Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:45

FHN zəlzələdən sonra evlərə çəkilən xərcləri niyə açıqlamır


Zaqatalada zəlzələ. 2012
Zaqatalada zəlzələ. 2012

Zaqatala rayonunun Çobankol kəndinin sakini Eldar Atayev Fövqəladə Hallar Nazirliyini məhkəməyə verib. Səbəb də budur ki, nazirlik vaxtilə zəlzələdən ziyan görmüş E.Atayevin evinin tikintisi üçün büdcədən ayrılmış vəsait haqda ona məlumat vermir.

Kənddə E.Atayevin ailəsinin yaşadığı ev ona atasından qalıb. Ailə son səkkiz il ərzində iki dəfə ev-eşiksiz qalıb. Birinci dəfə 2012-ci ilin mayında zəlzələdən, ikinci dəfə isə 2019-cu ilin iyulunda yanğından sonra.

"Ola bilsin, büdcədən daha çox vəsait ayrılıb"

Zəlzələdən sonra Fövqəladə Hallar Nazirliyi (FHN) evi yenidən tikərək Atayevlər ailəsinə təhvil verib. Ötən ilin yayında yanğın qısaqapanma nəticəsində baş verib.

E.Atayev AzadlıqRadiosuna bildirib ki, evi sığortalı olsa da, yanğından sonra sığorta şirkətinin təklif etdiyi məbləğ onu qane etmir. Bu üzdən sığorta şirkətini məhkəməyə verib: "Ev yanıb kül olub deyə, əvvəlki vəziyyətinin necə olduğunu, onun dəyərini sübut etməliyəm. Bunun üçün də ən yaxşı yol evin tikintisinə çəkilən xərcdir. Fövqəladə Hallar Nazirliyinə dəfələrlə özüm də, vəkilim də müraciət etmişik ki, evimə nə qədər xərc çəkilib, bu barədə məlumat verilsin. Bu məlumatı ala bilmirəm".

E.Atayev FHN-dən istədiyi məlumatı almağa kömək üçün Ombudsman Aparatına da müraciət edib. Amma bu cəhdi də nəticəsiz qalıb: "Açıq-aşkar məlumatı gizlədirlər. Bu da şübhələrə yol açır. Ağlıma gələn versiyalardan biri budur ki, ola bilsin, büdcədən daha çox vəsait ayrılıb, amma daha az xərcləyiblər. Ehtiyatlanırlar ki, müqayisədə bu məsələ üzə çıxar, ona görə açıqlamırlar. Düzdür, öz gözümlə görməmişəm, amma eşitmişəm ki, üçotaqlı evə görə 150 minə yaxın pul ayrılıb...".

"İnformasiya məxfidir"

Nazirlikdən E.Atayevin sorğusuna verilən rəsmi cavabda bildirilib ki, onun istədiyi informasiya məxfidir, daxili istifadə üçün nəzərdə tutulub.

Zaqatala rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov həm də rayon üzrə Fövqəladə Hallar Komissiyasının sədridir. E.Atayev məlumatı almaqdan ötrü rəsmi şəkildə sorğu ilə ona da üz tutub. T.Əhmədovun cavabı belə olub: "Zaqatala rayonunda zəlzələdən sonra qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin tikintisi Fövqəladə Hallar Nazirliyi tərəfindən aparıldığından istənilən məlumatları almaq üçün bu quruma müraciət etmək tövsiyə olunur".

E.Atayev hazırda Nəsimi rayon Məhkəməsində sığorta şirkəti, Bakı İnzibati Məhkəməsində isə FHN ilə çəkişir.

"Şəffaflıq baxımından açıq olmalıdır"

Hüquqşünas Yalçın İmanov AzadlıqRadiosuna bildirib ki, zəlzələdən ziyan çəkmiş vətəndaşın evinin bərpasına dövlətin çəkdiyi xərcin məbləği haqda informasiya məxfi informasiya sayıla bilməz. Hüquqşünasın sözlərinə görə, nəinki evi bərpa olunan şəxsin, ümumiyyətlə, ziyan çəkən vətəndaşın bu məlumatı əldə etmək hüququ var: "Əksinə, bu cür məlumatlar şəffaflıq baxımından açıq olmalıdır. Büdcə vəsaitlərinin necə xərclənməsi haqda ictimaiyyətə məlumat verilməlidir".

Y.İmanov əlavə edib ki, alınması məhdudlaşdırılan məlumatların dairəsi "Məlumat azadlığı haqqında" Qanunun 10-cu maddəsində göstərilib. Həmin maddəyə əsasən, alınması məhdudlaşdırılan məlumatlara - dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aktlarına aid olan məlumatlar aiddir. Bu kateqoriyadan olan məlumatların özü də həmişə yox, konkret sirr olduğu hallarda verilməsi məhdudlaşdırıla bilər. Bu hallar da dövlət sirri, kommersiya sirri haqqında və s. qanunlarda tənzimlənir.

Xatırlatma

2012-ci il mayın 7-də Azərbaycanın şimalında 6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Zaqatalada olub. Episentri Balakəndə olmaqla eyni gücdə ikinci zəlzələ həmin ilin sentyabrda qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyi sonradan 5 min 905 evin əsaslı təmirə, 11 min 27 evin isə yüngül təmirə ehtiyac olduğu barədə rəy verib. Hökumət həmin bölgədə zəlzələnin uçurtduğu bir sıra evləri yenidən tikib, bəzi evlər təmir edilib.

XS
SM
MD
LG