Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:01

Azərbaycandan elə hey Avropaya yazırlar...


AİHM-nin hakimləri
AİHM-nin hakimləri

Azərbaycan 2020-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) haqqında ən çox qərar çıxardığı 5 ölkədən biri olub.

Bu barədə yanvarın 28-də AİHM-in açıqladığı hesabatda bildirilir.

Ötən il ərzində qurumun qəbul etdiyi 871 qərardan 37-si Azərbaycana qarşı çıxarılıb. Hesabata görə, Azərbaycanda ən çox azadlıq və toxunulmazlıq, habelə ədalətli məhkəmə araşdırması hüququ pozulub.

2 min şikayət baxılmasını gözləyir

Azərbaycan həmçinin, AİHM-ə ən çox şikayət edilən 6 ölkədən biridir. Bu ölkədən göndərilən 2 min şikayət baxılmasını gözləyir.

Hələ, 2019-cu il aprelin 3-də Prezident İlham Əliyev "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərman imzalayıb.

Prezidentin fərmanında yazılanlar...

Fərmana görə, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməlidir. Məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, icraatın effektivliyi yüksəldilməli, qərarların tam, vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və başqa neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.

F.Ağamalı
F.Ağamalı

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalının "Turan" agentliyinə bildirməsinə görə, AİHM-in çıxardığı bu və buna bənzər qətnamələrin mahiyyətinə varanda məlum olur ki, burada daha çox hüquqi prosedurların pozulması ilə bağlı məsələlər öz əksini tapır: "Yəni, konkret olaraq insanın hüquqlarının ölkə səviyyəsində, rəsmi olaraq deyil, daha çox məhkəmə prosesi, istintaq gedişi zamanı yol verilmiş hüquqi prosedurların pozulmasına görə biz qınağa məruz qalırıq".

"İslahatlar daha geniş xarakter almalıdır"

Deputatın fikrincə, bununla bağlı hüquq-mühafizə orqanlarında, məhkəmə sistemində ciddi islahatlar daha geniş xarakter almalıdır: "Bu ona görə olmalıdır ki, müasir hüquqi bilikləri özündə daşıyan, korporativ və digər maraqlardan uzaq olan insanlarımız bu sistemə daha geniş şəkildə cəlb olunsun. Adi prosedur qaydalarının pozulmasına görə biz AİHM-in hesabatlarında öndə dayananlardan olmayaq".

F.Ağamalının qeyd etməsinə görə, Azərbaycan yeganə ölkələrdəndir ki, burada vətəndaşların hüquqları qorunur: "Çox təəssüf ki, bəzi partiyaların üzvü və ya sədri bir sıra hallarda hüquq pozuntularına yol verəndə və cinayət məsuliyyətinə cəlb olunanda bunu siyasiləşdirməyə çalışırlar. Əslində, bunu antiazərbaycan dairələrinə ötürürlər, onlar da bunu Azərbaycana bir təzyiq forması kimi istifadə etməyə çalışırlar".

"...Bir daha təkrarlanmayacaq"

Deputat hesab edir ki, Prezident İlham Əliyevin başladığı məhkəmə-hüquq islahatlarının gedişi yaxın aylarda daha intensiv, geniş və sistemli xarakter alacaq: "Düşünürəm ki, bütün bunlar islahatların gedişi zamanı prosesə cəlb olunan yeni, yüksək bilik keyfiyyətlərinə malik olan hüquqşünaslar tərəfindən bir daha təkrarlanmayacaq".

R.Cəfərov
R.Cəfərov

Bakı İnsan Hüquqları Klubun təsisçisi Rəsul Cəfərovun AzadlıqRadiosuna bildirməsinə görə isə, hesabat bir daha göstərir ki, ölkədə məhkəmə-hüquq islahatlarına ehtiyac var: "Son illərdə bəzi dəyişikliklər olub, amma, göründüyü kimi, onlar fundamental yox, daha çox texniki xarakterlidir və məhkəmə-hüquq sisteminin tam müstəqilliyini təmin etmədi".

"...Burada siyasi iradə daha çox görünür"

Hüquq müdafiəçisinin sözlərinə görə, AİHM-in qeyd etdiyi qərarlar hüquq pozuntuları ilə bağlıdır: "Bu hüquq pozuntuları ona görə ortaya çıxır ki, yerli məhkəmələr təəssüf ki, onları araşdıra bilmirlər və nəticədə belə bir statistika yaranır".

R.Cəfərov AİHM-in qərarların icrasına da toxunub. Onun deməsinə görə, qərarların icrası məhkəmə-hüquq sistemi ilə bağlıdır: "Amma məhkəmə-hüquq sistemindən fərqli olaraq burada siyasi iradə daha çox görünür. Çünki qərarların icrasını yuxarı məhkəmə instansiyaları, yəni, Azərbaycanın AHİM-də daimi nümayəndəsinin təqdimatı ilə Ali Məhkəmə Plenumu həyata keçirir. Bəzi təqdimatlar gec verilir, bəzisi, ümumiyyətlə, verilmir, qərarlara Plenumda gec baxılır".

Həm hesabata, həm də yazıda yer alan fikirlərə, hələlik, Ali Məhkəmə və Məhkəmə Hüquq Şurasından münasibət almaq mümkün olmayıb. Ölkə rəsmiləri, bir qayda olaraq, AİHM-in qərarlarının Azərbaycanda icrasında bir elə problem görmürlər.

XS
SM
MD
LG