Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:29

Azərbaycana sərmayə azalır, onu necə artırmalı?


Manat və dollar
Manat və dollar

Azərbaycanda sərmayə mühitinin durumu uzun illərin müzakirə və mübahisə mövzusuna çevrilib. Prezident İlham Əliyev də fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında da bu məsələyə toxunub. Azərbaycanda sərmayə mühitini “olduqca münbit” hesab edən dövlət başçısı Dünya Bankının hesabatına əsaslanıb:

“Hesabatda bildirilib ki, Azərbaycan biznes fəaliyyəti üçün imkanlar baxımından 30 aparıcı dövlət sırasındadır və bərpa olunan enerji sahəsinə sərmayələrin cəlb olunması bizim bərpa olunan enerji mənbələrinə dair strategiyamıza və potensialımıza uyğundur”.

Statistika...

Neft mancanağı
Neft mancanağı

Ancaq Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il qeyri-neft-qaz sektoruna sərmayə 38,8faiz azalıb.

“Ümumi sərmayə qoyuluşları ötən ilin yanvar ayı ilə müqayisədə 27,5 faiz düşüb”, məlumatda yazılıb.

AzadliqRadiosu Azərbaycanda sərmayə mühiti həqiqətənmi yaxşıdır, yox əgər yaxşı deyilsə bu istiqamətdə vəziyyəti dəyişmək üçün hansı addımlar atılmalıdır sualıyla iqtisadçılara müraciət edib.

Deputat Vüqar Bayramov 2020-ci ildə sərmayə qoyuluşunun azalmasını xarici amillərlə əlaqələndirir:

“Nəzərə alsaq ki, qlobal baxımından da sərmayə qoyuluşu azalmalar müşahidə olunub. Ötən il dünyada sərmayə qoyuluşu 1.5 trilyon dollar azalıb. Buda birbaşa pandemiyanın ( koronavirus) təsirlərilə bağlıdır. Əslində, pandemiya olmasaydı, Azərbaycanda sərmayə qoyuluşunun artacağı proqnozlaşdırılırdı. Bu mənada xarici amillər sərmayə qoyuluşuna birbaşa təsir göstərdi”.

Vüqar Bayramov, 17 yanvar 2014
Vüqar Bayramov, 17 yanvar 2014

Vüqar Bayramov hesab edir ki, son illər Azərbaycanda investisiya mühitinin yaxşılaşması müşahidə olunur:

““Kölgə iqtisadiyyatı”na qarşı mübarizənin də güclənməsi müşahidə olunur”

“ Azərbaycanın beynəlxalq hesabatlardakı yeri daha da yaxşılaşıb, xüsusən də Dünya Bankının “Duinq Biznes” hesabatında ölkəmiz ilk 30-luğa daxil ola bilib. Nəzərə alsaq ki, “Duinq Biznes” investisiya mühitinin qiymətləndirilməsi baxımından dünyada ən çox istinad edilən və inanılan hesabatdır. Eyni zamanda, “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin də güclənməsi müşahidə olunur, “kölgə iqtisadiyyatı”nın minimumlaşdırılması ilə bağlı tədbirlər 2030-cu ilə qədər olan Milli Priotetlərdə də nəzərə alınıb”

Deputatın fikrincə, bu kontekstdən yanaşdıqda, investisiya mühitinin yaxşılaşdırılması, daha çox sərmayənin cəlb edilməsi növbəti illərdə priotet olacaq.Vuqar Bayramovun hesab etməsinə görə, məqsəd daha yaxşı investisiya mühitinə nail olmaqla daha çox sərmayənin cəlb olunmasına çalışmaqdır:

“...İslahatlar növbəti 10 ildə də davam etdiriləcək”

“ Gözlənilir ki, hazırlanmaqda olan strategiyada da bu məsələ öz əksini tapacaq, o baxımdan milli priotetlərə uyğun olaraq biz investisiya mühitinin daha da yaxşılaşdırılması üçün xarici sərmayənin cəlb olunmasını növbəti illərdə də müşahidə edəcəyik. Praktik olaraq bu ondan xəbər verir ki, investisiya mühitinin yaxşılaşdırılması üçün aparılan islahatlar növbəti 10 ildə də davam etdiriləcək”.

Nazim Bəydəmirli, arxiv foto
Nazim Bəydəmirli, arxiv foto

İqtisadçı-alim Nazim Bəydəmirli isə investisiya mühitinin arzuolunan səviyyədə olmamasından təəsüflənir:

“Xarici şirkətlərin əvvəllər neft-qaz sektoruna çox rahat şəkildə investisiya qoymaq imkanları var idi. Çünki həmin investisiyalar təminat altına alınırdı, müqavilələr parlamentdə ratifikasiya olunurdu və qanun şəklinə düşürdü”.

Nazim Bəydəmirli bildirib ki, böyük şirkətlər hər hansı ölkəyə investisiya qoymazdan öncə beynəlxalq reytinqlərə baxırlar:

“ Bu parametrlərə görə Azərbaycan qonşularından pis mənada fərqlənir”
“Bura lisenziyaların alınması, biznes dözümsüzlüyü, vergilərin strukturu, müxtəlif texniki şərtlər, infrastuktur şərtləri daxildir. Təəssüf ki, bu parametrlərə görə Azərbaycan qonşularından pis mənada fərqlənir. Bununla belə dövlət başçısı ümumi problemlərdən danışdıqda xaricdə olan sahibkarlara, beynəlxalq şirkətləri ölkəyə dəvət edir. Eyni zamanda, 1992-ci ildə qəbul olunmuş xarici investisiyaların qorunması haqqında qanun var. Hətta qanunla qorunan müəssisələr belə hücumlara məruz qaldı. ”


Nazim Bəydəmirlinin sözlərinə görə, əsas olaraq məmurlara məxsus böyük şirkətlər, holdinglər himayə edilir, kiçik və orta sahibkarlıq isə öz taleyinə buraxılıb:

“Məmur sahibkarlığının yaratdığı monopoliya ...”

“Ona görə rəqabət mühiti, bank resursları əlçatan olmadığından və məmur sahibkarlığının yaratdığı monopoliya ucbatından investisiya mühiti yaxşılaşmır”.
Nazim Bəydəmirli deyir ki, Dünya Bankının “Duinq Biznes” hesabatının Azərbaycanla bağlı biznesə başlamaq hissəsi müsbət qiymətləndirilib:

“Məmur sahibkarlığı aradan qaldırılmalıdır”

“Biznesə başlamaq o deməkdir ki, sahibkar şirkətini dövlət qeydiyyatına aldırıb. Azərbaycanda 2008-ci ildən qeydiyyat çox rahatlaşıb, bir neçə saatda qeydiyyat məəsləsi həll olunur. Bəs bu nəyi dəyişir, çünki sonra həmin biznesin fəaliyyəti üçün lisenziyalar lazımdır. Məmur sahibkarlığı olan ölkədə biznesin təhlükəsizlik şəraitdə fəaliyyət göstərməsi çətindir. Bu məsələlər yalnız daxili yox, xarici medianın da gündəmində olub. Belə olanda xarici sahibkar Azərbaycana gəlmək haqqında düşünməz də. Ona görə də ilk növbədə məmur sahibkarlığı aradan qaldırılmalıdır”.

XS
SM
MD
LG