Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:31

Gəncə işi: 'Amansızlıqla güllələnənin bacısıyam...'


E.Vəliyev/Y.Səfərov
E.Vəliyev/Y.Səfərov

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşının güllələnməsiylə bağlı yarım ildən çoxdur təxirə salınan məhkəmə prosesi oktyabrın 1-də başlayıb. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Məhkəmə prosesinə jurnalistlər, hətta təqsirləndirilən şəxslərin yaxınları da buraxılmayıb. Bu iş üzrə ümumilikdə 12 nəfər təqsirləndirilən şəxs qismində tanınıb. Amma onlardan ikisi saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb. Sözügedən iki nəfərin – Anar Bağırov və Ağa Sərxaninin ailə üzvləri hüquqi varis qismində tanınıb və məhkəmə prosesində iştirak edir.

Məhkəmədə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilərkən A.Bağırovun hüquqi varisi Aynurə Bağırova özünü belə təqdim edib: "Binəqədidə xüsusi amansızlıqla güllələnən Anar Bağırovun bacısıyam...".

"İnsanlar aylardır qapalı yerdə gözləyir ki, nə vaxt məhkəmə keçiriləcək"

Vəkillər işə ağlabatan müddətdə baxılmasıyla bağlı qanunvericiliyin tələbinin pozulmasından şikayətləniblər. Bildiriblər ki, bu iş yanvar ayında məhkəməyə göndərilib. Amma pandemiyanı əsas gətirib aylardır ki, məhkəmə prosesi keçirilmir.

"Pandemiya ilə bağlı məhdudiyyətləri anlayırıq. Amma bu, şəxsin ağlabatan müddətdə məhkəmə qarşısına çıxarılmaq hüququnun pozulmasına əsas ola bilməz. İnsanlar aylardır qapalı yerdə gözləyir ki, nə vaxt məhkəmə keçiriləcək. O insanlar ki, təqsirsiz olduqlarını deyirlər, bəraət istəyirlər", – vəkil Zibeydə Sadıqova bildirib.

Vəkillər jurnalistlərlə bağlı qadağaya da etiraz edib. Bildiriblər ki, bu, ictimai önəm kəsb edən işdir, insanlar məhkəmədə ortaya çıxan halları bilmək istəyir. Bu baxımdan, media nümayəndələrinin iştirakı vacibdir. Vəkil Cavad Cavadov avqustda Abşeron rayon Məhkəməsində keçmiş deputat İlham Əliyevin (Ramiz Mehdiyevin kürəkəni-red.) karantin rejimi qaydalarının pozulmasına görə həbs olunduğu məhkəmə prosesini yada salıb. Bildirib ki, həmin iş səs-küyə səbəb olduğuna görə məhkəmə prosesində nəinki jurnalistlərin iştirakına, hətta məhkəmədən canlı yayıma da şərait yaradılmışdı.

"Telefon danışığına imkan verilsin"

Keçmiş icra başçısı və mühafizəçisini güllələməkdə suçlanan Yunis Səfərovun vəkili Bəxtiyar Hacıyev onun üçüncü ildir ki, ailə üzvləri ilə görüş və telefon danışığı hüququnun məhdudlaşdırıldığını deyib: "Penitensiar Xidmət deyir ki, biz məhdudiyyət qoymamışıq. İstintaq da bitib, iş məhkəmədədir. Ombudsman Aparatına, başqa aidiyyəti orqanlara müraciət olunub. Deyirlər ki, məhkəmənin icraatındadır iş, ona görə məhkəmə qərar verməlidir. Xahiş edirik, siz də səlahiyyətiniz çərçivəsində tədbir görəsiniz. Anası, həyat yoldaşıyla telefon danışığına imkan verilsin".

Vəkillər hüquqlarını müdafiə etdikləri şəxslərin ev dustaqlığına buraxılması, barələrində cinayət işinə xitam verilməsi, səhhətində problem olan təqsirləndirilən şəxslərin ekspertizadan keçirilməsi barədə də vəsatətlər qaldırıblar. Təqsirləndirilən Ceyhun Salahovun vəkili bildirib ki, müvəkkili epilepsiya xəstəsidir, istintaq təcridxanasında tez-tez huşunu itirir.

Müdafiəçilərin hamısı məhkəmə prosesinin gedişində audio yazıya icazə verilməsini istəyiblər.

Qaldırılan vəsatətlərin heç biri təmin olunmayıb. Məhkəmə baxışı isə oktyabrın 13-nə təyin edilib.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin ozamankı başçısı Elmar Vəliyevə və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd törətməkdə suçlanan Y.Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Y.Səfərovun yaxınları isə bu iddianı təkzib edir.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib.

Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Gəncə hadisələrinə görə həbs edilənlər həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.

Y.Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG