Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:09

Azərbaycandan gələn pullarla İbizaya model göndərən cütlük


Məhkəmə sənədlərində Danske Bank-ın da adı keçir
Məhkəmə sənədlərində Danske Bank-ın da adı keçir

Britaniya Milli Cinayət Agentliyi (NCA) bildirir ki, ölkəyə 14 milyon funt sterlinq vəsait ofşor şirkətlərin və Baltik banklarının mürəkkəb şəbəkəsi vasitəsilə gətirilib

Londonda bir cütlük Azərbaycandan gələn qanunsuz pullar hesabına İbizaya özəl təyyarə ilə modellər göndərib, məktəb ödənişlərini edib. Bunu Britaniyada çıxan “Evening Standart” qəzeti qapalı keçirilən məhkəmə sənədlərinə əsasən yazır.

Britaniyanın hüquq-mühafizə orqanları bu metodlarla tanışdır

Britaniya Milli Cinayət Agentliyi (NCA) bildirir ki, ölkəyə 14 milyon funt sterlinq vəsait ofşor şirkətlərin və Baltik banklarının mürəkkəb şəbəkəsi vasitəsilə gətirilib.

Məlumata görə, pulun mənbəyi kimi Belçikada bir diş həkimi göstərilib, vəsait Coutts, Barclays və Santander kimi tanınmış bankların hesablarında saxlanıb.

Londonda bir neçə ipotekasız mülkiyyət sahibi olan cütlük iddia edir ki, pul Azərbaycanda əmlak icarəsindən əldə olunub.

Ancaq NCA iddia edir ki, bu, çox güman “korrupsiya, oğurluq, yaxud mənimsəmə” ilə əldə olunan vəsaitdir.

Agentlik Vestministerdə hakimlərə deyib ki, cütlük Coutts-ə kimliyi haqda saxta informasiya verib, pul ölkəyə “Azərbaycanın pulyuyan maşını” sxemi çərçivəsində daxil olub.

NCA-nın bildirməsinə görə, cütlük Azərbaycandan birbaşa ödənişlər almayıb, pul onlara Estoniya və Latviyada hesabları olan 21 şirkət vasitəsilə köçürülüb. Qurum bu metodların Britaniyanın hüquq-mühafizə orqanlarına tanış olduğunu bildirir.

Məhkəmənin qərarıyla cütlüyün kimliyi gizli saxlanır.

1.6 milyona...

Pulu köçürən 21 şirkətin bir neçəsi “pulyuyan maşın” sxemində istifadə olunan “əsas” üç Britaniya şirkətindən pul qəbul edib. Məhkəmə sənədlərində “X və Y-in 1.6 milyon funt-sterlinqdən artıq vəsait” aldığı şirkətlərdən biriylə bağlı “maraqlı bir iş”dən söz açılır.

“2014-cü ilin iyununda şirkət yeddi kişi və beş gənc qadın modeli özəl təyyarə ilə İbizaya göndərib; şirkət həmçinin Britaniyada bir sıra özəl məktəblərə və digər təhsil ocaqlarına ödənişlər edib”, – məqalədə deyilir.

“Azərbaycan pulyuyan maşını” kimi tanınan sxemlə 2012-2014-cü illərdə Azərbaycandan 2.2 milyard funt strerlinqin (2.7 milyard dollar) Britaniyada qeydiyyatdan keçmiş dörd şirkət və Danimarka bankının Estoniya filialı vasitəsi ilə “oğurlandığı” bildirilir.

Hakimiyyət təmsilçiləri yüksək eşalonlarda korrupsiyayla bağlı deyilənləri qəbul etmir, ölkədə bu sahədə dövlət səviyyəsində mübarizə aparıldığını deyirlər. Məsələn, “Azərbaycanın pulyuyan maşını” araşdırmasında adı keçən deputat Cavanşir Feyziyev həmin araşdırmanın aparmış Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) icraçı direktoru və həmtəsisçisi Paul Radunu Londonda məhkəməyə verib, onu böhtan atmaqda suçlayır

XS
SM
MD
LG