Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:46

Qapanmaların dostlara təsiri


İnsanların sosial çevrələri daralmağa başlayıb
İnsanların sosial çevrələri daralmağa başlayıb

Avstraliyada aparılan bir araşdırma lokdaunun sosial münasibətlərimizi, şəbəkəmizi dəyişdirdiyini üzə çıxarıb.

Avstraliyanın Melburn şəhərində yaşayan 35-yaşlı statistik Karen Lamb lokdaundan əvvəl çox fəal idi. O, hər həftə xor qo-qo rəqslərinə, teatra gedir, dostları ilə çoxlu vaxt keçirirdi. Ancaq lokdaun rejimi onun sosial davranışını və şəbəkələrini pozub. Karenin dünyası onlayna keçəndən bəri o, bəzən özünü tənha hiss edir.

Tənhalıq nə qədər çəkəcək?

BBC yazır ki, koronavirusun ilk dalğası zamanı çox sayda insan özünü tənha hiss edirdi. Melburndakı Suinbörn Texnologiya Universitetində çalışan tənhalıq mütəxəssisi doktor Mişel Lim deyir ki, birinci lokdaun zamanı Avstraliyada hər iki insandan biri özünü tənha hiss etdiyini bildirib. Britaniya və ABŞ-da isə bu halın hər üç adamdan ikisində müşahidə olunduğu deyilir.

Maraqlıdır, karantin rejiminin bizim sosial münasibətlərimizi dəyişməsi özünü nədə göstərir və bu tənhalıq nə qədər çəkəcək?

Avstraliyada aparılan sözügedən tədqiqat iki alimin – Sidney Universitetində çalışan tənhalıq mütəxəssisi doktor Marli Bauer və Vollonqonq Universitetindən sosioloq doktor Rocer Patulnının birgə layihəsidir. 2 minədək avstraliyalı arasında aparılmış ilkin sorğunun nəticələri göstərib ki, insanların sosial çevrələri daralmağa başlayıb. Mövcud dostluqlarını onlayn rejimdə davam etdirə bilən insanların işi o qədər də çətin olmayıb. Bir çox hallarda belə insanların dostları ilə münasibətləri hətta daha da yaxşılaşıb.

Ən yaxın sayılan...

Şotlandiyalı Lamb 8 ildir ki, Melburnda yaşayır. Lokdaundan əvvəl o, az qala, gündə 4-5 dəfə köhnə dostu Eymi ilə danışırmış. İndi isə, sadəcə, cümə axşamı günləri təyin olunmuş vaxtda danışırlar. Özləri də niyə həmişə belə etmədiklərinə təəccüblənirlər.

Karen deyir ki, şotlandiyalı dostları ilə əlaqə saxlamaq avstraliyalı gündəlik dost-tanışı ilə münasibət saxlamaqdan daha asan olub. Çünki əvvəldən avstraliyalı dostları ilə onlayn bağları daha zəif imiş.

Bauerin sözlərinə görə, sosial münasibətlər onlayn məcraya keçəndən bəri yalnız müəyyən növ münasibətləri qorumaq mümkün olub. Münasibətin yerli, yaxud icma konteksti aradan götürüləndən sonra insanların öz aralarındakı ümumi iş və hobbi maraqları ön plana çəkilib. Bir çoxları pandemiya ilə bağlı yaşadıqları stressi yaxın bildikləri dostları ilə bölüşmək istəyirlər.

Bauerə görə, sosial münasibətlərin çoxu onlayn olduğundan dünyanın fərqli yerlərində yaşayan insanlarla ünsiyyət yaxınlıqda yaşayırmış kimi asanlaşıb. Nəticədə insanlar harada yaşamasından asılı olmayaraq, özlərinə ən yaxın saydıqları insanlarla münasibətləri qoruyub saxlaya bilirlər.

"Mikroünsiyyət" itir

"İnsanların doğulduqları yerdən çıxıb getməsi müasir cəmiyyətin xüsusiyyətidir. Siz planetin o biri tərəfində yaşayan insanlarla daha yaxınsınız, çünki onlar sizin birlikdə böyüdüyünüz adamlardır. Qonşuluqda yaşayan insanlarla yaxın olmaya da bilərsiniz. COVID bunu çox yaxşı göstərir", – Patulnı deyir.

Maraqlıdır ki, pandemiya dövründə onlayn münasibət quracaq qədər yaxın olmadığımız insanlarla ünsiyyət imkanı itirilir. Lambın xoru Zoom-da davam etsə də, xor yoldaşları ilə əvvəlki kimi söhbət edə, ünsiyyət saxlaya bilmir və buna görə təəssüflənir.

Patulnı və Bauer çevrələrdə insanlar arasındakı "mikroünsiyyət"in itirildiyini aşkar ediblər. Bu növ ünsiyyəti rəqəmsal kommunikasiyalar vasitəsilə saxlamaq çox çətindir.

"Sadəcə, yolüstü ayaq saxlayıb danışmaq, zarafat etmək, gülmək, əsas işdən kənar bütün söhbətlər – onlayn görüşəndə bunlar baş vermir. Ekstraperiferal ünsiyyət itirilib və bu, ciddi itkidir", – Patulnı bildirir.

XS
SM
MD
LG