Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:55

'Paşinyan hakimiyyətdən getməyincə Rusiya Ermənistana kömək etməyəcək'


V.Putin və N.Paşinyan
V.Putin və N.Paşinyan

Rusiya prezidenti Vladimir Putinin bu günlər Azərbaycan Prezidenti İlham Əliyev (noyabrın 2-i) və Ermənistan Baş naziri Nikol Paşinyanla (noyabrın 1-i) telefon söhbəti olub.

Kremlin mətbuat xidmətinin məlumatına görə, söhbətlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi ətraflı müzakirə edilib.

Politoloq Hikmət Hacızadə AzadlıqRadiosuna bildirib ki, bu zənglərin geniş məzmunu barədə ancaq təxminlər söyləmək olar: "Ola bilər ki, yenə Vladimir Putin ümumi sözlərlə tərəfləri danışıqlara, münaqişəni dayandırmağa çağırıb".

H.Hacızadə
H.Hacızadə

"Rusiyanın planı belədir"

Politoloq vurğulayıb ki, müharibənin başlanğıcında Ermənistan Rusiya tərəfinin təkliflərini qəbul etmirdi, Azərbaycan isə şərtlərini irəli sürdü.

H.Hacızadə hesab edir ki, N.Paşinyan hakimiyyətdən getməyincə Rusiya Ermənistana kömək etməyəcək: "Hələlik, Rusiyanın planı belədir".

Onun fikrincə, Rusiya indiki mərhələdə Azərbaycana təzyiq göstərə bilməyəcək, çünki Azərbaycan ağıllı taktika tətbiq edir: "Ermənistana hücum etmir. Rusiyanın Ermənistandakı hərbi bazasına Azərbaycan tərəfdən təhlükə yoxdur".

H.Hacızadə qeyd edib ki, ərazi bütövlüyü Azərbaycanın qırmızı xəttidir. Onun fikrincə, sülhməramlı qüvvələr isə bölgəyə o zaman gətirilə bilər ki, Ermənistan qoşunları Azərbaycandan çıxarılsın: "Bu isə hələ baş verməyib. Odur ki, sülhməramlı adı ilə Rusiya qoşunları bölgəyə gətirilə bilməz və məqbul da deyil".

İ.İsmayıl
İ.İsmayıl

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın da vurğulamasına görə, V.Putin son vaxtlar bir neçə dəfədir ki, həm Azərbaycan prezidenti, həm də Ermənistan baş naziri ilə telefonla danışıb. O əlavə edib ki, amma daha çox Ermənistan tərəfi ilə əlaqə saxlanıb.

İ.İsmayılın qeyd etməsinə görə, əvvəlki zənglər humanitar atəşkəslə bağlı idisə, bu sonuncu bir az kritik zəngdir:

"Əvvəl Paşinyan da buna razı deyildi"

"Bu zəngdə Azərbaycanın yox, Rusiyanın maraqları ortaya qoyulur. Burada Rusiyanın maraqları ondan ibarətdir ki, Qarabağ məsələsi sona qədər çözülməsin, yəni, hər iki tərəfi sülhməramlı qüvvələrin regiona gətirilməsinə razı salmaqdır. Əvvəl Nikol Paşinyan da buna razı deyildi, indi vəziyyət gərginləşəndən sonra o bu ssenarini istisna etmir. Amma dəqiq məlum deyil ki, bu danışıqlarda sülhməramlılar məsələsi qoyulub ya yox?".

İ.İsmayıl da hesab edir ki, Ermənistan qoşunları işğal edilən Azərbaycan ərazilərindən çıxarılmayınca sülhməramlılar bölgəyə gətirilə bilməz.

F.İbrahimli
F.İbrahimli

"Azərbaycan hər hansı kompromisə getməyəcək"

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli də mövzu ilə bağlı "Turan" agentliyinə bildirib ki, Rusiya Qarabağda baş verən hadisələrin son mərhələsində söz sahibi olmaq istəyir: "Birinci mərhələdə Azərbaycan öz ərazisini təmizləyir, Rusiya buna qarışa bilmir. Çünki müharibə Azərbaycan ərazisində gedir. Rusiyanın həm də daxilən Cənubi Qafqaz regionuna nüfuz zonası kimi baxmaq istəyi var".

Sədr müavini deyib ki, indiki məqamda Azərbaycan hər hansı kompromisə getməyəcək, çünki Ermənistan tərəf məğlubiyyətini etiraf etmir, müharibəni indi də davam etdirir.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi deyilir. Azərbaycan açıqlayıb ki, son bir ayda 180-dən çox kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad edib.

Oktyabrın 1-də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıblar.

Tərəflər cəbhədə döyüşlər başlayandan üç dəfə humanitar atəşkəslə bağlı razılığa gəldiklərini açıqlayıblar. Amma cəbhə bölgəsindən hələ də atəş səslərinin gəldiyi bildirilir. Ümumilikdə, atəşkəs razılaşmasına baxmayaraq, son həftələr cəbhənin ən müxtəlif istiqamətlərində qarşılıqlı döyüşlərin davam etdiyi, hər iki tərəfdən itkilərin olduğu deyilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG