Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:44

Siyasi fəalların vəkillərindən şikayətçi olanlar: prokurorluq, keçmiş deputat...


Vəkillər Kollegiyası
Vəkillər Kollegiyası

Vəkillər Kollegiyası ictimai-siyasi fəalların vəkillərindən Zibeydə SadıqovaBəhruz Bayramova qarşı şikayətlərə baxıb. Z.Sadıqovadan prokurorluq, B.Bayramovdan isə keçmiş deputat Cahangir Hüseynov şikayətçi olub. Hər iki şikayət əsassız hesab edilərək rədd olunub.

Bir sıra qalmaqallı işlərə çıxan vəkil Janna Bağırovanın isə Vəkillər Kollegiyasından çıxarılmasına qərar verilib. Onun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət haqda qərar qəbul edilib. Bu qərar J.Bağırovadan vətəndaşların şikayətinin çoxluğuyla əlaqələndirilib.

Adları çəkilən vəkillərlə bağlı qərarları Vəkillər Kollegiyasından da AzadlıqRadiosuna təsdiqləyiblər. J.Bağırovanın çıxarılmasına gəlincə, bildirilib ki, onun haqqında bundan öncə dəfələrlə intizam icraatı başlanıb.

Vəkil keçmiş deputatı məhkəməyə verəcək

Haqqında qərar verilən vəkillərdən Z.Sadıqova AzadlıqRadiosuna bildirib ki, prokurorluğun ondan şikayəti Gəncə işi ilə bağlıdır: "Gəncə hadisələrinə görə ən son həbs olunanlardan Müşfiq Qurbanovun vəkiliyəm. Onun ilk dindirmələri dövlət hesabına vəkilin iştirakıyla olub. O bildirirdi ki, özünün istədiyi vəkilin bu prosesdə iştirakına imkan yaradılmayıb, müdafiə hüququ pozulub. Ona görə vəsatət vermişdim ki, mənim iştirakımla yenidən dindirilsin. Buna görə müstəntiq tərəfindən Baş Prokurorluğa, oradan da Vəkillər Kollegiyasına şikayət olunmuşdu".

B.Bayramov da AzadlıqRadiosuna təsdiqləyib ki, Vəkillər Kollegiyası onunla bağlı şikayəti rədd edib: "Mənim vəkil kimi çıxdığım işlərdən birində keçmiş deputat Cahangir Hüseynov qarşı tərəf idi. O məndən şikayət etmişdi ki, guya məhkəmədə içkili vəziyyətdə onu vurmuşam. Daha sonra sosial şəbəkələrdə yazdığım bir şərhdən şikayət vermişdi. Hər iki məsələ ilə bağlı araşdırma aparıldı, əsassız olduğu üçün rədd edildi".

B.Bayramov deyir ki, indi onun özü sabiq deputatı məhkəməyə vermək üçün iddia hazırlayır: "Mənə böhtan atdığına, işgüzar nüfuzuma zərbə vurmağa çalışdığına görə məhkəməyə verəcəm".

Xatırlatma

Bir müddət əvvəl prokurorluq siyasi fəalların vəkillərindən N.Kərimlidən də şikayət etmişdi.

Həmin şikayət Milli Şuranın və Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun ötən il oktyabrın 19-da mitinqdə saxlandıqdan sonra Nəsimi Rayon Polis İdarəsində işgəncəyə məruz qalmasıyla bağlı idi. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin söylədiklərinə istinad edərək bu haqda mediaya açıqlama verdiyinə görə prokurorluq rəhbərliyi ondan şikayətçi olub, onun cəzalandırılmasını istəmişdi. Bu şikayət də təmin olunmayıb.

Adları çəkilən vəkillər hazırda Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, ilahiyyatçı Taleh Bağırov, AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ əlili Asif Yusifli və digər tanınmış ictimai-siyasi fəalların hüquqlarını müdafiə edir.

Vəkillər Kollegiyasının rəhbərliyi zaman-zaman müstəqil mövqeli vəkillərin sıxışdırılması və cəzalandırılmasında ittiham olunur. Amma Kollegiyanın Rəyasət Heyətinin sədri Anar Bağırov bu barədə deyilənlərin əsassız olduğunu bildirir.

XS
SM
MD
LG