Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:03

Ev dustaqlığına kimləri buraxırlar


Qandal
Qandal

Xarici İşlər Nazirliyinin İşlər İdarəsinin keçmiş müdiri, eyni zamanda, nazirliyin Tender Komissiyasının sədri olmuş Fərhad Molla-zadə və İşlər İdarəsinin Təsərrüfat şöbəsinə rəhbərlik etmiş Səlim Əlizadə həbsdən buraxılsa da, onlar istıntaq altındadır. Sözügedən cinayət işi üzrə təqsirləndirilən şəxslərdən birinin vəkili AzadlıqRadiosuna bildirib ki, onların barəsində cinayət işinə xitam verilməyib.

"Təqsirləndirilən şəxslərdən bəziləri ziyanın müəyyən qismini ödəyib"

"İstintaq nazirlikdəki yeyintiləri araşdırır, mənimsəmə nəticəsində dəymiş ziyan hesablanır. Təqsirləndirilən şəxslərdən bəziləri ziyanın müəyyən qismini ödəyib. Düşünürəm ki, ev dustaqlığına buraxılma məsələsində bu məsələnin də rolu olub. Fərhad Molla-zadə və Səlim Əlizadədən əvvəl də ev dustaqlığına buraxılanlar olub", – vəkil bildirib.

DTX, XİN-nin əməkdaşlarını belə yaxaladı
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

Ev dustaqlığı istintaq altındakı təqsirləndirilən şəxs haqqında seçilə bilən müxtəlif növ qətimkan tədbirlərindən biridir. Qətimkan tədbiri növlərindən ən ağırı həbs hesab olunur. Cinayət-Prosessual Məcəllədə göstərilib ki, şəxsin istintaqdan yayınmaq, gizlənmək, şahidlərə təsir göstərmək, sübutları saxtalaşdırmaq ehtimalı ilə bağlı əsaslı şübhələr olanda həbs qərarı verilə bilər. Bu ehtimallar yoxdursa, məhkəmənin yekun hökmünə qədər digər qətimkan tədbiri növlərinə (polis nəzarətinə vermə, başqa yerə getməməyə dair iltizam, ev dustaqlığı, girov və s.) üstünlük verilməsi məqsədəuyğun sayılır. Xüsusən də şəxsin ittiham olunduğu əməl böyük ictimai-təhlükə törətməyən və az ağır cinayətlər kateqoriyasına aiddirsə...

"Həbsdə olan elə fəallar var ki..."

Hüquqşünas Namizəd Səfərov AzadlıqRadiosuna bildirib ki, F.Molla-zadə və S.Əlizadənin barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsində hüquqi baxımdan heç bir problem yoxdur. Çünki qanunvericilik buna imkan verir. Hətta Avropa Məhkəməsinin Azərbaycanla bağlı bir sıra qərarlarında qətimkan tədbiri kimi zərurət olmadıqca həbs qərarı verməmək tövsiyə olunur. Ali Məhkəmənin Plenumunun qərarlarında eyni məzmunlu tövsiyələr var: "Mənzərəni təhlil edəndə hüquqi baxımdan yox, siyasi baxımdan problem – ayrıseçkilik görürük. Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri külli miqdarda dövlət vəsaitinin yeyintisində ittiham olunurlar. Onlara qanunun verdiyi bu imkandan yararlanmağa şərait yaradılır. Amma ictimai-siyasi fəallara fərqli münasibət görürük. Bu gün həbsdə olan elə fəallar var ki, onların təqsirləndirildiyi əməllər heç ağır cinayətlər kateqoriyasına aid deyil. Hələ mən onların günahsızlığını bir kənara qoyuram...".

N.Səfərov
N.Səfərov

"Bəs Əfqan Nağıyev necə çıxıb?"

Rəsmi olaraq, XİN-in vəzifəli şəxsləri barəsində istintaq davam etsə də, N.Səfərov onlar haqqında cinayət işinə xitam veriləcəyini istisna etmir. Hüquqşünas külli miqdarda rüşvət almaqda suçlanaraq həbs olunan general - Dövlət Sərhəd Xidmətinin rəis müavini Əfqan Nağıyev ətrafında baş verənləri yada salır: "Əfqan Nağıyevi də rəsmi olaraq ev dustaqlığına buraxmışdılar. Bir müddət əvvəl isə prezidentin sərəncamı ilə "Qarabağ" ordeni, "Cəbrayılın azad edilməsinə görə" medalı ilə təltif olundu. Ev dustaqlığında olan şəxs nəzarət altında olmalıdır, onlara müəyyən məhdudiyyətlər tətbiq olunur. Cəbhəçilərin ayaqlarına onlara əziyyət verən dəmir qolbaqlar vurulur, Bakıdan hətta Abşeron ərazisinə çıxmağa imkan verilmir. Bəs Əfqan Nağıyev necə çıxıb?".

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir neçə üzvü ev dustaqlığına buraxılsalar da, ayaqlarına vurulan dəmir qolbaqların onlara əzab verdiyini, incitdiyini deyirlər.

Ə.Nağıyev ev dustaqlığına buraxılandan bir müddət sonra onun barəsindəki cinayət işinə də xitam verildiyi haqda məlumat yayılmışdı. Lakin Baş Prokurorluğun mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilmişdi ki, cinayət işinə xitam verilməyib, o, istintaq altındadır: "Bu iş üzrə təqsirləndirilən şəxslərin işləri hissə-hissə məhkəməyə göndərilir".

Həmin əməliyyatda tutulanlardan bir neçəsinin işi məhkəməyə göndərilsə də, onların arasında Ə.Nağıyevin adı yox idi.

N.İbrahim
N.İbrahim

"Əhəmiyyət verilmir"

Hazırda həbsdə olan ictimai fəal Nicad İbrahim CM-in 139-1.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə ittiham olunur. Onun suçlandığı əməl az ağır cinayət hesab olunur və bu maddədə 1500 manatdan 5000 manata qədər cərimə, 3 ilə qədər azadlığın məhdudlaşdırılması, yaxud da eyni müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

N.İbrahim Facebook hesabında Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirəcəyi haqda paylaşımından iki gün sonra – iyulun 22-də aksiya keçirməyə gedərkən saxlanılıb. Həyat yoldaşı Pərvin İbrahimli AzadlıqRadiosuna bildirib ki, Nicad iki azyaşlı övladı, xəstə anası da daxil olmaqla, beş nəfərlik ailənin yeganə qazanc gətirəni idi. Məcburi köçkün olduqlarını, uşaq bağçasının binasında məskunlaşdıqlarını deyən P.İbrahimlinin sözlərinə görə, həyat yoldaşının ev dustaqlığına buraxılması üçün vəkil dəfələrlə məhkəmələrə vəsatət verib. Amma heç biri təmin olunmayıb: "Hələ onu demirəm ki, bu ittiham, ümumiyyətlə, saxtadır. Vəkil vəsatətlərində ailənin ağır vəziyyətini, özünün sağlamlıq problemlərini və başqa məsələləri qaldırır. Amma əhəmiyyət verilmir. Dəfələrlə ağır, dövləti cinayətlərdə ittiham olunanlara şamil edirlər, Nicada yox...".

Xatırlatma

Ev dustaqlığına buraxılan F.Molla-zadə və S.Əlizadə CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar. Onlar nazirliyin elan etdiyi tenderlərdə özlərinin əvvəldən razılaşdırdığı şirkətləri qalib elan edib, ayrılan vəsaitlərin bir hissəsini mənimsəməkdə təqsirləndirilir. Bunlardan 179-cu maddədə 5 ildən 10 ilə qədər, 308-ci maddədə 2 ilə qədər, 311-ci maddədə isə 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Adları çəkilən şəxslərin bu ittihamlar üzrə özlərini təqsirli bilib-bilmədiyi məlum deyil.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) onların həbsi ilə nəticələnən əməliyyatla bağlı yaydığı videogörüntülərdə F.Molla-zadənin istintaqa ilkin ifadəsi də yer almışdı. Həmin ifadədə o, nazirliyin tenderlərində korrupsiya hallarına yol verildiyini təsdiqləyirdi.

XS
SM
MD
LG