Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:56

'İlham Əliyev kazinoda olanda Qarabağda mənim yanımda qumbara partlayırdı...'


Tofiq Yaqublu, 27 aprel 2015
Tofiq Yaqublu, 27 aprel 2015

Milli Şuranın və Müsavat partiyasının həbsdə olan üzvü Tofiq Yaqublu da, vəkilləri də hesab edir ki, onun işi üzrə obyektiv qərar vermək üçün ilk növbədə videogörüntülərə baxılmalıdır. Avqustun 5-də məhkəmədə də bu məsələni qaldırıblar. T

. Yaqublunun işinə Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyev baxır. Hakim məhkəmə iclasında T.Yaqublunu təqsirləndirilən şəxs adlandırarkən o, etiraz edib:

“Təqsirləndirilən şəxs hüquq olan yerdə olur. Siz hüququn anasını ağlatmısız. Mən əsir götürülmüş şəxsəm...” Məhkəmə iclasına T.Yaqublunun yaxınları, eləcə də prosesi izləməyə gələn ictimai-siyasi fəallar, media nümayəndələri buraxılmayıb. Hakim COVİD-19 pandemiyası səbəbilə məhkəmə iclaslarında 10 nəfərdən çox şəxsin iştirak etməməsi barədə tövsiyəni əsas gətirib. T.Yaqublu buna etiraz edib:

“Siz istəyirsiz ki, qapalı keçirəsiz. Günahsız adamı şərləmək sizə kifayət etmir. İttihamı istintaq verər, məhkəmə baxar. Burada məhkəmə var? (Prezident) İlham Əliyev sifariş verib, siz də icra edirsiz”.

Hakim həm də vəkillərə məhkəmə zalında kompüterdən istifadəni qadağan edib. Vəkillər də bildirib ki, ittiham aktı da daxil, bütün sənədlər elektron formada kompüterdədir. Əgər kompüterdən istifadə qadağan olunursa, o zaman bütün sənədlər onlara kağız formasında verilsin.

“Adam əvvəlcədən hardan bilə bilərdi ki, bir azdan kimsə onların maşınını vuracaq” Vəkillər prosesin bu cür aparılmasına və qadağalara görə hakimə etiraz veriblər. Etiraz baxılmamış saxlansa da, vəkillərə kompüterdən istifadəyə şərait yaradılıb.

T. Yaqublunun qızı Nigar Həzinin də iştirakına da icazə verilib. T.Yaqublunun anket məlumatları dəqiqləşdirilərkən o, iş yeri haqda hakimin sualına belə cavab verib:

“Mən qanunsuzluğa, saxtakarlığa, korrupsiyaya qarşı mübarizə aparıram...”

T. Yaqublunun vəkilləri məhkəmədə bir neçə vəsatət qaldırıblar. Onlar hadisə vaxtı çəkilmiş videogörüntünün iş materiallarına əlavə edilməsi, zərərçəkmiş Elxan və Cəvahir Cəbrayılovların martın 19-dan 24-nə qədər mobil telefon zəngləri və SMS-lərinin siyahısının alınmasını istəyiblər.

Vəkillər deyir ki, ittihamda E.Cəbrayılovun avtomobillə hərəkətdə olarkən T.Yaqublunun maşını ilə toqquşduğu, bundan sonra aralarında insident yarandığı yazılıb. Amma işə əlavə etmək istədikləri videoda E.Cəbrayılovun maşınının əvvəldən həmin ərazidə dayanıb gözlədiyi, işarədən sonra qəfildən T. Yaqublunun dayanmış avtomobilinə tərəf hərəkət etdiyi görünür.

“Bundan başqa, iş materiallarında hadisənin 15.25-də baş verdiyi yazılıb. Cəvahir Cəbrayılovanın Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəngi saat 15.21-də qeydə alınıb. Adam əvvəlcədən hardan bilə bilərdi ki, bir azdan kimsə onların maşınını vuracaq, özlərini döyəcək? Biz hesab edirik ki, bu hadisə əvvəlcədən quraşdırılıb, Cəbrayılovlar da məqsədli şəkildə orada gözləyib. Əlimizdəki görüntü də bunu sübut edir. Buyursun, ittiham tərəfi həmin şəxslərin təxribatçı olmadığını sübut eləsin. Zənglərin, SMS-lərin siyahısını alın, görək bu adamlar həmin ərəfədə kimlərlə danışıb”, - vəkil Elçin Sadıqov vəsatətləri belə əsaslandırıb.

“Qumbaranın səsindən eşitmə qabiliyyətimdə problem yaranıb” Vəkillərin daha bir vəsatəti T.Yaqublunun şüşə kabinədən çıxarılıb, müdafiəçilərinin yanında əyləşməsi haqda olub. T.Yaqublu özü də deyilənləri şüşə arxasından eşitməkdə çətinlik çəkdiyini söyləyib:

“İlham Əliyev kazinoda oynayanda Qarabağda mənim yanımda qumbara partlayırdı. Qumbaranın səsindən eşitmə qabiliyyətimdə problem yaranıb. Müalicə də almışam...” Bu vəsatət də təmin edilməyib. Prezident İlham Əliyev vaxtilə kazinoda qumar oynaması ilə bağlı söylənənləri cavablandırıb. O, hazırda fəaliyyət göstərməyən “ANS” televiziyasına müsahibəsində bu iddiaları özünə qarşı “ciddi şəkildə düşünülmüş böhran kampaniyası”, “şayiə” adlandırıb.

“Araşdırmalar nəticəsində məndə sübutlar var ki, bu, təşkil olunmuş, mənə qarşı şər, şəxsən məni ləkələmək üçün aparılmış kampaniyadır... Kazino məsələsi ilə mənim heç bir əlaqəm olmayıb... Kazinoda oynamamışam və heç nə uduzmamışam”, – o vaxt hələ prezident postunda olmayan İlham Əliyev deyib.

T.Yaqublu telefonuna baxış keçirilməsini istəyib: “Qanunsuz olaraq, cinayətkarcasına, həyat yoldaşımın əlindən zorla alınmış telefonuma niyə baxış keçirilmir? Orada səs yazıları, videogörüntülər var. Sizə həqiqət lazım deyil? Mantiya geyinməklə hakim olmur. Siz də məlum kateqoriyalı adamlarla birlikdə bu planın icraçısısınız...”

Prokuror T.Yaqubluya qarşı ittiham aktında yazılanları elan edib. Xatırlatma T.Yaqublu martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil E.Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublunun ittiham olunduğu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub. Amma T.Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı: ""8-ci kilometr bazarı"nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır".

Tofiq Yaqublunun işi ilə bağlı növbəti məhkəmə prosesi avqustun 7-ə təyin edilib.

XS
SM
MD
LG