Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:22

BMT Natanzda yeni tikinti aparıldığını deyir


Natanz zavodu
Natanz zavodu

Agentlik oktyabrın 28-də tikintiyə dəlil hesab etdiyi peyk təsvirlərini də yayıb

BMT-nin nüvə fəaliyyətinə nəzarət agentliyi Natanz nüvə obyektində yeni yeraltı sentrifuqa yığım zavodunun tikintisinə başlandığını bildirir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktotu Rafael Qrossi oktyabrın 28-də Berlində verdiyi müsahibədə bu haqda danışıb. Onun sözlərinə görə, qurğunun iyulda partlamış obyektin yerinə tikildiyi görünür. Tehran həmin partlayışı sabotaj hücumu adlandırmışdı.

“Başlayıblar, amma hələ tamamlanmayıb. Bu, uzun prosesdir”, – Qrossi vurğulayıb.

Agentlik oktyabrın 28-də tikintiyə dəlil hesab etdiyi peyk təsvirlərini də yayıb.

Uran ehtiyatlarını artırsa da...

Qrossi onu da deyib ki, İran az zənginləşdirilmiş uran ehtiyatlarını artırır, ancaq nüvə silahı hazırlamaq üçün yetərincə ehtiyatı yoxdur.

İranın nüvə proqramının rəhbəri Əli Əkbər Salehi ötən ay dövlət televiziyasında deyirdi ki, dağıdılmış zavodun yerinə “Natanz ətrafındakı dağların köksündə” yenisi salınacaq.

Qrossinin sözlərinə görə, İran BAEA müfəttişlərinə tikinti haqda informasiya verib və onların İranın nüvə obyektlərinə çıxışı qalır. İranla dünya gücləri arasında 2015-ci il nüvə sazişi Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların yumşaldılmasını nəzərdə tuturdu.

ABŞ 2018-ci ildə nüvə sazişindən çıxaraq sanksiyaları bərpa etməyə başlayıb. Vaşinqtonun mövqeyincə, bu saziş İranın nüvə proqramını, Tehranın Yaxın Şərqdə terror hesab olunan təşkilatlara dəstəyini yetərincə əhatələmir.

İran nüvə silahı hazırlamağa çalışmadığını bildirir.

XS
SM
MD
LG