Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:31

ABŞ-dakı seçkilər Azərbaycanda necə dəyərləndirilir?


Tramp və Bayden
Tramp və Bayden

Noyabrın 3-də Amerika Birləşmiş Ştatlarında (ABŞ) prezident seçkiləri keçirilib. Amma, hələlik, qalib rəsmən müəyyən olunmayıb. Bir sıra ştatlarda səslərin sayılması davam edir.

İlkin hesablamalara görə, Demokrat Partiyasının namizədi Cozef Bayden 264 seçki səsi ilə (qalib gəlmək üçün altı səs qalır) prosesə liderlik edir. Hazırkı prezident, Respublikaçılar Partiyasının namzədi Donald Tramp isə 214 səs yığıb.

Proses başa çatmçasa da, artıq indidən bir çox müşahidəçilər də hesab edirlər ki, C. Bayden qələbəyə çox yaxındır.

Bəs görək bu proses Azərbaycandan necə izlənir?

Aydın Mirzəzadə, arxiv foto
Aydın Mirzəzadə, arxiv foto

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü, hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Aydın Mirzəzadə “Turan” agentliyinə bildirib ki, Azərbaycan üçün bu və ya digər ölkədə kimin hakimiyyətə gəlməsinin elə bir əhəmiyyəti yoxdur:

«Azərbaycan heç bir zaman xarici ölkələrdə hər hansı siyasi qüvvəni dəstəkləmir”

«Azərbaycan heç bir zaman xarici ölkələrdə hər hansı siyasi qüvvəni dəstəkləmir. Seçim həmin xalqın və cəmiyyətindir. Bu baxımdan istənilən seçimə hörmətlə yanaşırıq və ABŞ-da da seçki nəticələrinə görə həmin hakimiyyətlə Azərbaycan öz münasibətlərini quracaq. Düzdür, indiki əsas namizədlər arasında müəyyən fikir ayrılığı olsa da, sabah kimin hakimiyyətdə olmasından asılı olmayaraq onlar beynəlxalq aləmdə ABŞ-ın maraqlarını qorumalıdır. Bu maraqlarda artıq obyektivlik, reallıq həssas rolu oynayır».

Deputatın qənaətinə görə, Azərbaycan və Amerika beynəlxalq birlikdə bir-birinə lazım olan ölkələrdir:

«ABŞ-la münasibətlər Azərbaycan üçün bütün sahələrdə əməkdaşlığın güclənməsi, dostluğun daha yüksək səviyyəyə qaldırılması, insan haqlarının müdafiəsi sahəsində Amerikanın təcrübəsinin öyrənilməsi, o təcrübədən istifadə etməklə Azərbaycanın daha da demokratikləşdirilməsi deməkdir. ABŞ üçün isə Azərbaycan bu, regionda nüfuzlu lider bir ölkədir. Azərbaycan bu gün müstəqil daxili və xarici siyasət yeridən, təbii sərvətlərindən özünün maraqları üçün istifadə edən ölkələrdən biridir”

O, əlavə edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələrdəndir:

“ Azərbaycan bu gün regional iqtisadi layihələrin müəllifidir. Bu gün ABŞ üçün əhəmiyyət daşıyan Əfqanıstana gedən yükün 40 faizi Azərbaycandan keçir. Digər məsələlərdə də əməkdaşlıq var. Yəni, iki dövlət arasındakı münasibətlər var».

“Həmin dövrdə çox təəssüf ki,...”

Azərbaycanda bəzi müşahidəçilər qeyd edirlər ki, Cozef Bayden 1992-ci ildə Azərbaycana qarşı tədbiq edilən sanksiya layihəsinin müəalliflərindən biridir.

A.Mirzəzadə isə deyir ki, ardan az qala 30 il keçib:

«Birincisi, ondan artıq 30 il keçib və Cozef Bayden beynəlxalq münasibətlərdə kifayət qədər böyük təcrübə toplayıb. İkincisi, həmin dövrdə çox təəssüf ki, ancaq erməni təbliğatı işləyirdi. Amma bu gün informasiya məkanında Azərbaycan da kifayət qədər öz sözünü deyən, öz həqiqətlərini tanıtdıran ölkədir. Təsadüfi deyil ki, Azərbaycan bu gün beynəlxalq tədbirlərin keçirildiyi, çox vacib diplomatik görüşlərin keçirildiyi bir ölkədir”

A.Mirzəzadə xatırladıb ki, son illər Bakıda bir neçə dəfə ABŞ və Rusiya Baş Qərargah rəislərin görüşü keçirilib:

“ Yəqin Cozrf Bayden bundan xəbərdardır və məhz Bakının seçilməsi əlbəttə ki, böyük əhəmiyyətdir. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının 35-ci xüsusi sessiya keçiriləcək. Azərbaycan siyasi nüfuza malik olan ölkədir. Bu baxımından hesab edirəm ki, ABŞ-ın dövlət sükan arxasında C.Bayden duracağı təqdirdə belə Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə münasibətləri yenə də yüksələn xətlə gedəcək, bu ölkələrin bir birinə ehtiyacı olacaq, birlikdə ümumbəşəri məqsədlər uğrunda mübarizə aparacaqlar».

Elxan Şahinoğlu, arxiv foto
Elxan Şahinoğlu, arxiv foto


«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə Azadlıq Radiosuna mövzu ilə bağlı bunları deyib:

«C.Bayden Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişin müəlliflərindəndir, erməni lobbisi ilə sıx əlaqələri var və prezident seçkilərin kampaniyası dövründə də Azərbaycanın maraqları əleyhinə müəyyən açıqlamaları olmuşdu. Amma bu o demək deyil ki, Cozef Bayden prezident seçilsə konqresmen olduğu vaxtlardakı kimi Azərbaycan və Türkiyə əleyhinə çox da böyük siyasət apara biləcək”

“Hətta «erməni soyqırımını» tanıyacağını demişdi, amma...”

Barack Obama, arxiv foto
Barack Obama, arxiv foto

O deyib ki, Azərbaycan müstəqillik qazandıqdan bu yana ABŞ-ın müxtəlif prezidentlərlə əməkdaşlıq edib:

“ Barak Obama da erməni lobbisinə müxtəlif vədlər vermişdi, hətta «erməni soyqırımını» tanıyacağını demişdi, amma 8 il prezident oldu və bunu etmədi. Çünki Türkiyə ilə münasibətlərə önəm vermək məcburiyyətində idi. Yəni, istənilən ermənipərəst konqresmen prezident olsa belə həmin şəxs Amerikanın milli və təhlükəsizlik maraqlarından çıxış etməlidir. ABŞ-ın milli və təhlükəsizlik maraqları isə Azərbaycanla əməkdaşlığı diktə edir.”

“Hesab etmirəm ki, C. Bayden prezident seçiləndən sonra...”

Bayden, seçki ərəfəsində
Bayden, seçki ərəfəsində

O deyib ki, ABŞ Bakı-Tiflis-Ceyhan layihəsinə dəstək verən ölkədir.Onun fikrincə, ABŞ Azərbaycan qazının Avropaya çatdırılmasını istəyir:

“Azərbaycanın İsrayil ilə çox sıx əlaqələri var və bu Amerika üçün çox önəmlidir. Bütün bu faktorlara baxanda mən hesab etmirəm ki, C. Bayden prezident seçiləndən sonra qatı erməni mövqeyindən çıxış edəcək və Azərbaycan əleyhinə açıq addımlar atacaq».

Politoloq qeyd edib ki, adətən Demokrat Partiyasının nümayəndələri prezident olarkən respublikaçılardan fərqli olaraq demokratiya və insan haqları kimi mövzulara daha çox diqqət yetirirlər:

«Məsələn, Donald Trampı bu mövzu demək olar ki, maraqlandırmadı. C.Bayden isə ola bilsin ki, bu mövzularda maraqlı görünsün, amma bu istiqamətdə Azərbaycana təsir və təzyiq edəcəyini düşünmürəm. Azərbaycanda Amerika ilə bağlı qeyri-hökumət təşkilatlarının çoxunun fəaliyyəti onsuz da dayandırıb. Yəni Amerikanın əlində elə bir alət yoxdur ki, Azərbaycana bu prosesə hər hansı bir təsir imkanını hərəkətə gətirsin».

Bununla belə politoloq hesab edir ki, Azərbaycan hakimiyyətinin özü demokratikləşmə istiqamətində müəyyən addımlar atacaq:

“Hakimiyyət-müxalifət münasibətlər yenidən qurulmalıdır ki, birliyə ziyan dəyməsin».

«Hesab edirəm ki, müharibə ( sentyabrın 27-dən Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan qaşunlarının təmas xəttində döyüşlər başlanıb) bitdikdən sonra biz çox bir məsələlərə göz gəzdirməli olacayıq. Cəmiyyətdə çox böyük birlik yaranıb. Müxalifətli hakimiyyətli hamı yumruq kimi birləşib. Ona görə də, müharibə bitdikdən sonra bu birliyi saxlamaq lazımdır. Siyasi islahatlar davam etməlidir, insan haqları mövzusunda hakimiyyət də gərək həssas mövqe qoysun. Kim siyasi məsələlərə görə mühakimə olunubsa, buna təzədən baxılmalıdır, yəni hakimiyyət-müxalifət münasibətləri yenidən qurulmalıdır ki, yaranmış birliyə ziyan dəyməsin».

XS
SM
MD
LG