Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:27

Etirazçılardan Navalnıya işıqlı dəstək


Vladivostokda etirazçılar
Vladivostokda etirazçılar

Navalnının komandası 14 fevral aksiyasını “Sevgi qorxudan güclüdür” devizi ilə keçirirdi

Rusiyada həbsdə olan müxalifətçi Aleksey Navalnının tərəfdarları ona dəstək məqsədilə mobil telefonlarının, fənərlərin işıqlarını yandırıblar.

Navalnının komandası 14 fevral aksiyasını “Sevgi qorxudan güclüdür” devizi ilə keçirirdi. Aksiya Uzaq Şərqdə başlanıb. Sosial mediada yayılmış fotolarda adamlar kiçik qruplarla küçələrə çıxaraq fənər, yaxud şam yandırıb, “Valentin Günü” etirazlarında ürək formasında dayanıblar.

Moskva Dövlət Universitetinin qarşısında isə 20-dən çox etirazçı ürək formasında dayanaraq əllərində fənərlər tutublar.

15 dəqiqə ərzində işıq yandırmaq

Ölkə boyunca aksiyalara neçə nəfərin qatıldığını müəyyənləşdirmək mümkün olmayıb, ancaq saxlananlar barədə də məlumat yoxdur.

Navalnının komandası əhalini axşam saat 8-dən başlayaraq 15 dəqiqə ərzində mobil telefonlarının işıqlarını yandırmağa, evlərindən, binaların həyətlərindən səmaya işıq salmağa çağırmışdı.

Günortadan sonra Moskvada 200-cən qadın Köhnə Arbat küçəsində “Həmrəylik və Sevgi Zənciri” quraraq siyasi səbəblərlə təqib olunan rusiyalı qadınlara dəstək bildiriblər. Sankt Peterburqda oxşar aksiyaya 70-cən etirazçı qatılıb.

Sosial mediada yayılan fotolarda əllərində ağ lent, qırmızı qızılgüllər, şarlar tutan qadınlar görünür. Ürək işarələrinin üzərində isə qadın siyasi məhbusların adları yazılıb. Nümayişçilər “Sevgi qorxudan güclüdür” şüarını da səsləndiriblər.

Təşkilatçıların Facebook-da yazmasına görə, yürüşlər “dinc etirazlarda polis tərəfindən döyülən və işgəncə verilən” qadınlara, həmçinin “gününü məhkəmələrdə, polis avtobuslarına, xüsusi təcridxanalarda keçirən hər bir kəsə” həsr olunub.

Kazanda saxlananlar olub

Etirazlar həm də Navalnının həyat yoldaşı Yuliya Navalnayaya, hüquqşünas Lyubov Sobola, Pussy Riot qrupunu üzvü Mariya Alyoxinaya və saxlanmış digər müxalifətçilərə həsr olunub. Onlar ötən ay Navalnıya dəstək yürüşlərində saxlanıblar.

Navalnaya fevralın 10-da Almaniyaya gedib. Bu haqda açıqlama verilməyib. O, da ərinə dəstək yürüşündə saxlanmışdı.

Tatarıstanın paytaxtı Kazanda isə siyasi repressiyaya qarşı icazəli yürüşdə 9 nəfər saxlanıb. Aksiyanı Yabloko və PARNAZ müxalifət partiyaları təşkil edib. Altı fəal sonradan buraxılın, 3-nə yürüşlər barədə qanunu pozmaq ittihamı irəli sürülüb.

Cəmi 200 nəfərin qatılmasına icazə verilən yürüşdə 500-dən çox adam iştirak edib.

Fevralın 2-də Moskvada məhkəmə Navalnının mənimsəmə işi üzrə daha öncəki şərti cəzasını real həbslə əvəzləyib, ona 2 il 8 ay həbs cəzası kəsib. O, yanvarın 17-də Berlindən qayıdarkən saxlanıb. Almaniyada isə ötən avqustda Sibirdə zəhərlənmədən müalicə olunurdu. Navalnı buna görə Putin və təhlükəsizlik agentlərini ittiham edir. Kreml iddiaları rədd edir.

XS
SM
MD
LG