Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:25

Ruslar Qarabağı ‘xilas etdilər’ – Qərb mediası


“Ancaq alçaltma ilə davamlı sülhə güclü əsas yarana bilməz. Tərəflər atəşkəsin saxlanmasını təmin etməli, yeni regional düzənin hamıya fayda verməsi üçün addımlar atmalıdırlar”, – Beynəlxalq Böhran Qrupu bildirir

Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılaşma Dağlıq Qarabağda silahları susdurdu, ancaq aydın və davamlı sülhə əsas yaratmadı. Tərəflər və xarici iştirakçılar yeni razılaşmanın hamıya fayda verməsi üçün çalışmalıdır. Bunu Beynəlxalq Böhran Qrupu (BBQ) bildirir.

Altı həftə davam edən münaqişədən sonra bölgədə atəşkəsə nail olunub. Qurum bildirir ki, razılaşma döyüş reallığını əks etdirir: Azərbaycan hərbi qələbə qazanıb, Ermənistan məğlubiyyətlə üzləşib. “Ancaq alçaltma ilə davamlı sülhə güclü əsas yarana bilməz. Tərəflər atəşkəsin saxlanmasını təmin etməli, yeni regional düzənin hamıya fayda verməsi üçün addımlar atmalıdırlar”, – qurum bildirir.

BBQ qeyd edir ki, Azərbaycan qalibdir, Moskva da məmnundur. Ermənistanın isə durumu həzm etməsi çətin ola, hətta ölkədə çaxnaşma yarana bilər. Çünki ermənistanlılar bunu məğlubiyyət kimi görürlər. Baş nazir Nikol Paşinyanın postunu saxlaya biləcəyi də mümkün olmaya bilər.

Sülhməramlı göndərməklə...

“The New York Times” qəzetinin müxbiri Anton Troyanovski acı Dağlıq Qarabağ müharibəsindən sonra regionda güc balansının dəyişməsindən yazır.

Müəllif qeyd edir ki, Rusiya telekanalları rus əsgərlərinin Dağlıq Qarabağa yola salındığını göstərsə də, bu dramın arxasında Türkiyənin regional güc kimi qüvvətlənməsi dayanır.

Ermənistanlı jurnalist Tatul Hakobyan deyir ki, “biz müharibəni uduzduq və bu faciəvi reallığı qəbul etməliyik”.

Müəllif qeyd edir ki, müharibənin bitməsi cənubi Qafqazda təhlükəsizlik xəritəsinin yenidən çəkiləcəyini göstərir. Əldə olunan razılaşma ilə Türkiyənin regionda rolu möhürləndi.

Rusiyanın döyüşlərin dayandırılmasında aparıcı rol oynaması isə Moskvanın hələ də Cənubi Qafqazda nüfuza malik olduğunu göstərir. Bəzi ermənilər Moskvanın daha güclü rol oynayacağını gözləyirdilər. Amma Hakobyanın fikrincə, Rusiyanın sülhməramlı göndərmək qərarı Dağlıq Qarabağın daha böyük hissəsinin Azərbaycanın nəzarətinə keçməsini önlədi.

“Ağlı başında olan erməni anlayır ki, rusiyalılar müdaxilə edərək Qarabağı xilas etdilər”, – jurnalist qeyd edib.

İmperiyanın sonu?

Rusiyanın Dağlıq Qarabağda atəşkəs razılaşması Cənubi Qafqazda imperiyanın ağrılı sonunu göstərir. Bunu isə “The Moscow Times”da Mark Galeotti yazır.

Müəllif qeyd edir ki, Kreml Cənubi Qafqazı özünün nüfuz dairəsində hesab edib. Ancaq altı həftəlik müharibəni idarə etmək getdikcə çətinləşirdi. Bunun bir səbəbi Türkiyənin Azərbaycana açıq-aşkar dəstək verməsi idi.

“Türkiyə zabitləri sonucda atəşkəsə nəzarət mərkəzində çalışacaqlarmı, bunun məsələyə çox da dəxli yoxdur... Orta Asiyada siyasi oriyentasiyanın dəyişdiyi kimi, Cənubi Qafqazda da Rusiya getdikcə yeni oyunçuları qəbul etməli olur”, – məqalədə deyilir.

Rusiya sülhməramlılarının Qarabağa gəlməsi nələr vəd edir? Keçmiş həmsədr bunları deyir
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Xatırlatma

Sentyabrın 27-dən başlanmış əməliyyatlarda azı 2 min əsgər və dinc sakin həlak olub. Azərbaycan noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

Prezident İlham Əliyev noyabrın 10-da Türkiyə rəsmiləri ilə görüşündə deyib ki, bu ayın sonuna qədər Ermənistan qüvvələri işğal altında olan torpaqlardan çəkilməlidirlər və Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzinin qısa bir zaman içərisində yaradılmasında çox böyük fayda var.

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan isə noyabrın 10-da rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində deyib ki, Türkiyə Rusiya ilə yanaşı atəşkəsə nəzarət etmək məqsədilə Azərbaycan tərəfindən müəyyən edilmiş yerdə müşahidə mərkəzi yaradacaq. Türkiyə lideri bildirib ki, bu yer Azərbaycanın “erməni işğalından azad etdiyi torpaqlarda” qurulacaq.

XS
SM
MD
LG