Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:45

Qaza tələbat artarsa, Azərbaycanın imkanları...


Qaz kəməri
Qaz kəməri

Noyabrın 11-də Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 11 üzv və 9 müşahidəçi ölkənin (Azərbaycan da daxil ) nazirlərinin dəyirmi masasında 2050-ci ilədək qaza tələbatın 50 faiz artacağı proqnozu verilib. Ekspertlərin fikrincə, bu, indi Azərbaycanı ruhlandırır.

GECF-in baş katibi Yuri Sentyurinin sözlərinə görə, 2050-ci ildə təbii qaza tələb (2019-cu ildə 3.95 trilyon kubmetr) 5.92 trilyon kubmetr ola bilər. Bu da qaz istehsalçılarını, ixracatçılarını 2020-ci ilin çətinliyi, COVID-19 koronavirus pandemiyası və bununla da qlobal biznes fəaliyyətindəki azalma səbəbiylə qaza tələbatın düşməsinə baxmayaraq, yeni layihələrdən imtina etməməyə təhrik edir.

Amma maraqlıdır ki, 2019-cu ildən 2050-ci ilə qədər Avropa Birliyi (AB) ölkələrində qaza tələbatın azalacağı proqnozlaşdırılır.

Azərbaycanın CQD layihəsi

Azərbaycandan AB ölkələrinə qaz ixracı 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizinin (CQD) son hissəsi - Trans-Adriatik Qaz Kəmərinin (TAP) rəsmi açılışından sonra başlayacaq. Bu layihənin ilk hissəsi Trans- Anadolu Qaz Kəməridir (TANAP).

Azərbaycan rəsmiləri "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsindən qaz tədarükü üzrə doqquz Avropa şirkəti ilə 2013-cü ildə 25 illik müqavilələr imzalayıb. Amma ölkədə bu sahə rəsmiləri Avropada qaza tələbatın azalacağına görə narahat deyillər.

Həmin müqavilələrlə "Şahdəniz-2"dən İtaliyaya ildə 8, Yunanıstana 1 və Bolqarıstana 1 milyard kubmetr qaz ixrac edilməlidir.

SOCAR və Energetika Nazirliyinin izahları

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirovun bildirməsinə görə, 2006-cı ilin sonunda "Şahdəniz"in kəşfi ilə 1 trilyon kubmetrdən çox qaz ehtiyatlarının fərqli üsullarla (Qara, Xəzər dənizləri ilə, maye qaz (LNG) şəklində və ya boru kəməri ilə) və fərqli istiqamətlərlə çatdırılması öyrənilirdi.

Qaz kəmərinin tikintisi
Qaz kəmərinin tikintisi

"2013-cü ilə qədər Türkmənistandan Çinə qədər bütün istiqamətləri nəzərdən keçirdik. Ancaq AB-də qaz satışı üçün kommersiya şərtləri ən cəlbedici oldu... Cənub Qaz Dəhlizinin inşasına təkan verən budur", - E.Nəsirov "Turan" İnformasiya Agentliyinin analitik xidmətinin sualını cavablandırarkən bildirib.

Onun vurğulamasına görə, Azərbaycan AB-nin "Yaşıl Enerji" strategiyasını nəzərə alır və bioyanacağın (metan, hidrogen) Avropa istiqamətində çəkilən qaz kəmərinə vurulmasının mümkün olacağına əmindir.

"2022-2023-cü illərdə "Şahdəniz"in işlənməsinin ikinci mərhələsi zirvəyə çatacaq. İldə 16 milyard kubmetr (Avropa üçün ildə 10 milyard və Türkiyə üçün 6 milyard kubmetr). Gələcəkdə iki və ya üç əlavə kompressor stansiyası sayəsində tutumu ikiqat artırmaq olar", - Nəsirov izah edib.

CQD-nin genişləndirilməsi ilə (son qərar 2021-ci ildə gözlənilir) Azərbaycandan "Abşeron" (operator "Total") və "Şəfəq-Asiman" (operator BP) kimi yeni qaz yataqlarından çıxan qaz nəql edilə bilər

"Şahdəniz"in işlənməsi...

"Şahdəniz"in işlənməsi planlarına gəlincə, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli 2023-cü ilədək yatağın ildə 25 milyard kubmetr və ya daha çox istehsal gücünə çatacağını bildirib.

P.Şahbazov
P.Şahbazov

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da noyabrın 11-də GECF-nin virtual iclasında Azərbaycan qazına tələbat olduğunu bildirmişdi.

"2020-ci ildə Azərbaycan 38 milyard kubmetr qaz istehsal edəcək ki, bunun da yarısı "Şahdəniz"dən alınacaq. 2024-cü ildə ölkə ildə təxminən 50 milyard kubmetr qaz hasilatına çata bilər ki, bunun da ildə 27 milyard kubmetrə qədərini "Şahdəniz" istehsal edə bilər", - deyə energetika naziri vurğulayıb.

2019-cu ildə "Şahdəniz" 16.8 milyard kubmetr qaz istehsal edib (2018-ci ilə nisbətən 46 faiz artım).

Azərbaycanda qaz ehtiyatlarının isə 3-4 trilyon kubmetr olduğu təxmin edilir.

Qazın qiyməti düşə bilər

Bir sıra ekspertlər Avropanın qazla həddindən artıq doymasının bu qitənin qaz mərkəzlərində (mübadilə) qiymətlərin düşməsinə səbəb olacağını söyləyirlər.

E.Nəsirov bu dinamikanı təsdiqləyib və "Şahdəniz-2"dən qazın ilk çıxışının İtaliyanın PSV qaz birjasında qiymətlərin azalmasına səbəb olacağını istisna etməyib (İtaliya üçün "Şahdəniz-2"dən qazın 8 milyard kubmetrinin qiymətləri kotirovkalara bağlıdır). Lakin hesab edilir ki, bu, qısamüddətli olacaq. Azərbaycan hər halda qaz ixracını məhdudlaşmaq fikrində deyil.

Maye qaz (LNG) daşıyan tanker
Maye qaz (LNG) daşıyan tanker

E.Nəsirovun sözlərinə görə, SOCAR Ticarət Evi – "SOCAR Trading" Avropada boru kəməri ilə ticarətə başlayıb və üçüncü ölkələrdən LNG (maye qaz) ilə əməliyyatlar portfelini artırır.

LNG və Azərbaycan

Bəs niyə Azərbaycan özü dünyada tanınan LNG istehsal etmir?

Dünyada hazırda gündə 480 milyon kubmetrdən çox LNG ixrac olunduğu bildirilir.

Adının çəkilməsini istəməyən yerli ekspertlərdən biri belə izah verib ki, hazırda Azərbaycanda istehsal olunan və 2050-ci ilə qədər istehsalı planlaşdırılan bütün qaz həcmləri milyardlarla dollara başa gələn kəmərlərə paylanılır (məsələn, CQD təxminən 40 milyard dollara başa gəlir).

"LNG üçün terminallar lazımdır və onlar açıq yerdə olmalıdır. Xəzər dənizi belə deyil. Əlavə sərmayələrə, pulsuz qaz həcmlərinə, zəmanətli alıcılara ehtiyacımız var. Bu, Azərbaycan üçün hələ aktual deyil", - o bildirib.

XS
SM
MD
LG