Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:51

AzadlıqRadiosu Rusiyanı ittiham edir


AzadAvropa/AzadlıqRadiosu-nun Moskva bürosu
AzadAvropa/AzadlıqRadiosu-nun Moskva bürosu

Ötən ay ABŞ konqresmenləri, Kreml radioya qarşı cərimələri, qadağaları qüvvəyə mindirəcəyi halda, Moskvaya yeni sanksiyaların tətbiqinə çağırırdılar

AzadAvropa/AzadlıqRadiosu Rusiyanı bu təşkilatın fəaliyyətini hədəfə almaqla ikitərəfli investisiya sazişini pozmaqda ittiham edir. Moskva radioya qarşı qalmaqallı “xarici agent” qanunundan istifadə edir.

Radio bəyanatı fevralın 11-də verib. Son həftələr Rusiya qurumları şirkətə qarşı bir neçə cərimə kəsib.

“Roskomnadzor” media tənzimləyicisi radiodan tələb edir ki, Rusiya daxilində çap edilən və yayınlanan kontentin xarici mənbələrdən maliyyələşdiyini göstərsin. Hər bir televiziya, radio proqramının əvvəlində 15 saniyəlik xəbərdarlıq getməlidir.

AzadlıqRadiosu “xarici agent” damğası tələb olunan üç xarici media təşkilatından biri, cərimə kəsilən yeganə qurumdur. Amma radio tələbi yerinə yetirməyib. “Roskomnadzor” isə radioya qarşı 260 pozuntu halını təsbit edib. Bu işlər növbəti həftələrdə məhkəməyə təqdim olunarsa, ümumi cərimələr 1 milyon dollar yaxınlaşacaq.

1994-cü il sazişi

Şirkət bildirir ki, Moskvanın hərəkəti 1994-cü ildə Rusiya ilə Çexiya Respublikası arasında imzalanmış ikitərəfli investisiya sazişini pozur. Həmin sazişə görə, Moskva Çexiyanın Rusiyaya sərmayələrinə ədalətlə yanaşmalıdır. Qurum Rusiyanı mübahisəni həll etməkdən ötrü danışıqlara çağırıb.

Rusiya imtina edərsə, saziş Moskvaya qarşı beynəlxalq arbitrasiya proseduruna imkan yaradır.

“Rusiya hökumətinin bu cəzalandırıcı tədbirləri bu ölkədə izləyicilərimiz sürətlə artdığı bir vaxtda AzadAvropa/AzadlıqRadiosu-nun işini dayandırmağa yönəlik əsəbi reaksiyadır”, – təşkilatın prezidenti vəzifəsini icra edən və baş redaktoru Deyzi Sindelar deyib.

ABŞ Konqresi tərəfindən maliyyələşən AzadlıqRadiosu 1995-ci ildə Münhendən Çexiya Respublikasına köçüb və Çexiyada hüquqi şəxs kimi fəaliyyət göstərir.

Radionun Rusiyada 50-cən tamştatlı, 300-cən frilanseri var. TV, radio və onlayn yayınla Rusiyanın ən böyük müstəqil xarici media təşkilatlarındandır.

Həftəyə 6.7 milyon izləyici

Media qurumlarının mövqeyinə görə, məqsəd radionun Rusiyada fəaliyyətini dayandırmaqdır. Hazırda radionun həftəlik izləyici sayı 6.7 milyona yaxındır.

2012-ci ildə qəbul olunmuş, sonradan dəfələrlə genişləndirilmiş “xarici agent” qanunu hakimiyyətə imlan verir ki, xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarına, insan haqları və media orqanlarına “xarici agent” damğası vursun. Qanun bu təşkilatları bürokratik nəzarətə məruz qoyur. Xaricdən maliyyələşən xəbər qurumlarından Rusiya daxilində kontentə “xarici agent” tərəfindən hazırlanmasına dair etiket vurmaq tələb olunur. Eyni zamanda radionun jurnalistləri kriminal təqib riskilə üzləşir.

Ötən ay ABŞ konqresmenləri, Kreml radioya qarşı cərimələri, qadağaları qüvvəyə mindirəcəyi halda, Moskvaya yeni sanksiyaların tətbiqinə çağırırdılar.

Vladimir Putinin prezidentliyi dövründə Kreml müstəqil mediaya təzyiqləri davamlı gücləndirib. Sərhədsiz Reportyorlar Təşkilatının Dünya Mətbuat Azadlığı İndeksində Rusiya 180 ölkə içində 149-cu yerdədir.

XS
SM
MD
LG