Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:44

Kreml Navalny məsələsinin Qərblə əlaqələrə ziyan vurmasını istəmir


V.Putin (solda) və A.Navalny (kollaj)
V.Putin (solda) və A.Navalny (kollaj)

44 yaşlı antikorrupsiya fəalı və Prezident Vladimir Putin-in sərt tənqidçisi olan Navalny hazırda Berlindəki Charite xəstəxanasında müalicə alır

Kreml deyir ki, Rusiya müxalifətinin lideri Aleksei Navalny-nin xəstələnməsinin Moskvayla Qərbin münasibətlərinə ziyan vurmasını istəmir, amma Navalny-nin “zəhərləndiyini” söyləməyə qarşı çıxır, bunun üçün tibbi testlər bədəndə zəhərli maddənin olmasını təsdiqləməlidir.

Kremlin sözçüsü Dmitry Peskov avqustun 26-da deyib ki, Rusiyanın Qərblə münasibətlərinə zərbə vuracaq fikir ayrılığına “səbəb yoxdur”.

“Əlbəttə, bunun baş verməsini istəmirik”, – Peskov jurnalistlərə söyləyib.

“Zəhər yoxsa, zəhərlənmədən necə danışa bilərik, axı?” – Peskov vurğulayıb.

“Mövcud şəraitdə kimsənin böhran atmasına qətiyyətlə qarşı çıxırıq, bu şəraitin zəhərlənmə adlandırılmasının əleyhinəyik, çünki qəti şəkildə zəhərlənmənin olduğu təsdiqlənməyib”, – sözçü deyib.

Bu arada insidentin araşdırılmasıyla bağlı beynəlxalq çağırışlar səngimir.

Britaniyanın Baş naziri Boris Johnson avqustun 26-da hadisənin müstəqil şəkildə araşdırılmasına çağırıb.

“Baş verənlərin tam və şəffaf şəkildə araşdırılmasını istəyirik. Günahkarlar məsuliyyətə cəlb olunmalıdırlar və Britaniya ədalətin təmin olunması üçün beynəlxalq cəhdlərə qoşulacaq”, – Johnson vurğulayıb.

***

Rusiya Navalny məsələsində Qərbin barmağından danışır

Rusiya hakimiyyəti müxalifət lideri Aleksei Navalny-nin bilərəkdən zəhərlənməsinə dəlilin artmasına baxmayaraq cinayət işi açmaqla bağlı çağırışları rədd edir, əvəzində Qərb konspirologiyasından danışır.

44 yaşlı antikorrupsiya fəalı və Prezident Vladimir Putin-in sərt tənqidçisi olan Navalny hazırda Berlindəki Charite xəstəxanasında müalicə alır. O, ötən həftə Sibirdən Moskvaya qayıdarkən təyyarədə özünü pis hiss edib. Tərəfdarları onun zəhərlənməsi ehtimalını səsləndiriblər.

Almaniyanın dünyaca məşhur klinikası avqustun 24-də bildirib ki, genişmiqyaslı testlər Navalny-nin “zəhərləndiyini” göstərir. Kremlin tənqidçisi hələ də reanimasiya şöbəsində, süni komadadır.

“Boş səs-küydən başqa bir şey deyil”

Xəstəxana bəyanatında xəstənin analizlərində “xolinesteraza inhibitorları adlanan maddələr qrupundan zəhərlənmə əlamətinin aşkarlandığını” bildirib.

Qərb Navalny-nin şübhələnməsi iddiaları üzrə təhqiqat aparılması, məsuliyyət daşıyanların cəzalandırılması üçün Rusiyaya təzyiqi gücləndirir.

Rusiya isə Navalny-nin qəsdən zəhərlənmə qurbanı olmadığını bildirir. Kremlin sözçüsü Dmitry Peskov avqustun 25-də bildirib ki, hökumətə və Putinə qarşı hər hansı ittiham “qətiyyən həqiqət ola bilməz, boş səs-küydən başqa bir şey deyil”.

Peskov-un fikrincə, almaniyalı həkimlər “zəhərlənmə” sözünü işlətməyə tələsirlər, “təhqiqat aparılması üçün səbəb olmalıdır. Hazırda xəstə komadadır”.

Rusiya parlamentinin aşağı palatasının, Dövlət Dumasının spikeri isə elan edib ki, komitələrindın biri şübhəli zəhərlənmənin arxasında “xarici dövlətlər”in durmasını araşdıracaq.

“Dövlət Dumasının təhlükəsizlik komitəsinə göstəriş veriləcək ki, bunun Rusiya daxilində gərginliyi alovlandırmaqdan, ölkəmizə qarşı yeni ittihamlar formulə etməkdən ötrü Rusiya vətəndaşının səhhətinə xarici dövlətlər tərəfindən qəsd olmasını araşdırsın”,Vyacheslav Volodin bəyanatında vurğulayıb.

“Xüsusi təlim keçmiş kimi görünürlər”

Nalvalny-nin sözçüsü Kira Yarmysh isə tvitində yazıb ki, Rusiya rəsmiləri “xarici müdaxiləni günahlandırmaq” üçün xüsusi təlim keçmiş kimi görünürlər.

“Bunun sadəcə absurd və tamamilə şizofrenik səslənməsinin isə məsələyə heç dəxli olmadığını düşünürlər”, – o yazıb.

“Cinayətin yetərincə araşdırılmayacağı, cinayətkarın tapılmayacağı aydın idi… Ancaq Peskov-un bu haqda danışıq tərzi məni hiddətləndirir”, – o, başqa bir tvitində qeyd edir.

Navalny-ni müalicə etmiş rusiyalı həkimlər isə almaniyalı həmkarlarından fərqli bəyanatlar veriblər. Onlar siyasətçinin zəhərləndiyini iddia etməyə yetərincə dəlil olmadığını deyirlər.

Birləşmiş Ştatlar və Avropa ölkələri Rusiyanı şübhəli zəhərlənməsini dərhal araşdırmağa çağırıb.

ABŞ Dövlət katibi Mike Pompeo avqustun 25-də deyib ki, Birləşmiş Ştatlar Navalny-nin zəhərlənməsinə dair ilkin tapıntılardan “dərin narahatlıq” keçirir.

“Məlumatlar dəqiqdirsə, Birləşmiş Ştatlar AB-nin hərtərəfli təhqiqat aparılması çağırışını dəstəkləyir və buna yardım etməyə hazırdır”, – o, bəyanatında vurğulayıb.

Fransanın Xarici İşlər Nazirliyi bildirib ki, “bu cinayətkar hərəkət” üçün məsuliyyət daşıyanlar müəyyənləşdirilməli və cəzalandırılmalıdır.

ABŞ diplomatı ilə görüşdə nə baş verib

ABŞ Dövlət katibinin köməkçisi Stephen Biegun avqustun 25-də Moskvada Rusiyanın Xarici işlər naziri Sergei Lavrov və digər diplomatlarla görüşüb. O, Navalny-nin vəziyyətindən, “onun zəhərlənməsi haqda məlumatların vətəndaş cəmiyyətinə təsirindən” dərin narahatlıq bildirib, istənilən demokratik cəmiyyətdə şəffaflıq və ifadə azadlığının əhəmiyyətini vurğulayıb. Bu haqda ABŞ səfirliyinin sözçüsü Rebecca Ross Twitter-də yazıb.

Görüşdən sonra Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb. Məlumata görə, Biegun kəskin xəbərdarlıqla çıxış edərək deyib ki, Navalny-nin zəhərlənməsi təsdiqlənərsə, Birləşmiş Ştatların atacağı addımlar Vaşinqtonun Rusiyanın 2016-cı il ABŞ-da prezident seçkisinə müdaxiləsinə reaksiyasını aşacaq.

Nazirlik bildirir ki, Rusiya diplomatları da Biegun-a əsassız ittihamlarla bağlı xəbərdarlıq ediblər, Rusiya hakimiyyətinin “baş verənlərin hərtərəfli və maksimum obyektiv araşdırılmasına” tərəfdar olduqlarını deyiblər.

Navalny Rusiyada hakimiyyətin yüksək eşelonlarında korrupsiyanı ifşa edib, əvvəllər bir neçə dəfə fiziki hücumlara məruz qalıb. O, dəfələrlə həbs olunub, prezident, Moskvada mer seçkilərinə buraxılmayıb.

XS
SM
MD
LG