Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:57

'Adıma saxta kredit müqaviləsi tərtib ediblər'


RoyalBank
RoyalBank

Abşeron sakini Həlimə Talıbova deyir ki, onun haqqında anket məlumatlarından istifadə edib, imzasını da saxtalaşdırıb adına kredit ayırıblar. Özünün bundan illərlə xəbəri olmayıb. Bu il məhkəməyə veriləndə xəbər tutub.

İddia olunur ki, H.Talıbova 2010-cu ilin martında "RoyalBank"dan 20 min manat kredit götürüb. Kreditin illik faizi 22, ödəniş vaxtı isə 4 il olub. İddiaya görə, H.Talıbova o kreditə görə ümumilikdə 12 min manat pul ödəyib. Bunun da 5 min 925 manatı əsas borcdan çıxılıb, 6 min 75 manatı faiz hesablanıb.

"1000 manat kredit götürüb vaxtında ödəmişəm"

Mərkəzi Bank 2012-ci il iyulun 13-də "Royal Bank"ın lisenziyasını ləğv edib. Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur. Bu qurum məhkəmədə H.Talıbovaya qarşı iddia qaldırıb, ondan 21 min manat pul tələb edib. Bunun 14 min manatı əsas borc, 7 min manatı isə faizdir. Sonradan Fondun tələbləri artıb, dəbbə pulu və s. də istəyib. Tələb olunan məbləğ̆ 26 min manata çatıb.

Abşeron Rayon Məhkəməsi bu iddianın 23 min 750 manatlıq hissəsini təmin edib. H.Talıbovanın Fonda bu qədər vəsait ödəməsi haqda qərar çıxarıb.

Bu qərardan narazı qalan qadın bu ilin iyulunda apellyasiya şikayəti versə də, nəticə dəyişməyib. Sumqayıt Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. İndi o, Ali Məhkəməyə üz tutmaq niyyətindədir.

Sənədlərdə yazılıb ki, o, krediti bankın 8 saylı filialından götürüb. H.Talıbova isə deyir ki, heç həmin filialın harada yerləşdiyini bilmir: "Bu işə Abşeron Rayon Məhkəməsində baxılanda dedik ki, bankın işçiləri məhkəməyə çağırılıb dindirilsin, onlardan xətt nümunələri götürülsün. Dedilər ki, bank bağlandığına görə işçiləri gətirmək mümkün deyil. Mən uzun illər əvvəl həmin bankdan 1000 manat kredit götürüb vaxtında ödəmişəm. Eşitdiyimə görə, müdiriyyət müştərilərin əvvəlki sənədləri ilə saxta kredit müqavilələri yazıb, böyük məbləğdə pullar götürüb, sonra da ödəməyib".

Deyir, adından qol çəkiblər

H.Talıbova vurğulayıb ki, yaşlı adamdır, heç̧ yerdə işləmir, belə olan halda, bank ona 20 min manat kredit də verməzdi. Sənədlərdə 20 min manatın ona mebel alınması üçün ayrıldığı göstərilib. Qadın isə bildirir ki, onun mebelə ehtiyacı olmayıb.

Məhkəmə belə nəticəyə gəlib ki, kredit müqaviləsindəki imza H.Talıbovaya aiddir.

O isə bildirir ki, yalandır, əvvəlki müqavilədə olan imzasına uyğunlaşdırıb, onun adından qol çəkiblər.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində "Royal Bank"ın direktoru Fuad Cam və atası, bankın müşahidə şurasının sədri olmuş Əli Camın məhkəməsi gedir.

Bir neçə ildir beynəlxalq axtarışda olan F.Cam bu ilin aprelində saxlanılaraq Azərbaycana gətirilib. Ata və oğul Cam külli miqdarda mənimsəmədə ittiham olunur.

Cinayət işi üzrə zərərçəkmiş qismində isə Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sığortalanması Fondu tanınıb.

Ə.Cama isə mənimsəmə ilə yanaşı, külli miqdarda vergidən yayınma ittihamı da verilib.

XS
SM
MD
LG