Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:16

1 milyard dollarlıq kassa gəliri əldən çıxır?


"Disney"in "Mulan" filmi də striminqə yönləndirilib.
"Disney"in "Mulan" filmi də striminqə yönləndirilib.

Ötən il koronavirus pandemiyası kassa gəlirlərinin altını üstünə çevirib.

Yeni filmlərin kinoteatrlarda nümayişi təxirə salınıb. "Pixar"ın "Soul", "Disney"in "Mulan" və bəzi digər filmlər striminqə yönləndirilib. "My Spy""Coming 2 America" kimi bir çox başqa filmlərsə striminq şirkətlərinə satılıb. "Warner Bros." isə tamamilə başqa yol seçərək özünün kinoteatrlarda göstəriləsi bütün filmlərini, eyni zamanda, "HBO Max"da tamaşaçıların ixtiyarına buraxıb.

Yarım milyard dolları keçməyən filmlər

Uğurlu 2019-cu ildən sonra 2020-ci ildə azı bir neçə milyard dollarlıq filmlərin olması gözlənilirdi. Ancaq biz heç yarım milyard dolları keçən film də görmədik. Ən gəlirli filmlər 426.5 milyon dollarlıq "Bad Boys for Life" və 461.3 milyon dollar qazanmış "The Eight Hundred" adlı Çin filmi oldu.

"Insider" yazır ki, heç bir filmin kassa gəlirinin bir milyard dollara çatmadığı sonuncu il 2007-ci il olmuşdu. Bununla yanaşı, 1 milyard dollarlıq kassa gəliri hələm-hələm əldə olunan nailiyyət deyil. Cəmi 47 film buna nail ola bilib.

Pandemiyanın davam etdiyi və kinoteatrların bağlı qaldığı, yaxud da məhdud imkanlarla işlədiyi zamanda nə vaxtsa başqa bir filmin kassa gəlirləri bu səviyyəyə çatacaqmı? Böyük ehtimalla bu il bu, baş verməyəcək.

Ancaq kino mütəxəssisləri deyirlər ki, indiki hal müvəqqətidir və bir gün başqa bir film bu həddi keçəcək. Sadəcə, zaman keçməli, insanların immuniteti formalaşmalı, yeni maraqlı film çəkilməlidir.

Həftəyə 50 milyon dolları aşmayan gəlir

Adətən, filmlərin kassa gəliri baxımından uğurlu olub-olmaması dərhal bilinir. Təhlilçilər və studiyalar həftəsonu kassa rəqəmlərinə baxıb filmin yaxşı, yaxud zəif olduğunu deyə bilirlər.

Şimali Amerikada bir film ilk həftəsonu ilk sıraya yüksələ biləndə bu, növbəti həftəsonuları daha çox tamaşaçı cəlb etmək üçün asan marketinq alətinə çevrilir.

Ancaq bütün dünyada əksər kinoteatrların, o cümlədən ABŞ-da kinoteatrların 60%-nin, Kanadada isə 100%-nin bağlı olduğu zamanda hər həftə eyni kassa gəlirlərini qazanmaq mümkün deyil.

"The Croods: A New Age" filmi açılış həftəsonunda cəmi 9.7 milyon dollar gəlir gətirib. Halbuki, filmin Şükran bayramı günlərində 30 – 40 milyon qazanc əldə edəcəyi gözlənilirdi. "The Croods" filmi 2013-cü ildə ilk həftəsini 43.6 milyon dollarlıq gəlirlə açmışdı.

Bir çox filmlərin striminq xidmətlərinə keçdiyi indiki dövrdə filmlərin uğurlu olub-olmadığını haradan biləcəyik?

Özünün striminq təhlillərini gizli saxlamaqla tanınan "Netflix" ilk onluğa düşən film və televiziya şoularının adlarını açıqlayır. Ancaq bu məlumat səhih deyil. Çünki istifadəçilər bir filmi iki dəqiqəlik açsalar da, ona sonadək baxsalar da, bu, ümumi statistikaya daxil olur.

"Güclü fundament lazımdır"

"Bu çətindir. Kassa gəliri mənə kassa gəlirləri təhlilçisi olmaq imkanı verir. Rəqəmləri təhlil edə bilirəm. Mən bu mifoloji ilk onluğu təhlil edə bilmərəm. Çünki təhlili əsaslandırmaq üçün bir şey yoxdur", – təhlilçi Ceff Bok deyir.

Bok əlavə edib ki, "Netflix"in "Away" serialı şirkətin ilk onluğuna düşsə də, cəmi bir mövsümdən sonra ləğv edilib. Onun sözlərinə görə, təhlillərin əsaslana bilməsi üçün gərəkən güclü fundament yoxdur: "Mən bilmirəm gələcəkdə bu aqreqat necə olacaq, ancaq ona mütləq belə bir fundament lazımdır".

Beş ən böyük film studiyası arasında "Warner Bros."un 2021-ci ilin bütün filmlərini eyni zamanda buraxmaq qərarı kassa gəlirləri haqda müzakirələri yerli-dibli istisna edir.

"Onların filmlərinin heç biri milyarda yaxınlaşmayacaq. Çünki hamısı azı bir aylıq "HBO Max"da pulsuzdur", – Bok deyir.

Mütəxəssislər bu filmlərin 30 gün ərzində striminq saytında olacağını nəzərə alaraq piratlıq və oğurluq halları üçün imkan açıldığını da deyiblər. Bu isə gəliri daha da azaldacaq.

XS
SM
MD
LG