Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:57

Qarabağ döyüşləri əfqanların xatirələrini oyadır


Məhəmməd Yunus
Məhəmməd Yunus

Yunusun bu müharibədə motivasiyası təkcə dini deyil, həm də maddi qazanc olub. O, radioya müsahibəsində bildirib ki, Azərbaycana getməklə həm cihadda iştirak etmək, həm də bir miqdar pul qazanmaq istəyib

Məhəmməd Yunus 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ uğrunda ermənilərə qarşı vuruşmasını həsrətlə yada salır. Deyir ki, mümkün olsaydı, yenidən Azərbaycanda müsəlmanlara qoşulub onlarla birgə qeyri-müsəlmanlara qarşı savaşardı. AzadAvropa/AzadlıqRadiosu-nun müxbirləri Abubakar Siddique və Khatir Pardes Cənubi Qafqazda gedən döyüşlərin dini xarakter daşımadığını qeyd edirlər.

Elə Yunusun bu müharibədə motivasiyası təkcə dini deyil, həm də maddi qazanc olub. O, radioya müsahibəsində bildirib ki, Azərbaycana getməklə həm cihadda iştirak etmək, həm də bir miqdar pul qazanmaq istəyib.

Yunus Əfqanıstanın əsas İslam partiyası olan Hezb-e İslami partiyasının 1990-ci illərdə Ermənistana qarşı Bakını dəstəkləməyə göndərdiyi minlərlə döyüşçüdən biridir. Sovet İttifaqının 1991-ci ildə süqutundan sonra iki sovet ölkəsinin münaqişəsi tezliklə tammiqyaslı müharibəyə çevrildi. Az sonra – 1992-ci ilin aprelində isə Əfqanıstanda kommunist rejimi çökdü.

Hikmətyar da unutmayıb

Kabil indiki Dağlıq Qarabağ mübarizəsində Azərbaycanın mövqeyini dəstəkləyir və Ermənistanı işğalçı tərəf olaraq görür.

Əfqanıstanın Azərbaycana dəstək çıxması Ermənistanı Kabilin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) müşahidəçi statusunun ləğv edilməsi üçün hərəkətə keçirib. KTMT Rusiyanın rəhbərlik etdiyi regional birlikdir.

Antisovet partizanı və Hezb-e İslami partiyasının lideri Gulbuddin Hekmatyar 1992-ci ildə Əfqanıstanda keçmiş düşmənlərinin çöküşünü sevinclə qarşılayıb. Lakin tezliklə o, digər əfqan müsəlman və keçmiş kommunist fraksiyalarına qarşı döyüşlərə qoşularaq ölkəni vətəndaş müharibəsinə sürükləyib. 1993-cü ildə parçalanmış rejimdə baş nazir postuna keçməyə nail olsa da paytaxt üzərində nəzarəti ələ ala bilməyib.

Lakin Hikmətyar hələ də Yunus kimi minlərlə dəstəkçisinin Azərbaycan üçün döyüşə getməsini sevinclə yada salır. Ötən həftə öz tərəfdarları qarşısında çıxışında bildirib ki, o, Azərbaycanın kömək üçün müraciətindən sonra İrandakı əfqan qaçqınlarına Dağlıq Qarabağ müharibəsinə qoşulma göstərişi verib.

Kabil məscidindəki çıxışında Hikmətyar bildirib ki, 90-cı illərdə böyük sayda mücahid dəstəsi Dağlıq Qarabağa yollanıb və çoxsaylı qələbələr çalıb. “Onlar ilk gündən erməniləri geri çəkilməyə məcbur edib və çoxlu ərazi ələ keçiriblər”, – deyən Hikmatyar onu da qeyd edir ki, əfqan döyüşçülərinin 1994-cü ilin mayında atəşkəs edilənə kimi üstünlük qazanıblar.

Döyüş xatirələri

Yunusun həmin döyüşlərlə bağlı xatirələri hələ də çox istidir. Hezb-e İslami partiyasının Azərbaycana getməklə bağlı göstərişindən sonra Yunus qonşu Pakistana keçib. O deyir ki, 1994-cü ildə Bakıya, oradan isə cəbhə xəttinə getmək üçün İranın cənub-şərq şəhəri olan Zahidanda 300 nəfərlik əfqan qrupuna qoşulub.

1994-cü ilin qışındakı döyüşləri xatırlayan Yunus deyir ki, onlara hücüm edən Ermənistan tanklarını raketlə hədəf alıblar, lakin raketlərdən biri onların yoldaşı Bəşirə tuş gəlib və o, yerindəcə keçinib. Buna baxmayaraq onlar döyüşməyə davam ediblər.

Yunus döyüşün sonunda 8 erməni döyüşçüsünü ələ keçirdiklərini xatırlayır. Daha sonra onları öz əsir yoldaşları ilə dəyişiblər. İyunda Əfqanıstana qayıtdıqdan sonra mənsub olduğu partiya Yunusa Dağlıq Qarabağ müharibəsində iştirakına görə 1500 dollar pul ödəyib. Məqalədə deyilir ki, bu, Azərbaycanın əfqan döyüşçülərini muzdlu əsgər olaraq işə götürdüyü fərziyyələrini təsdiqləyir.

Hikmətyarın kürəkəni və Hezb-e İslami partiyasının böyük lideri Humayun Jarir deyir ki, Azərbaycana göndərdikləri təxminən 5 min döyüşçüdən 70 nəfəri döyüş zamanı həlak olub. O qeyd edir ki, Hezb-e İslami partiyasının döyüşçüləri Ermənistan tərəfin atəşkəsə məcbur edilməsində mühüm rol oynayıblar.

1993-cü ilin sonlarında Ermənistan hökuməti Azərbaycanın muzdlu əfqan əsgərlərini müharibəyə cəlb etməsinə etiraz edib. Onlar xəbərdalıq edib ki, müsəlman əfqan qüvvələrinin Dağlıq Qarabağdakı rolu ərazi münaqişəsini müsəlman azərbaycanlılar və xristian ermənilər arasında dini müharibəyə çevirə bilər.

Rus jurnalist Şuşada nə gördü?
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

Ermənistan narazıdır

Ermənistan Əfqanıstanın hazırda gedən münaqişələrdə Azərbaycana diplomatik dəstək göstərməsindən narazıdır. Həmçinin Yerevan iddia edir ki, Bakıya maddi dəstək göstərən Türkiyə Dağlıq Qarabağda döyüşmək üçün muzdlu Suriya əsgərlərini müharibəyə cəlb edib.

Ötən ay Əfqanıstan hökuməti hər iki ölkəni döyüşləri dayandırmağa səsləyib, lakin Azərbaycana dəstəyini də yenidən vurğulayıb.

Əfqanıstanın Xarici İşlər Naziri bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Onu da qeyd edib ki, Əfqanıstan bu işğalın sona çatmasını istəyir və bu məsələdə Azərbaycan xalqını və ona tərəf çıxan digər xalqları dəstəkləyir.

Bundan sonra Ermənistan parlamenti KTMT-nı Əfqanıstanın müşahidəçi statusunu ləğv etməyə çağırıb. Parlamentin sədri Arat Miroyan oktyabrın 2-də bildirib ki, qurum “Türkiyə-Azərbaycan təcavüzü”nü dəstəkləyən Əfqanıstanın müşahidəçi statusunun ləğvi üçün KTMT parlament assambleyasına müraciət edib.

Məqalədə deyilir ki, 40 ildir müharibədən əziyyət çəkən Əfqanıstanın uzaq ərazilərdəki münaqişələrdə belə cəsarətli və mübahisəli mövqe qoyması bir çoxlarını təəccübləndirib.

XS
SM
MD
LG