Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:09

Tramp ikinci dəfə impiç edildi


Kapitoli, arxiv fotosu
Kapitoli, arxiv fotosu

Trampın Palatada impiç olunacağı dəqiqdir, amma Senatda onun təqsirli bilinməsi üçün gərəkən üçdə iki çoxluğu yığılmaya bilər

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiç edilməsinə səs verib.

Beləliklə Birləşmiş Ştatların tarixində ilk dəfə olaraq eyni prezident iki dəfə impiç edilib.

Yanvarın 13-də Nümayəndələr Palatasındakı demokrat çoxluğun təşəbbüsü ilə keçirilən impiçment sessiyası saatlarla davam edib.

İmpiçment prosesində prezident Donald Trampa qarşı bir maddədən ibarət ittiham irəli sürülmüşdü.

Tramp “qiyamın qızışdırılmasında” ittiham olunurdu.

İmpiçment qərarı 232 leyhinə, 197 əleyhinə nisbəti ilə qəbul olunub. Dörd konqresmen səsvermədə iştirak etməyib.

Trampın impiç olunmasının leyhinə yalnız 10 respublikaçı səs verib.

Bundan əvvəl demokratlar vitse-prezident Mayk Pensi Konstitusiyanın 25-ci Düzəlişini hərəkətə gətirməyə çağıran qətnamə qəbul etmişdilər.

Bu Düzəliş prezidentin “vəzifəsinə yararsız olduğu” hallarda hərəkətə gətirilir. Lakin Pens bu addımı atmaqdan imtina edib.

İmpiçment sessiyası polis və hərbçilərin sərt mühafizəsi altında keçirilirdi.

***

Yanvarın 13-də ABŞ Prezidenti Donald Tramp Nümayəndələr Palatasında ötən həftə Kapitoliya basqının qızışdırılmasındakı roluna görə impiç oluna bilər. Yaranmış siyasi böhran respublikaçı partiyasında ziddiyyətləri də dərinləşdirir.

Vitse-prezident Mayk Pens yanvarın 12-də deyib ki, Konstitusiyaya 25-ci düzəlişə uyğun olaraq Trampı vəzifəsindən kənarlaşdırmayacaq. Bundan öncə demokratların nəzarətində olan palata qətnamə qəbul edərək icraedici qanadı konstitusion gücündən istifadə etməyə, Trampı prezidentlikdən kənarlaşdırmağa çağırmışdı.

Pensin arqumenti

Palatanın spikeri Nensi Pelosi deyirdi ki, Pens Trampı kənarlaşdırmasa yanvarın 13-də prezident impiç olunacaq.

Pens Pelosiyə məktubunda yazıb ki, prezidentin vəzifə müddətinin bitməsinə cəmi səkkiz gün qalır və onun vəzifədən uzaqlaşdırılmasının “ölkəmizin xeyrinə, yaxud Konstitusiyamıza uyğun olduğuna” inanmır.

Demokratlar prezidenti “qiyamı qızışdırmaq” maddəsi ilə impiç etməyi planlaşdırırlar.

Yanvarın 6-da Kapitoliyə basqın zamanı biri polis əməkdaşı olmaqla beş nəfər öldürülüb.

Palatada azlığın lideri Kevin Makkarti deyib ki, “indiki məqamda impiçmentin ölkəmizin bir araya gətirilməsinə əks təsiri olar”.

Nümayəndələr Palatasında 12-dək respublikaçının impiçmenti dəstəkləyəcəyi gözlənilir.

Makkonnel demokratları dəstəkləyir

Trampın Palatada impiç olunacağı dəqiqdir, amma Senatda onun təqsirli bilinməsi üçün gərəkən üçdə iki çoxluğu yığılmaya bilər.

Ancaq bir məsələ nəticəni kəskin dəyişə bilər. “The New York Times” qəzetinin yazmasına görə, Senatda respublikaçıların lideri Miç Makkonnel həmkarlarına deyib ki, Trampın impiç olunası hərəkətə yol verdiyini düşünür və demokratların addımını dəstəkləyir.

Tramp isə yanvarın 12-də ötənhəftəki zorakılığa görə məsuliyyət daşımadığını deyib, onu ikinci dəfə impiç etmək cəhdlərini “əcinnə ovu” adlandırıb.

Prezident Ağ evdə jurnalistlərə deyib ki, onu vəzifədən kənarlaşdırmaq cəhdləri “ölkəmizə böyük təhlükə yaradır, böyük qəzəb doğurur”. “Zorakılıq istəmirəm”, – o söyləyib.

Bu arada Federal Təhqiqatlar Bürosu xəbərdarlıq edib ki, Co Baydenin 20 yanvar andiçmə mərasimi öncəsi ölkədə “silahlı etirazlar” keçirilə bilər.

XS
SM
MD
LG