Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:49

Ağzını tikdiyi bildirilən Nardaran məhbusundan xəbər var


C.Babakişizadə
C.Babakişizadə

Qobustan həbsxanasında avqustun 27-dən aclıq edərək, ağzını tikdiyi bildirilən Nardaran məhbusu Cahad Babakişizadənin yaxınları onun durumundan narahatdır. 24-yaşlı məhbusun ailə üzvləri AzadlıqRadiosuna bildirib ki, ötən bir həftə ərzində Cahadın nə səsini eşidiblər, nə də üzünü görüblər. Yaxınları deyir ki, C.Babakişizadənin durumunu araşdırmaq üçün Qobustan həbsxanasına gedən vəkilinin onunla görüşünə imkan verilməməsi narahatlıqlarını daha da artırıb: "Vəkil gedib onu görsəydi, bilsəydik ki, sağ-salamatdır, bir az sakitləşərdik. Amma vəkili də buraxmayıblar. Qobustan həbsxanasında olan başqa bir müvəkkili ilə görüşə bilib, amma Cahadla yox. Bundan sonra narahatlığımız daha da artdı. Çünki görüşməyə qoymurlarsa, deməli, nəsə yolunda deyil, üzə çıxmasını istəmirlər".

"Elə tələblər irəli sürür ki, yerinə yetirmək mümkün deyil"

C.Babakişizadənin atası və qardaşı avqustun 31-də Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidovun qəbulunda olmuşdu. Ailə üzvlərinin dediyinə görə, idarə rəisi görüşdə onlara söz vermişdi ki, məsələni araşdıracaq, bundan ötrü həbsxanaya nümayəndə göndərəcək. Yaxınları deyir ki, M.Seyidov verdiyi vədə əməl edib: "Mirsaleh müəllim özü bizim ailə ilə əlaqə saxlayıb dedi ki, Penitensiar Xidmətin polkovniki gedib həbsxanada Cahadla görüşüb. Amma elə tələblər irəli sürür ki, yerinə yetirmək mümkün deyil. Bizim bildiyimizə görə, Cahadın tələbi həbsxana rəhbərliyinin məhbuslarla normal rəftar etməsidir".

Ailə üzvlərinin sözlərinə görə, C.Babakişizadə hələ də həbsxanada cərimə kamerasında (kars) saxlanılır və aclığı davam etdirir:

"Atası və qardaşıyla görüşdə Mirsaleh müəllim demişdi ki, artıq ağzının tikişlərini söküblər. Bu dəfə bizimlə əlaqə saxlayanda xahiş elədik ki, Cahadın evə zəng eləməsinə imkan yaradılsın. Həm səsini eşidib bir az rahatlaşaq, həm də onunla danışıb yola gətirək. Dedi ki, karsda olduğuna görə zəng eləyə bilməz. Çox xahiş elədik, bildirdi ki, zəng məsələsi üçün çalışacaq. Amma hələ zəng eləməyib. Xəbərimiz var ki, aclığı davam etdirir".

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən isə AzadlıqRadiosunun bu barədə sualına cavab olaraq bildirilib ki, məhkumların yaxınlarının rəsmi qaydada şikayəti olarsa, məsələ araşdırılır və qanuna uyğun addımlar atılır.

C.Babakişizadə sonuncu dəfə avqustun 26-da ailə üzvləri ilə telefonla danışarkən belə deyib: "Əgər telefon danışığı kəsilsə, bilin ki, ağzımı tikib aclıq eləmişəm. Səbəb də budur ki, həbsxana rəhbərliyinin özbaşınalığı məni cana-boğaza yığıb. Əlimdən də başqa bir şey gəlmir. O qədər özbaşınalıq eləyirlər, artıq pik həddədir. Məni heç nədən karsa salıblar...".

Ailə üzvləri bundan sonra danışığın kəsildiyini deyir.

Xatırlatma

Həbs edilərkən 19 yaşı olan C.Babakişizadə 14 il 6 ay azadlıqdan məhrum edilib. O, öncə 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılırdı. 2018-ci ilin oktyabrında 3 illik Qobustandakı həbsxanaya köçürülüb.

C.Babakişizadə dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama, terrora çağırış və s. əməllərdə təqsirli bilinib məhkum edilsə də, özünü günahkar saymır. Bildirir ki, ittihamlar saxtadır. Məhkəmədə ifadəsində bildirib ki, əməliyyat keçirilən gün evdə günorta namazına hazırlaşdığı vaxt qonşuluqda yaşayan Əbülfəz Bünyadovun evi tərəfdən səs gəlib. Nə baş verdiyi ilə maraqlanmaq üçün küçəyə çıxıb o tərəfə gedib və orada qaramaskalı polislər tərəfindən sinəsindən güllələnib. Əlində qumbara olması barədə etiraf ifadəsinə gəlincə, bildirir ki, xəstəxanada reanimasiyada olarkən ona imzalatdırıblar.

2015-ci ilin dekabrında altı nəfərin ölümüylə nəticələnmiş Nardaran əməliyyatından sonra Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov özü də daxil, təşkilatın xeyli üzvü həbs olunub. Onlar 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər ittihamların saxta olduğunu, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirirlər.

Sözügedən idarənin əməkdaşları isə məhkəmədə ifadə verərkən işgəncə iddialarını təkzib ediblər.

XS
SM
MD
LG