Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:02

Orta büdcəli filmlərin taleyi necə olacaq


Ben Afflek
Ben Afflek

Ben Affleki hərtərəfli istedadı olan sənət adamı kimi tanıyırıq. Bu il o, "The Way Back" filmində oynadığı alkoqolik basketbol məşqçisi rolu ilə tənqidçiləri və kino həvəskarlarını heyrətləndirib. Bu il həm də Afflekin çəkdiyi "Argo" filminin 10 ili tamam olur. Hazırda Afflekin pərəstişkarları gələn il çıxacaq "Snyder Cut" filmini səbirsizliklə gözləyirlər. Bu filmdə o, Betmeni oynayır.

Afflek "Entertainment Weekly" jurnalına müsahibəsində Hollivud və onun gələcəyindən danışıb. O etiraf edib ki, post-COVID dövründə reallığın necə olacağını, kinoteatr biznesinin nə hala gələcəyini bilmir. "Düşünürəm ki, bu müddət ərzində insanlar kinoya evdən baxmağa öyrəşdilər. Sözsüz ki, "The Way Back" bundan öz faydasını götürdü. [Afflekin yeni dram filmi pandemiyadan əvvəl kinoteatrlarda göstərildiyi iki həftə ərzində 14 milyon dollar toplayıb]. …Yeni filmə evdə baxmaq imkanı bizə uşağının ölümündən özünə gələ bilməyən alkoqolik haqda kədərli filmə baxmaq üçün pul xərcləyərək kinoteatra gələcək auditoriyadan daha çox tamaşaçı …qazandırıb. Artıq insanlar striminqə …əvvəllər olmadığı kimi öyrəşib", – o deyib.

"İldə 20 - 25 film kinoteatrlarda göstəriləcək"

Nofilmschool saytı yazır ki, Afflek Hollivudun gələcəyindən narahat olsa da, yeni maraqlı layihə üzərində çalışır. Bu "The Big Goodbye: Chinatown and the Last Years of Hollywood" adlı kitabın ekran adaptasiyası olacaq. Kitab (və film) 1974-cü ildə çəkilmiş klassik "Chinatown" filminin səhnəarxası xronikası haqdadır.

Bir çoxları "Chinatown" filminin ssenarisini tarixdə ən yaxşı ssenari hesab edirlər. Filmin rejissoru Roman Polanski, ssenari müəllifi isə Robert Taundur.

"Mənə elə gəlir ki, COVID-dən sonra “The Town", "Argo" kimi filmlər, mənim çəkdiyim bütün filmlər striminq saytlarına çıxacaq. Güman ki, ildə 20 - 25 film kinoteatrlarda göstəriləcək. Onlar da … ən azı yarım milyard dollarlıq biznes hesab edəcəyimiz filmlər olacaq. Ancaq hesab edirəm ki, dram və "The Town" kimi orta büdcəli filmlər üçün kinoteatra çıxmaq çətin olacaq. Biz ya nəhəng filmlərin genişmiqyaslı distribüşna malik olmasını görəcəyik, ya da kiçik filmlərin bir-iki kinoteatrda prestij üçün nümayiş olunmasını, ancaq, əsasən, striminq xidmətlərinə çıxmasını", – Afflek deyib.

"O insanlar çox şeyi qaçırmış olurlar"

Afflek strim olunduğu ilk ay ərzində 52 milyon dollar qazanmış "Triple Frontier" filmindən danışarkən deyib ki, onun kinoteatrda da eyni uğuru qazana biləcəyinə əmin deyil. "Mənə elə gəlir ki, gələcək budur və əlimizdə olan budur. Özümü bu fikirlə rahatladıram ki, bu gün sən 250 dollara 60 inch-lik televizor ala bilirsən. Yəni, insanlar ən azı filmi daha detallı görə bilirlər. Hətta … səs sistemi də o qədər baha deyil. Mən o qədər zəhmət çəkilmiş filmə iPhone-da baxmağın əleyhinəyəm. Mənə elə gəlir, o insanlar çox şeyi qaçırmış olurlar. Ancaq bilirsiniz, bəzən gələcəyin öz qərarı var və sən bu qərara uyğunlaşmağa məcbursan", – o deyib.

Bu elə dövrdür ki, biz auditoriyanın nəyə və necə baxmaq istədiyini canlı öyrənirik. "Əlbəttə, bu dərs böyük studiyaların itkiləri bahasına başa gəlir. Studiyalar hələ də kinoteatr biznesini qoruyub saxlamağa çalışırlar. Ancaq bu müqavimətin nə qədər davam edəcəyini bilmirik", – Nofilmschool saytı yazır.

Sayt daha sonra yazır ki, striminq şirkətlərinin hətta COVID dövründə belə yeni filmlər buraxdığını nəzərə alsaq, studiyaların öz kataloqlarını ya birdəfəlik satacağını, ya da onlara giriş üçün pullu mobil əlavə yaradacağını ehtimal etmək olar.

XS
SM
MD
LG