Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:11

Orduya dəstək yürüşündən sonra həbs olunanların valideynləri narazıdır (YENİLƏNİB)


Baş Prokurorluqda qəbul

Orduya dəstək aksiyasından sonra həbs olunanların bəzi valideynlərini Baş Prokurorluğun İstintaq İdarəsində qəbul ediblər. Bu barədə Azadlıq Radiosuna valideynlərin özləri məlumat verib. Valideynlərin sözlərinə görə, görüş zamanı onlara istintaq getdiyini bildirdilər.

"Bildirdilər ki, bizə heç bir məlumat verə bilməzlər, hazırda istintaq gedir. Yəni demələrinə görə, məhkəmədə kimin günahı sübut olunacaqsa cəzasını çəkəcək, kim günahsızdırsa buraxılacaq. Konkret heç bir məlumat vermədilər", deyə onlardan biri vurğulayıb.

Bu açıqlamaya, hələlik, Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.

...

İyulun 14-də Milli Məclisin qarşısında baş vermiş hadisələrlə əlaqədar həbs olunmuş şəxslərin bir qrup valideynləri avqustun 10-da Baş Prokurorluğun qarşısına toplaşıb.

Şikayətçilərin sözlərinə görə, onlar həbs olunanların taleyindən narahatdılar. Onlar həmçinin bildirib ki, həbs olunanların bəziləri ümumiyyətlə Qarabağa dəstək yürüşündə iştirak etməyib. "Fuad Qəhrəmanlının taleyindən narahatıq. Bəxtiyar İmanov həmin gün heç evindən çıxmayıb, amma ona üç maddə ilə cinayət işi açıblar, buna etirazımızı bildiririk", aksiyada qeyd edilib.

Həbs olunanların valideynlərinin bəziləri övladların əvəzinə onların özlərini həbs etməyi təklif ediblər. "Vətəni sevmək cinayətdirsə gəlsinlər bu gün məni da həbs etsinlər, çünki mən 1988-ci ildən Şuşadan başlayaraq Azərbaycanın bütün ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişəm. Altı il erməni işğalçılarına qarşı mübarizə aparmışam…", deyə vurğulanıb.

Etirazçılar bildirib ki, onlara həbs olunanlarla əlaqə saxlamağa imkan yaradılmır. "Heç bir əlaqə saxlaya bilmirik. Bir dəfə paltarını göndərmişəm, bir dəfə isə ərzaq aparmışam. Orada isə mənə heç bir məlumat vermirədilər. Həddindən artıq etinasız yanaşırlar. Mən nə istəyirəm ki? Oğlum haqqında hər hansı bir formada məlumat almaq istəyirəm. Heç bir sübut olmadan ona xəstəlik yaymaq maddəsi verilib, vərəm xəstələri üçün müəssisəyə aparıblar. Ailədə altı nəfər yaşayırıq. Mənim oğlum əgər xəstədirsə deməli biz hamımız xəstə olmalıyıq. Ancaq bu yoxdur axı", deyə onlardan biri qeyd edib.

Baş Prokurorluğun nümayəndəsi şikayətçilərə bildirib ki, qurumun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov həbs olunmuş şəxslərin valideynlərini bu gün, avqustun 10-da qəbul edəcək.

Şikayətlərə ayrılıqda isə BaşProkurorlluqdan, hələlik, münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Bu il iyulun 14-də Bakıda orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında deyilir ki, iyulun 14-dən 15-nə keçən gecə baş verənlər nəticəsində yeddi polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Rəsmi açıqlamaya görə, iki xidməti avtomobil aşırılaraq yararsız hala salınıb. Rəsmi qurumlar bununla bağlı cinayət işi açıldığını açıqlayıblar. Amma onlar bu məsələlərlə bağlı konkret neçə nəfərin saxlandığını və onlardan neçəsinin cinayət işinə cəlb edildiyini bildirməyiblər.

Yerli hüquq müdafiəçilərinin iddasına görə, isə bu hadisələrlə bağlı 70 civarında şəxs saxlanmışdı.Onların 25-dən çoxunun açılan cinayət işinə cəlb edildiyi, haqqlarında həbs-qəti imkan tədbiri seçildiyi vurğulanır.

Bu cinayət işi üzrə həbs olunanlara qarşı özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə, ictimai asayişin pozulması və xəstəlik yaymaqla bağlı ittihamlar irəli sürülüb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki aparıcı üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə, ictimai asayişin pozulmasından əlavə, hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı da verilib.

Müxalifətdə olan AXCP bu hadisələrlə bağlı 15-dən çox üzvülərinin həbs edildiyini açıqlayıb. AXCP cəbhəçilərə bu məsələlərlə bağlı ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin, ümumiyyətlə, həmin yürüşdə iştirak etmədiyini bəyan edib

XS
SM
MD
LG