Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:30

Türkiyə Qarabağ müharibəsindən nə qazandı – Qərb mediası


İ.Əliyev (solda) və R.T.Erdoğan Bakıda paradda, 10 dekabr, 2020-ci il
İ.Əliyev (solda) və R.T.Erdoğan Bakıda paradda, 10 dekabr, 2020-ci il

Ermənistan-Azərbaycan münaqişəsi Ankaraya Rusiyayla münasibətlərini yeni məcrada genişləndirmək, həm də daha güclü mövqedən çıxış etmək imkanı verdi. Ankara ümid edirdi ki, Rusiyaya qarşı yeni təzyiq rıçağı əldə edəcək

Türkiyə Azərbaycanın müharibəni udmasına kömək etdi, amma Ankaranın geosiyasi qazancının miqyasını zaman göstərəcək. “Eurasianet” portalında təhlilçi Nikola Dənfors yazır ki, Türkiyə Qafqazda indiyədək Suriyanın şimalında və Liviyada tətbiq etdiyi azxərcli, böyük təsirləri olmuş müdaxilə formulunu təkrarlamaq istədi.

Ancaq Azərbaycanın əsas fərqi Türkiyənin Liviya və Suriyada dəstəklədiyi qüvvələrdən daha güclü tərəfdaş olması idi. Bu səbəbdən Ankara daha dramatik qısamüddətli qazanc əldə etdi. Di gəl, əvvəlki müdaxilələrin yaratdığı suallar və risklərlə üz-üzə qalıb.

Müəllifin fikrincə, Ermənistan-Azərbaycan münaqişəsi Ankaraya Rusiyayla münasibətlərini yeni məcrada genişləndirmək, həm də daha güclü mövqedən çıxış etmək imkanı verdi. Ankara ümid edirdi ki, Rusiyaya qarşı yeni təzyiq rıçağı əldə edəcək.

“Ancaq Azərbaycanın quruda aydın qələbəsi Ankaraya ümid bəslədiyi geosiyasi faydanı vermədi. Rusiya Türkiyədə danışılar masasında yer təklif eləmədi, Türkiyə mətbuatının nikbin xəbərlərinin ziddinə olaraq, Dağlıq Qarabağın özünə türk sülhməramlılarının yerləşməsini rədd elədi. Bu o deməkdir ki, Türkiyənin dəstəyi Azərbaycanın regiona nəzarəti əldə almasına kömək etsə də, indi oraları idarə eləməkdən ötrü Rusiyanın əməkdaşlığı Bakı üçün daha vacib olacaq”, – məqalədə deyilir.

Rusiya təhlilçiləri nə düşünür

Amerikalı təhlilçi Pol Qobl isə “Eurasiareview” portalında yazır ki, Türkiyənin Cənubi Qafqazda genişlənmiş rolunun təsiri haqda rusiyalı təhlilçilər fərqli fikirlər yürüdürlər. Bəzilərinin fikrincə, Ankara regiondan iqtisadi və siyasi fayda əldə edəcək. Digərləri isə düşünürlər ki, bu, Moskvanın regionda hərbi mövcudiyyətini genişləndirməsini əsaslandıracaq.

“Kavqaz-UZel” xəbər agentliyi rusiyalı təhlilçiləri bu haqda danışdırıb. Şərqşünas Vladimir Sotnikov deyir ki, Türkiyənin Azərbaycana dəstəkdən “əsas bonusları” neft və qazdır. Onun fikrincə, Prezident İlham Əliyev türkiyəli həmkarı Recep Tayyip Erdoğanın haqqını “hər şeydən öncə nefti ucuz satmasıyla ödəyəcək”. Ankara təkid edərsə, Əliyev Azərbaycan ərazisində Türkiyə hərbi bazasının qurulmasına da icazə verəcək. Baza Ermənistanın işğalından azad olunmuş ərazilərdən birində də qurula bilər.

Digər təhlilçi Aleksey Malaşenko düşünür ki, Türkiyə-Azərbaycan alyansı ilk növbədə Ankaranın siyasi ambisiyaları ilə bağlıdıd. O, Türkiyənin sazişdən hansısa iqtisadi fayda aldığını görmür. Ancaq indi Erdoğan “türk xalqlarının böyük qardaşı kimi” daha çox dəstək qazandığını iddia elə bilər.

Sotnikovdan fərqli olaraq Malaşenko Azərbaycanla Türkiyənin əlaqələrinin genişlənməsini Rusiya və Ermənistana təhdid kimi görmür. “Rusiya Cənubi Qafqazda hərbi iştirakını gücləndirmək şansı əldə edir”, deyən təhlilçinin fikrincə, bu ölkələr arasında yeni problemlər ortaya çıxarsa, Moskva “hərbi qüvvələrinin sayını ikiqat artıracaq”.

Xatırlatma

Azərbaycan qüvvələri sentyabrın 27-dən noyabrın 9-dək Dağlıq Qarabağ ətrafındakı dörd rayonu, eləcə də Şuşa şəhərini, Hadrut qəsəbəsini işğaldan azad edib. Noyabrın 10-da açıqlanmış atəşkəs sazişi ilə qalan 3 rayon da dekabrın 1-dək Azərbaycana qaytarıldı. Eyni zamanda tərəflərin təmas xəttinə və Laçın dəhlizinə 2 min Rusiya sülhməramlısı yerləşdirilib.

Atəşkəs bəyanatı açıqlanandan sonra Ermənistanda etirazlar başlanıb. Müxalifət Baş nazir Nikol Paşinyanın istefasını, yeni seçki keçirilməsini tələb edir.

XS
SM
MD
LG