Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:07

4 il 3 ay həbs alan T.Yaqublunun qızı: 'Hökm çıxaran prezident İlham Əliyevdir'


Tofiq Yaqubluya 4 il 3 ay həbs cəzası verildi
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

Tofiq Yaqubluya 4 il 3 ay həbs cəzası verildi

Milli Şuranın və Müsavat Partiyasının fəalı Tofiq Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edildi. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyev bu barədə hökm çıxarıb.

Hakim hökmü tam elan etməyib. Bu üzdən ittiham hökmünün necə əsaslandırıldığı məlum deyil. Hökmün nəticə hissəsindən aydın olub ki, T.Yaqublu bu həbs müddətini ciddi rejimli cəzaçəkmə məntəqəsində çəkməlidir.

T.Yaqublu həbs olunandan bu yana onun avtomobili də, telefonu da polis idarəsindədir. Hökm qüvvəyə minəndən sonra onların qaytarılması nəzərdə tutulub.

T.Yaqublunun vəkili Aqil Layıc AzadlıqRadiosuna bildirib ki, hökm ədalətsiz və əsassızdır. Vəkilin sözlərinə görə, bu məhkəmə prosesi boyunca müdafiə tərəfi əl-qolu bağlı vəziyyətdə saxlandı:

"Müdafiə tərəfinin qaldırdığı, həqiqətin üzə çıxması üçün çox vacib olan vəsatətlərin heç biri təmin olunmadı. Müdafiə tərəfi olaraq, bizim işimiz yazmaq, vəsatətlər verməkdir. Bunlara əhəmiyyət verilmədi. Biz əl-qolu bağlı vəziyyətdə saxlandıq. Əgər gerçək araşdırma aparılsaydı, Tofiq Yaqublunun təqsirsizliyi sübuta yetəcəkdi. Təəssüf ki, məhkəmə bunu eləmədi".

Vəkil Nizami Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəklərini vurğulayıb.

"İlham Əliyev bu məsuliyyətin altından necə qalxacaq..."

T.Yaqublunun qızı Nigar Həzi deyir ki, hökmü hakim Nəriman Mehdiyev səsləndirsə də, əslində, atasına hökm çıxaran prezident İlham Əliyevdir.

Atasının sentyabrın 2-dən başladığı aclığı davam etdirdiyini bildirən N.Həzinin sözlərinə görə, T.Yaqublu bu aksiyanı qələbəyə qədər dayandırmayacağını söyləyib.

"İlham Əliyev qərar verəcək: Tofiq Yaqublunu ya azadlığa buraxacaq, ya da ölümünə fərman verəcək. Hər şey açıq-aşkardır. Bütün cəmiyyət Tofiq Yaqublunun suçsuz olduğunu bilir. İlham Əliyev bu məsuliyyətin altından necə qalxacaq, bunu düşünsün", – N.Həzi belə deyib.

Qızının sözlərinə görə, T.Yaqublunun səhhətində ciddi problemlər var. Bu üzdən aclığa başlaması ailəsinin onun durumuyla bağlı narahatlığını artırıb: "Ötən il o, Milli Şuranın 19 oktyabr mitinqində həbs olunanda işgəncəyə məruz qalmışdı və nəticədə səhhətində ciddi problemlər yaranmışdı. Əməliyyat keçirmişdi və az sonra yenə həbs olundu. Bu aclıq onun səhhətinə təsirsiz ötüşməyəcək. Üzümü İlham Əliyevə tuturam, əgər Tofiq Yaqubluya nəsə olsa, cavabını o verəcək...".

Xatırlatma

Tofiq Yaqublu bu il martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil E.Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublunun Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunurdu. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyirdi.

XS
SM
MD
LG