Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:50

Z.Əlizadə: 'Beynəlxalq birlik bu məsələyə biganədir'


BTC
BTC

Azərbaycanın rəsmi qurumları dünən, oktyabrın 6-da Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin hədəf alındığını bildirdilər.

Baş Prokurorluq açıqladı ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələri oktyabrın 6-da regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan BTC neft kəmərini hədəfə alıblar.

Qeyd edildiyinə görə, kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Azərbaycan ordusunun tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınıb.

"Bu kəmərlə daşınan neftin həcmi..."

Politoloq Zərdüşt Əlizadə AzadlıqRadiosuna deyib ki, beynəlxalq birlik tərəfindən heç bir reaksiya gözləmir:

Z.Əlizadə
Z.Əlizadə

"Beynəlxalq birlik bu məsələyə biganədir. Həmin raketlər Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 10 metrliyində düşüb. Hətta kəmərə zərər versəydi belə... Bu kəmərlə daşınan neftin həcmi dünya neft mizanında 0.1 faizdir. Yəni, bilirlər ki, sonra Azərbaycan kəməri təmir edəcək və təzədən neft kəmərlə axacaq".

"...və mənasızdır"

Z.Əlizadə hesab edir ki, BTC-nin hədəf alınması Ermənistan tərəfinin çarəsizliyi və əlacsızlığıdır: "Bu, çıxış yolu deyil və mənasızdır".

Onun fikrincə, Ermənistan tərəfi, görünür, döyüş cəbhəsində uğur qazana bilmir: "Amma bilirlər ki, bu mərmilər hücum edən tərəfi saxlaya bilməyəcək...".

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov isə "Turan" agentliyinə deyib ki, Ermənistanın BTC neft kəməri istiqamətinə raket atması bir növ İkinci Dünya müharibəsinin sonlarında Almaniyanın FAU raketlərindən istifadəsini xatırladır. Onun qeyd etməsinə görə, müharibənin taleyi aydın idi, amma Londona bu raketləri atırdılar:

S.Seyidov
S.Seyidov

"İndi Ermənistan rejimi də başa düşür ki, müharibənin sonu gəlib, uduzurlar. Ona görə nəyin bahasına olursa olsun, işğala son qoymamaq, mülki əhalini, sivil obyektləri hədəfə almaq kimi iki taktiki yol seçib. Buna görə də döyüş əməliyyatlarından çox uzaq olan Gəncə, Mingəçevir şəhərlərini, neft xətlərini bombalayır".

Onun vurğulamasına görə, beynəlxalq birliyin bu hərəkətlərə yetərli reaksiya verməsi çox vacib məsələdir:

"Beynəlxalq birlik kifayət qədər yetərli reaksiya vermir"

"Amma bildirirəm ki, beynəlxalq birlik bütün bunlara kifayət qədər yetərli reaksiya vermir. Çünki fərqli yanaşma sərgiləyirlər. Beynəlxalq təşkilatlar əməliyyatlar başlayan kimi ancaq əməliyyatları dayandırmağı əsas hədəf seçdilər. Ona görə yox ki, 30 il davam edən atəşkəsə yenidən qayıdaraq məsələni həll edəcəkdilər. Düşünürlər ki, təki atəşkəs olsun...".

O, təəssüflə qeyd edib ki, beynəlxalq qanunları qorumalı olanlar onların icrasına göz yumurlar: "Beynəlxalq qanunları davranış normaları sayanlar özləri buna əməl etmirlər".

Ermənistan Müdafiə Nazirliyi
Ermənistan Müdafiə Nazirliyi

Ermənistan təkzib edir

Amma Ermənistanın Müdafiə Nazirliyi BTC-nin vurulması ilə bağlı Azərbaycan tərəfinin açıqlamasını təkzib edib.

"Ermənistan qüvvələrinin Bakı-Tbilisi-Ceyhan kəmərini vurmağa cəhd göstərməsi barədə deyilənlər ağ yalandır. Biz dəfələrlə demişik ki, neft və qaz infrastrukturu hədəfimiz deyil", – Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Facebook səhifəsində yazıb.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 25 civarında kəndi, Cəbrayıl şəhərini və bəzi strateji yüksəklikləri işğaldan azad edib.

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar cəbhə bölgəsində vəziyyət gərginləşəndən sonra Azərbaycanda prezident İlham Əliyevin fərmanı ilə sentyabrın 28-dən hərbi vəziyyət və qismən səfərbərlik elan olunub.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir. Xüsusilə 2016-cı ilin aprelində və bu ilin iyulunda cəbhədə ağır silahların işə düşdüyü, hər iki tərəfdən itkilər olduğu deyilirdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb.

XS
SM
MD
LG