Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:01

Nicad İbrahim: 'Polislər ağ yalan danışır'


N.İbrahim
N.İbrahim

Prezident Administrasiyasının qarşısında istefa tələbi ilə etiraz aksiyası keçirəcəyi haqda elandan sonra koronavirus yayma ittihamı ilə həbs olunan Nicad İbrahim polislərin yalan danışdığını iddia edir. O, məhkəmədə əleyhinə ifadə vermiş polis əməkdaşlarının cəzalandırılmasını tələb edir. Fevralın 3-də Nəsimi rayon Məhkəməsində bu barədə vəsatət qaldırıb.

Polislər məhkəmədə ifadə verərkən deyiblər ki, Nicadı karantin rejimi qaydalarını pozduğuna görə küçədə saxlayıblar. 19-cu polis bölməsinə gətiriləndən sonra müayinədən keçirilib və COVID-19 daşıyıcısı olduğu aydınlaşıb.

"Koronavirus daşıyıcısı idisə..."

N.İbrahim isə məhkəməyə saxlanılarkən jurnalistlərin çəkdiyi fotoşəkilləri təqdim edib. O fotolarda onun ağzında qoruyucu maska, əllərində əlcək olduğu görünür. Həmin gün küçəyə çıxmağa imkan verən SMS icazəsini də məhkəməyə təqdim edən N.İbrahim bildirib ki, bütün bunlar polislərin yalan danışdığını sübut edir: "Polislər ağ yalan danışır".

Prezident Administrasiyasının qarşısında aksiya keçirməyə gedərkən evinin yaxınlığında saxlandığını vurğulayan ictimai fəal ondan iki gün öncə etiraz barədə sosial şəbəkələrdə paylaşdığı elanı da məhkəmədə nümayiş etdirib. O, təqdim etdiyi sübutların iş materiallarına əlavə olunmasını istəsə də, hakim qəbul etməyib.

N.İbrahimin vəkili isə vəsatət verib ki, o saxlandıqdan sonra 19-cu polis bölməsinə, Nəsimi rayon Polis İdarəsinə və həbs qərarı üçün Nəsimi rayon Məhkəməsinə necə gətirildiyini göstərən görüntülər bu qurumlardan alınsın. Çünki o, adları çəkilən yerlərə qoruyucu geyim olmadan, polislərlə arasında məsafə saxlanmadan aparılıb: "Əgər bu adam koronavirus daşıyıcısı idisə, o vəziyyətdə necə aparıla bilərdi? Virusun yayılma təhlükəsi yarana bilərdi axı... Bu da sübut edir ki, əslində, Nicad İbrahim nə COVID-19 daşıyıcısı olub, nə də başqalarına təhlükə yaradıb".

Jurnalistlər dindiriləcək

Hakim bu vəsatəti də təmin etməyib.

Yalnız N.İbrahimin necə tutulduğunun şahidi olmuş iki jurnalistin dindirilməsinə hakim razılıq verib.

N.İbrahim CM-in 139-1.1 maddəsi ilə - koronavirus olduğu halda, küçəyə çıxıb başqalarının da həyatına təhlükə yaratmaqda ittiham olunur. Bu maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Özü isə deyir ki, onu prezidentə istefa tələbi ilə aksiya keçirmək istədiyinə görə cəzalandırırlar.

N.İbrahim bundan öncə ağzını tikib aclıq etməklə polislərə qarşı etiraz aksiyası keçirmişdi.

XS
SM
MD
LG