Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:46

İlham Əliyev Paşinyanla görüşün mümkünlüyü barədə suala cavab verib


İlham Əliyev (sağda) və Nikol Paşinyan
İlham Əliyev (sağda) və Nikol Paşinyan

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibə verib.

Müsahibəni Azərbaycanın rəsmi AZƏRTAC saytı da dərc edib.

“Siz Ermənistanın baş naziri ilə Qarabağ barəsində danışıqlar aparılması üçün Moskvaya gəlməyə hazırsınızmı və hansı şərtlərlə” sualına o, belə cavab verib:

“Mən belə dəvət almamışam. Üçtərəfli görüşlərdə dəfələrlə iştirak etmişəm, lakin Ermənistanın, Azərbaycanın və Rusiyanın rəhbərlərinin - prezidentlərinin iştirakı ilə. Amma Paşinyan Ermənistanda hakimiyyətə gələndən sonra bu cür görüşlər olmayıb. Ermənistanın əvvəlki prezidentləri ilə belə görüşlər olub. Mən həmin görüşlərdən heç vaxt boyun qaçırmamışam. Hesab edirdim ki, bu görüşlər çox müsbətdir. Ona görə ki, Rusiya Minsk qrupunun həmsədri kimi nizamlamada xüsusi rol oynayır”.

Prezident deyib ki, Rusiya tarixən istər Ermənistanla, istərsə də Azərbaycanla həmişə sıx əlaqə saxlayır.

Onun fikrincə siyasi, iqtisadi qarşılıqlı əlaqələr baxımından Rusiya Azərbaycan və Ermənistanla çox fəal əməkdaşlıq edir:

“Buna görə, əlbəttə, belə görüşlərin çoxu Rusiya ərazisində keçirilib. Paşinyanın dövründə isə belə görüşlər olmayıb. Ermənistan rəhbərliyinin qeyri-adekvatlığını nəzərə alsaq, indi həmin görüşlərin nə dərəcədə səmərəli olacağını bilmirəm. Lakin əgər belə təklif daxil olarsa, biz ona həmişə müsbət mövqedən baxmışıq və baxacağıq”.

“…Biz heç bir şərt qoymuruq”

Azərbaycan prezidenti “yəni, belə dəvət olarsa, siz gəlməyə hazırsınızmı”sualına cavab olaraq isə bunları deyib:

“Bəli. Özü də, siz dediyiniz kimi, heç bir şərtsiz. Buna sübut odur ki, sabah (oktyabrın 29-da) bizim Xarici İşlər nazirləri Cenevrədə, yenə hər hansı şərtlər olmadan görüşəcəklər. Üstəlik, demək istəyirəm ki, hələ münaqişə başlayan vaxt bizim xarici İşlər naziri, - onun Minsk qrupunun həmsədrləri ilə görüşmək üçün Cenevrəyə səfəri planlaşdırılmışdı, - o, oraya getdi. Ermənistanın xarici işlər naziri isə bir həftə əvvəl, oktyabrın əvvəlində oraya getməli idi, imtina etdi”.

Azərbaycan dövlət başçısı əlavə edib ki, humanitar atəşkəs məsələsini razılaşdırmaq üçün xarici işlər nazirlərinin görüşü barədə Moskvadan təklif alınanda Azərbaycanın xarici işlər naziri Cenevrədən oraya uçub:

“Yəni, biz heç bir şərt qoymuruq. Amma mən yenə çox şübhə edirəm ki, Ermənistanın indiki hakimiyyəti nizamlanma üzrə konstruktiv işə qabil olsun”.

Xatırlama

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi xəbər verilir.

Azərbaycan açıqlayıb ki, son bir ayda 150-dən çox kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad edib.

Oktyabrın 1-də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıblar.

Tərəflər cəbhədə döyüşlər başlayandan düz üç dəfə humanitar atəşkəslə bağlı razılığa gəldiklərini açıqlayıblar.

Sonuncu belə açıqlamanı ABŞ Dövlət Departamenti oktyabrın 25-də yayıb. Məlumatda qeyd olunub ki, humanitar atəşkəs oktyabrın 26-da yerli vaxtla səhər saat 8:00-dan qüvvədə olmalı idi. Amma atəşkəs bu dəfə də pozulub.

Ümumilikdə, son həftələr cəbhənin ən müxtəlif istiqamətlərində qarşılıqlı döyüşlərin davam etdiyi, hər iki tərəfdən itkilərin olduğu bildirilib. Atəşkəsin pozulmasına görə də qarşılıqlı ittihamlar səslənib.

Son günlər, oktyabrın 27-i və 28-də isə Azərbaycanın Bərdə rayonun atəşə tutulması nəticəsində üst-üstə 25 mülki şəxsin öldüyü, 80-dən çoxunun da yaralandığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır.

ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG