Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:35

'Qiymətlər yenidən ceyran belində'


Bakı bazarı. Foto arxiv
Bakı bazarı. Foto arxiv

Bu ilin əvvəlindən Azərbaycanda bir sıra ərzaq mallarının qiymətində artım müşahidə edilir.

Bu mövzuda AzadlıqRadiosuna danışan bəzi mağaza satıcıları bildirir ki, ən kəskin artım son günlərdə müşahidə olunur. Onların sözlərinə görə, xüsusilə bir sıra məhsulların qiymətində 20-25 faizə qədər artım var.

Nələr nə qədər bahalaşıb

Məsələn, həm ölkədə istehsal olunan, həm də xaricdən gətirilən bitki yağları 0.5-1 manat, şəkər tozu 28 qəpik, 50 kiloqramlıq un kisə 4 manat bahalaşıb. Yumurtanın, makaronun, çay və kofenin də qiymətlərində artım müşahidə edilir.

Supermarket
Supermarket

Ayaqüstü söhbət etdiyimiz alıcılardan birinin qiymət artımı ilə bağlı dəyərləndirməsi isə belə idi: "Qiymətlər yenidən ceyran belindədir".

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak bazarına nəzarət Dövlət Xidmətindən "Turan" agentliyinə baş verənləri "süni qiymət artımı" kimi xarakterizə ediblər. Bildirildiyinə görə, əsassız qiymət artımına yol verənlər bununla rəqabətin məhdudlaşdırılmasına, istehlakçıların mənafeyinə toxunulmasına yol açırlar:

""Antiinhisar fəaliyyəti haqqında" Qanuna əsasən..."

"Bu əməllərə görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur. "Antiinhisar fəaliyyəti haqqında" Qanuna əsasən, əsassız qiymət artımına yol verilməklə əldə olunan mənfəət həcmində cərimə nəzərdə tutulur. Eyni zamanda, qanunvericilikdə əsassız qiymət artımlarına, inhisarçılıq hərəkətlərinə və rəqabətin məhdudlaşdırılmasına görə cinayət məsuliyyəti nəzərdə tutulur".

Qurumdan habelə qeyd olunub ki, əsassız qiymət artımı hallarının vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə bir sıra məhsulların qiymətlərinin gündəlik monitorinqi həyata keçirilir.

"Öz monopol mövqelərindən sui-istifadə edərək..."

İqtisadçı Nemət Əliyev isə AzadlıqRadiosuna bildirib ki, ümumi bahalaşmanı şərtləndirən ölkədə hökm sürən karantin şəraitidir (ötən il martın 24-dən koronavirusla bağlı karantindir): "Bu vəziyyət istər xidmət sektorunda, istərsə də istehsal sahələrində sahibkarlıqla məşğul olanları öz fəaliyyətini dondurmağa məcbur edib. Şübhəsiz ki, belə şəraitdə hamı böyük maliyyə itkisinə məruz qalıb. Ona görə ticarət, xidmət, istehsal sahələrində fəaliyyət göstərənlər həmin o gəlirlərin bir hissəsini bərpa etmək məqsədini güdürlər. Bunu öz monopol mövqelərindən sui-istifadə edərək qiymət qaldırma yolu ilə əldə etməyə çalışırlar".

N.Əliyev
N.Əliyev

"Hökumət özü də qiymət artımına stimul verir"

İqtisadçı hesab edir ki, hökumət karantin dövründə sahibkarlara normal dəstək paketi təqdim etsəydi, onlar belə qiymət artımına getməzdi. Onun fikrincə, əksinə, hökumət özü də qiymət artımına stimul verir: "Yanvarda yanacağın qiymətlərini artırmaqla bir dəfə stimul verdi. (benzin 10, dizel yanacağı 30 faizdən çox bahalaşdı) Təzəlikcə də əhali üçün suyun qiymətini 100 faiz qaldırdı. Bu, qiymət qaldırmağa imkanı olan adamlar üçün bir örnəyə çevrilib. Yəni, hökumət qiymətləri iki dəfə qaldırırsa, biz də qaldıra bilərik".

İqtisadçıya görə, hökumət bunun qarşısını ala bilərdi: "Amma öz üzərinə düşənləri yerinə yetirmədiyinə görə vəziyyət dramatik xarakter alıb və bunun bütün acısını əhali çəkmiş olur. Orta ailələrin yaşayış səviyyəsi ötən ilin son 7-8 ayı ərzində düz 41 manat azalıb. Ümumiyyətlə, ölkənin iqtisadi-sosial həyatına kapital yatırımlarında ciddi şəkildə geriləmələr var".

N.Əliyev vurğulayıb ki, hökümət qiymətlərin aşağı salınması istiqamətində təsirli fəaliyyət göstərə bilmirsə, o zaman əhaliyə verilən yardımların məbləğini artırmalı, sosial dəstək proqramları həyata keçirməlidir.

Xatırlatma

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə ölkədə ərzağın qiyməti təqribən 5 faiz bahalaşıb. Müstəqil iqtisadçılar bu rəqəmə də şübhə edirlər.

XS
SM
MD
LG