv foto
Manat və dollar, arxiv foto

Avqustun 5-də Milli Məclisin növbədənkənar sessiyasında " 2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi gözlənilir. Artıq parlament komitələrdə müzakirələr başlayıb. Təklif olunmuş layihədə 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 124 000 min manat, xərcləri 27 492 200,0 min manat göstərilib. Xərcələr artıb, gəlirlər azalıb.

Nə azalıb, nə artıb və nə dəyişməyib?

Xərclərə gəlincə, mövcud qanunda ümumi dövlət xidmətlərinə 4 009 674 814,0 manat ayrılıb. Milli Məclisin müzakirəsinə təqdim edilən yeni layihədə isə bu vəsait 3 839 732 671,0 manata endirilib. Beynəlxalq münasibətlərə, xarici yardımlara, yerli (bələdiyyələr) büdcələrə verilən dotasiyalar və subvensiyalara ayrılmış vəsaitin miqdarı dəyişməyib.

Naxçıvana dotasiya artırılıb

Naxçıvan, Julfa rayonundan görüntü, 9 yanvar 2010
Naxçıvan, Julfa rayonundan görüntü, 9 yanvar 2010

Qanunvericilik, icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə, seçkilərin keçirilməsi, statistika tədbirlərinə, elmə və büdcələrarası transfertlərə isə ayrılan məbləğ azaldılıb.

Muxtar respublika büdcəsinə verilən dotasiyanın məbləği 2 milyon manata yaxın artırılaraq 370 580 000,0 manata qaldırılıb.

Müdafiə xərcləri azalıb, təhlükəsizlik xərcləri artırılıb

Ordu günü ilə bağlı Bakıda hərbi parad, Azərbaycanın qırıcı təyyarələri paytaxt üzərində, 26 iyun 2011
Ordu günü ilə bağlı Bakıda hərbi parad, Azərbaycanın qırıcı təyyarələri paytaxt üzərində, 26 iyun 2011

Mövcud sənəddə müdafiə və milli təhlükəsizlik sahəsinə 3 853 585 721,0 yeni layihədə 3 804 168 005,0 manat xərcləməsi nəzərdə tutulur. Bu istiqamətdə xərclər umumən azalsa da, onun daxilində ayrıca milli təhlükəsizlik xərclərinin 8 500 000 manat artırıldığı qeyd edilir.

Məkəmələrin və prokurorluq xərci də artıb…

Yeni layihədə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üçün 1 936 720 015 manatın xərcləməsi nəzərdə tutulub. Əvvəlki sənəd ilə müqayisədə bu, 33 717 108 manat azdır. Təqdim olunmuş layihədə məhkəmə hakimiyyətinə 106 610 253, hüquq mühafizəyə 1 471 521 710, prokurorluq orqanlarına 67 890 079, hüquqi yardıma 5 540 450, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sahələrinə aid edilən digər fəaliyyətlərə 285 157 523,0 manat nəzərdə tutulub. Mövcud sənəddə isə məhkəmə hakimiyyətinə 105 845 815, hüquq-mühafizəyə 1 474 160 839, prokurorluq orqanlarına 68 168 696, hüquqi yardıma 5 540 450, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahələrinə aid edilən digər fəaliyyətlərə 316 721 323 manat ayrılmışdı. Yeni layihədə təhsil sahəsinə ayrılmış vəsait isə azaldılıb. Əvvəlki sənəddə bu sahəyə 3 155 797 681 manat ayrılmışdısa yeni layihədə 3 034 767 819 manat nəzərdə tutulub.

Səhiyyə xərcləri artacaq

arxiv foto
arxiv foto

Səhiyyə xərclərin isə artırılması nəzərdə tutulub. Mövcud sənəddə bu sahəyə büdcədən 1 369 011 949 manatın ayrılması nəzərdə tutulmuşdursa, yenidən təqdim olunmuş layihədə bu məbləğ 1 716 595 488 manata çatdırılıb. O cümlədən, əvvəlki sənəddə olmayan poliklinikalar və ambulatoriyalar üçün də 1 203 141 manat ayrılması planlaşdırılır.

Sosial müdafiə xərcləri azalmayıb

Sosial müdafiə və sosial təminata aid xərclərin isə yeni layihəyə görə, ümumilikdə azaldılması planlaşdırılır. Əvvəlki sənəddə bu sahəyə ayrılan məbləğ 3 244 591 912 manat təşkil edirdisə, hazırda bu məbləğin 3 237 037 216 manata qədər azaldılması təklif edilir. Bununla belə, sırf sosial müdafiə üçün xərclərin ayrıca artırılması təklif olunur. Eyni zamanda, sosial təminat xərclərinə ayrılmış məbləğin də artırılması təklif olunur.

Amma sosial müdafiə, sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlər üçün nəzərdə tutulan xərclər 2 937 557 416 manatdan 2 720 704 056 manata azaldılıb. Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait də 1 426 914 030 manatdan 1 188 914 030 manata qədər azaldılıb.

Mədəniyyət,… Əvvəlki büdcə layihəsində

"Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət"-ə 441 921 500 manatın xərcləməsi nəzərdə tutulmuşdusa, Milli Məclisə təqdim olunmuş layihədə isə həmin xərclər 426 092 445 manat göstərilib.

Kənd təsərüfatı xərclərində də azalma var

Kənd təsərrüfatı üçün nəzərdə tutulmuş xərclərin də 920 990 081 milyon manatdan 897 675 885 milyon manatadək azaltmaq planlaşdırılır. İqtisadi fəaliyyət üçün nəzərdə tutulmuş xərclər isə əksinə artırılır. Əvvəlki sənəddə bu sahə üçün 5 602 460 298 manat nəzərdə tutulmuşdusa, indi bu məbləğin 5 832 835 489 manat səviyyəsinə qaldırılması təklif olunur.

Əsas bölmələrə aid edilməyən xərclər...

Əsas bölmələrə aid edilməyən xərclər də artırılır. Mövcud qanunda bu məbləğ 1 797 230 463 manat səviyyəsində nəzərdə tutulmuşdu. Hazırda bu məbləğin 2 245 078 709 manat səviyyəsində qəbul edilməsi təklif olunur. O cümlədən ehtiyat fondların xərclərini 410 000 000 manatdan 690 000 000 manatadək, Azərbaycan Prezidentinin ehtiyat fondun xərclərini 300 000 000 manatdan 480 000 000 manatadək, dövlət büdcəsinin ehtiyat fondun xərclərini də 110 000 000 manatdan 210 000 000 manatadək artırmaq nəzərdə tutulur…

Xatırlatma

Milli Məclisə təklif edilən layihədə qeyd edilib ki, 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcək. Bu da təsdiq edilmiş göstəriciyə nisbətən 597,5 milyon manat və ya 2,2 faiz çoxdur. Büdcənin gəlirlərinin isə 24 milyard 124 milyon manat olması nəzərdə tutulur.

Bu da qəbul edilən mövcud sənəddəki eyni göstəricidin 10,5 milyon manat azdır. Yeni layihədə neftin bir barelinin ixrac qiyməti 35 dollar götürülüb. Mövcud sənəddə bu 55 dollardır.

Hazirda neftin bir bareli 45 dollar civarındadır. İyulun 30-da Azərbaycan Maliyyə Nazirliyi (MN) 2020-ci il dövlət büdcəsinə yenidən baxılması üzrə təkliflərini Nazirlər Kabinetinə təqdim etmişdi.

"...Dəyişikliklərin əsas məqsədi əlavə müdafiə və təhlükəsizlik tədbirlərinin görülməsi üçün ehtiyatın formalaşdırılması, ...habelə pandemiyadan (koronavirus) zərər çəkən iqtisadi fəaliyyət sektorlarına, sahibkarlıq subyektlərinə və eləcə də əhalinin həssas qruplarına göstərilən dövlət dəstəyinin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasıdır. Eləcə də, məqsəd sadalanan səbəblərdən ilin ikinci yarısında dövlət büdcəsinin artan xərcləri ilə azalan gəlirləri arasında gözlənilən natarazlığın aradan qaldırılması vəzifələrini təmin etməkdən ibarətdir", -MN bildirmişdi.

XS
SM
MD
LG