Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:53

Rusiyalılar Putinin zəifliyini faş etdi – Qərb mediası


Rusiyada 23 yanvar etirazları
Rusiyada 23 yanvar etirazları

“The New York Times” qəzetində Aleksey Kovalev Rusiyada nəsə xüsusi bir şeyin baş verdiyini yazır

“Vladimir Putin adətən, 21-ci əsrdə dünyada güclənən avtokratiya modelinin memarlarından biri kimi təqdim olunur. Amma şənbə günü Rusiyada baş verənlər bunun əksini göstərdi. 100-dən çox şəhərdə onminlərlə insan şaxtalı havaya, çevik polisə meydan oxuyaraq Putin rejiminə qarşı etirazlara çıxdı. Rusiya diktatorunu bu tezliklə devirmək real görünməsə da etirazlar onun idarəçiliyinin əsaslarının çürüklüyünü və bunun demokratik rəqiblərinə yaratdığı imkanı üzə çıxardı”. Bunu “The Washington Post” qəzeti redaksiya məqaləsində yazır.

Qəzetin mövqeyincə, Putinin zəifliyi müxalifətçi Aleksey Navalnının fərasəti və heyranedici cəsarəti sayəsində faş olundu. Müxalifətçi avqustda zəhərlənəndən sonra Berlində müalicə alırdı. Putin yəqin ki, siyasətçi Moskvaya qayıdınca nə baş verəcəyini gözləmirdi: Navalnı həbs olunan kimi nümayişlərə çağırdı, Putinin korrupsiyasının sənədləşdirildiyi 112 dəqiqəlik video yayıldı. Bazar ertəsindədək You-Tube-da videoya 89 milyondan çox baxış olub. Sonra isə indiyədək heç vaxt Putinə etiraz etməyənlər küçələrə çıxdı.

Rusiyalı müşahidəçilər etirazlara çıxanların heç də ədalətli seçki tələb edən təhsil görmüş liberallar deyil, gənc fəhlələr olduğunu bildirir. Onlar Putinin hakimiyyətdən getməsini istəyirlər. “Onlar elitanın korrupsiyasını faş etməyi qarşısına məqsəd qoymuş Navalnıya sadiqdirlər”, – qəzet yazır.

Bircə insident

“The New York Times” qəzetində Aleksey Kovalev isə Rusiyada nəsə xüsusi bir şeyin baş verdiyini yazır. Onun fikrincə, artıq insanların etirazını təzyiq və qorxutma ilə önləmək mümkün deyil.

“Şənbə etirazlarının əhəmiyyətini bircə insident ortaya qoyur: Moskvada kütlə polisi qartopuya tutub, onlar isə başlarını itirmiş kimi görünürlər. Yaxud başqa bir videoda gənclər xüsusi geyimli çevik polisə elə hücum edir ki, onlar belə dirəniş qarşısında bir anlıq geri çəkilirlər... Belə bir meydan oxuma və gərginlik əhalinin Prezident Vladimir Putinin idarəçiliyi altındakı həyatdan narazılığını göstərir... Bir neçə illik nisbi sakitlikdən sonra Rusiya yenidən çaxnaşır”, – müəllif yazır.

Hökumətin reaksiyası da narahatlığının miqyasını göstərir. 2019-cu ilin iyul etirazından sonra 1373 nəfər saxlanmışdı. Şənbə günü isə 3100 etirazçının saxlandığı bildirilir.

Vaşinqtonla gərginlik dərinləşə bilər

Navalnının həbsi Putinlə ABŞ-ın yeni prezidenti Co Bayden arasında gərginliyi dərinləşdirə bilər. “Bloomberg”in təhlilçisi Ceyk Rudnitski yazır ki, Rusiyanın Vaşinqtonla münasibətləri onsuz da çox aşağı səviyyədə olduğundan Baydenin təzyiq imkanları məhduddur.

Müəllifin mövqeyincə, daxili siyasət və keçmiş sovet ölkələrində baş verənlər duruma daha çox təsir göstərə bilər: “Müxalifət etirazların davam edəcəyini bildirir. Qonşu Belarusda isə kütləvi etirazlar Aleksandr Lukaşenkanın 26 illik hakimiyyətini laxladır. Putin 20 ildə dövlət aparatının ən kiçik detalına belə nəzarət edən lider imicini yaradıb. Təhlilçilərin fikrincə, Navalnını məğlub edə bilməmək zəiflik əlaməti hesab oluna bilər”.

İndilik, Navalnı Rusiyada Putinə qarşı çatlaq blokun ən üzdə olan lideridir. O, ölkəboyunca şəbəkəyə nəzarət edən yeganə müxalifətçidir və bu şəbəkə 2021-ci ilin sentyabrında Dövlət Dumasına seçkilər zamanı səfərbər edilə bilər. Hazırda parlamentin 450 üzvlük aşağı palatasında bircə müxalifətçi də yoxdur.

XS
SM
MD
LG