Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:36

Atəşkəs niyə alınmadı?


Hərbi təlimdə hərbi texnika, arxiv foto
Hərbi təlimdə hərbi texnika, arxiv foto

Oktyabrın 17-i gecə Azərbaycanin ikinci boyuk şəhəri, cəbhə bölgəsindən uzaq Gəncə şəhəri ikinci dəfədir ki, raket atəşinə tutulub. Bundan əvvəl də Moskvada atəşkəs razılşmasından bir gün sonra, oktyabrın 11-də Azərbaycanın mənəvi paytaxtı sayılan Gəncənin raket zərbələri ilə vurulduğu açıqlanmışdı. Bu olaylar nəticəsində Gəncədə üst-üstə 23 mülki şəxsin öldüyü, 80-dən çoxunun da yaralandığı bildirilir. Son həftə cəbhənin ən müxtəlif istiqamətlərində qarşılıqlı döyüşlərin davam etdiyi, hər iki tərəfdən itkilərin olduğu açıqlanıb.

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Moskvada, atəşkəsi müzakirə edirlər, Moskva, 9 oktyabr 2020
Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Moskvada, atəşkəsi müzakirə edirlər, Moskva, 9 oktyabr 2020

Bəs görəsən, Moskvada Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin hümanitar atəşkəs barədə razılaşdıqları sənəddə yazılanlar nədən yerinə yetirilmir?

“Ermənistan danışıqlara hazır deyildi ”

Zərdüşt Əlizadə, arxiv foto
Zərdüşt Əlizadə, arxiv foto

“Ermənistan Baş naziri bunu etsəydi, hakimiyyətinin,... sonu demək idi”

Bu sala Azərbaycanda hansı cavablar verilir?

Politoloq Zərdüşt Əlizadə Azadlıq Radiosuna mövzu ilə bağlı bildirib ki, Ermənistan Rusiyadan humanitar atəşkəs istədi və həmin atəşkəs sənədi oktyabrın 10-da imzalandı. Onun fikrincə, Ermənistanın buna əməl etməməsinin bir çox səbəbləri var.


Z.Əlizadənin vurğulamasına görə, Ermənistan tərəfi atəşkəsə əməl etsəydi, masa arxasına keçərək ATƏT-in Minsk qrupu çərivəsində və Madrid prinsipləri əsasında əvvəlcə 5 rayonu, daha sonra iki rayonu boşaltmalı idi:

“Amma Ermənistan hakimiyyəti danışıqlara, əvvəlcə 5 rayonu, daha sonra iki rayonu boşlatmağa hazır deyildi. Digər tərəfdən erməni cəmiyyəti də buna hazır deyil. Ermənistan Baş naziri bunu etsəydi, hakimiyyətinin, bəlkə də şəxsi həyatının sonu demək idi”

Z.Əlizadənin vurğulamasına görə, Ermənistan ümidli olub ki, Rusiya ona yardımçı olacaq:

“ Amma , hələlik, Rusiya məsələyə çox soyuqqanlı yanaşır, müharibə Ermənistan ərazisinə keçmir və Ermənistan üçüncü tərəfi bu müharibəyə cəlb edə bilmir.”

“Rusiya Ermənistanla Azərbaycan arasında seçim ərəfəsindədir”

Politoloqa görə Ermənistan tərəfi müharibənin miqyasını genişləndirməklə Rusiyanı müharibəyə cəlb etmək istəyir. Politoloqun fikrincə, Rusiya isə Ermənistanla Azərbaycan arasında seçim ərəfəsindədir:

“Bir tərəfdə iqtisadi baxımdan zəif, ancaq Rusiyadan pul alan Ermənistan, digər tərəfdə neft, qaz, nəqliyyat dəhlizləri sahəsində əməkdşalıq tklif edən Azərbaycan var. Bu müstəvidə Rusiya seçim ərəfəsindədir”.

“Ermənistan bilməlidir ki,...”

Etibar Əliyev, arxiv foto
Etibar Əliyev, arxiv foto

Deputat Etibar Əliyev də “Turan” agentliyinə deyib ki, Ermənistanın oktyabrın 10-da Moskvada humanitar atəşkəs haqqında bəyanatı imzalamaqda məqsədi heç də atəşkəsə əməl etmək deyildi. Onun fikrincə, Ermənistan rəhbərliyi nə yol ilə olursa-olsun Rusiyanı bu müharibəyə qoşmaq istəyir.

Deputatın vurğulamasına görə, onların hərbi əməliyyatlar gedən zonadan uzaqda yerləşən şəhər və rayonaları atəşə tutmaqda məqsədləri Azərbaycanı Ermənistan ərazisini atəşə tutmağa təhrik etmək və üçüncü tərəfi öz xeyrlərinə əməliyyatlara cəlb etməkdən ibarətdir.

E.Əliyev habelə vurğulayıb ki, döyüş meydanında Azərbaycana üstün gələ bilməyən Ermənistan dinc mülki əhalini atəşə tutmaqla hayfını çıxmaq istəyir:

“Amma Ermənistan bilməlidir ki, bu müharibə cinayətidir və buna görə beynəlxalq tribunala verilə bilər, və yəqin ki, bu da olacaq”

Amma Ermənistan tərəfdə də Azərbaycanın gətirdiyi arqumentləri qəbul etmirlər. Onlar öz növbələrində atəşkəsin baş tatmamasında Azərbaycanı günahlandırırlar.

Xatırlatma

Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri oktyabrın 9-u, 10-da Moskvada danışıqlar apararaq atəşkəs barədə sənəd imzalamışdılar. Həmin sənədə görə, oktyabrın 10-u saat 12-dən cəbhədə tərəflər arasında atəşkəs əldə edilməliydi.

Amma həmin tarixdən sonra da cəbhədə bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi açıqlanıb.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 60-a yaxın kəndi, Cəbrayıl, Füzuli şəhərlərini və Hadrut qəsəbəsini işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildəbaşlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb.

XS
SM
MD
LG