Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:21

'Azərbaycanda təhsil millətin gələcəyindən daha çox, biznes sahəsinə çevrilib'


İnfoqrafika: Yeni dərs ili
İnfoqrafika: Yeni dərs ili

Tədris ilinin yaxınlaşması ( dərslər sentyabrın 15-də başlayır) məktəb ləvazimatları və paltarlarının qiymətlərini yenidən gündəmə gətirib. Koronavirus pandemiyası ilə bağlı iri ticarət mərkəzlərinin hələ qapalı olması alış-verişdə problem yaradırmı?. Bəs qiymətlər necədir?

“ Nəticədə ucuzluq olardı”

Vahid Əhmədov, 18 oktyabr 2011
Vahid Əhmədov, 18 oktyabr 2011

AzadliqRadiosunun müraciət etdiyi şəxslər də həmin sualların üzərində dayanır. Milli Məclisin deputatı Vahid Əhmədov hesab edir ki, ticarət mərkəzləri açılmadığından məktəbli geyimləri, tədris ləvazimatlarının alınmasında problemlərin yaşana bilər. O əlavə edir ki, məktəblər açılana qədər sahibkarlar da, alıcılar da iri ticarət mərkəzlərindən mal götürərdilər:

“ Nəticədə ucuzluq olardı. İkinci, təhsil naziri Emin Əmrullayev məktəbli formalarının satışında heç bir problem olmayacağını və fabriklərin işlədiyini dedi. Amma qiymətlərdə müəyyən problemlərin olacağı mümkündür ”.

Vahid Əhmədov hesab edir ki, indiki pandemiya şəraitində orta statistik azərbayanlı ailəsi üçün 2 məktəblini dərsə yola salmaq problemdir:

“Səbəb də iş yerlərini itirənlərin çox olmasıdır. Düzdür, dövlət başçısı bunları nəzərə alaraq əhaliyə müəyyən yardımlar göstərir. Amma problemlər varsa, yardımların yenə olması istisna edilmir.”

“Azərbaycan minimum əməkhaqqına görə, MDB ölkələri arasında aşağı yerlərdədir”

Nazim Bəydəmirli, arxiv foto
Nazim Bəydəmirli, arxiv foto

İqtisadçı-alim Nazim Bəydəmirli də təəssüflənir ki, orta aylıq əməkhaqqı 800 manat civarında olsa da, bir ailədə iki uşağın məktəbə göndərilməsi üçün göstərilən rəqəmdən daha çox vəsait tələb edilir:

“Məktəb bir çox tələbləri də gətirir, şagirdlərin dərslikdən əlavə test kitabçaları, dərgilər alması, repititorluğun inkişaf etməsi ailə büdcəsinin hamısını yeyir. Məsələ ondadır ki, Azərbaycan minimum əməkhaqqına görə MDB ölkələri arasında aşağı yerdədir”

“Ötən illə müqayisədə qiymətlərdə ciddi fərqlər var”

Məktəb ləvazimatları mağazası, arxiv foto
Məktəb ləvazimatları mağazası, arxiv foto

Nazim Bəydəmirli vurğulayır ki, hər il Azərbaycanda övladını məktəbə göndərə bilməyən valideynlərin intihar xəbərini eşitmək üzücüdür:

“Bizim ailə də məktəb ləvazimatı alıb, ötən illə müqayisədə qiymətlərdə ciddi fərqlər var. Qiymətlər inflyasiya dərəcəsinə uyğun artmır, daha çox artır. Çox təəsssüf ki, qiymət artımı vətəndaşların maaşı, pensiyaları, digər təminatlarının artmasından daha sürətlidir. İnsanlar çatdıra bilmirlər, bu, etiraf olunmalıdır”.

İqtisadçı Azərbaycanda sosial dövlət anlayışının Konstitusiyaya gətirildiyini qeyd edərək bildirir ki, ali məktəblərdə təhsil haqqı da yüksəkdir:

“Adi bir misal, onlayn təhsil olmasına baxmayaraq universitetlər təhsil haqqını endirmirlər. Təəssüf ki, Azərbaycanda təhsil millətin gələcəyindən daha çox, biznes sahəsinə çevrilib. Düzdür, Təhsil Nazirliyi son bir neçə ildə dövlət sifarişi əsasında tələbə hazırlığını artırmağa başlayıb. Ancaq universitetlərin kadr yetişdirmək əvəzinə daha çox diplom satmaqla məşğul olması təəssüfləndiricidir.”

“Bu, urbanizasiyanın çox mənfi yöndə getməsindən irəli gəlir”

Bakı, Sulutəpə qəsəbəsi, arxiv foto
Bakı, Sulutəpə qəsəbəsi, arxiv foto

O, bölgə vətəndaşlarının təqribən 60 faizinin Bakı və ətraf qəsəbələrdə məskunlaşmasının xüsusilə narahatlıq doğurduğunu vurğulayır:

“Təsəvvür edin ki, həmin ailələrdən nə qədər uşaq məktəbə getməlidir. Onların böyük əksəriyyəti rayonlarda, kəndlərdə qeydiyyatda olsa da, iri şəhərlərə gəlib repititor yanına getməyə üstünlük verirlər. Bu, urbanizasiyanın çox mənfi yöndə getməsindən irəli gəlir. Ona görə şəhər məktəblərində çox sıxlıq olması və bəzən 3 növbəli tədrisə keçid heç kəsə sirr deyil. Nəticədə müəllimlər də, şagirdlər də yorulur. Adi bir misal, Naxçıvan Muxtar Respublikasnın bir kəndində 3 mərtəbəli məktəb tikilir, amma şagirdlərin sayı çox az olur. Yaxud Gədəbəydə 11-ci sinifdə 7-8 şagird oxuyur. Sadalananlar urbanizasiyanın mənfi istiqamətdə getməsiylə bərabər hökumətin regionların iqtisadi inkişafı yönündə birtərəfli siyasət aparmasından irəli gəlir”.

O, problemlərin kifayət qədər olduğunu vurğulayır:

“Bu mənada yalnız təhsildə problemləri həll etmək mümkün deyil, problemlər kifayət qədərdir. Konkret olaraq, regionların tarazlı inkişaf etməməsi konsepsiyasının olmamasının göstəricisidir Nə qədər yüksək səviyyəli kadrlar seçilsə də, proqram olmasa, uğur gətirməyəcək”.

“Molların fəaliyyətinə icazə verilsin”

Vügar Bayramov - 17 yanvar 2014
Vügar Bayramov - 17 yanvar 2014

Deputat Vüqar Bayramov isə sədri olduğu İqtisadi və Sosial İnkişaf Mərkəzinin məktəb ləvazimatları satılan mağazalarda monitorinq aparmadığından konkret fikir söyləyə bilməyəcəyini deyir. Amma Vüqar Bayramov molların açılamasının tərəfdarı olduğunu bildirir:

“Ötən ayın əvvəlində təklif etmişdim ki, həm qapalı ticarət obyektlərinin fəaliyyətinə icazə verilsin, artıq bu, reallaşdı. Eyni zamanda, standartlara əməl olunmaqla molların və şadlıq saraylarının fəaliyyətinə icazə verilməlidir. Amma məktəb paltarlarnı və dərslik ləvazimatlarını ixtisaslaşmış mağazalar satdığından molların fəaliyyətinin olmaması xüsusi bir çətinlik yaratmaz. Bununla belə molların fəaliyyəti məqsədəuyğundur, çünki bu obyektlər məşğulluq baxımından vacibdir. Bu kontekstdən təklif etdik ki, oktyabrın 1-dən standartlar hazırlanması şərtiylə molların fəaliyyətinə icazə verilsin”.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 28 milyon 946 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 924 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək ümumilikdə 38 min 172 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 559 nəfərin vəfat etdiyi açıqlanıb. Koronavirusla bağlı Azərbaycanda ötən tədris ilində dərslər martın 3-də dayanmışdı. Bu il isə yalnız I-IV sinif şagirdləri məktəblərə öz vaxtında, sentyabrın 15-də gedə biləcəklər. Onda da həftədə iki-üç dəfə olmaq şərti ilə. Dərslər əsasən onlayn başlamalıdır. V-IIX sinif şagirdləri adi qaydada dərslərə oktyabrın 1-dən, IX-X sinif şagirdləri isə oktyabrın 15-dən başlamalıdırlar. Rəsmi açıqlamalara görə, prosesin gedişi sanitar-epidemioloji vəziyyətdən asılı olacaq.

XS
SM
MD
LG